“Vəziyyət hər an dəyişə bilər” Siyasət

“Vəziyyət hər an dəyişə bilər”

Asif Nərimanlı: “Qarabağda kiçikmiqyaslı eskalasiyanın baş verməsi mümkündür”

“Azərbaycan liderinin Türkiyə prezidenti ilə birlikdə hava limanının açılışında iştirakı Qarabağ müharibəsindən, xüsusilə Şuşa Bəyannaməsinin imzalanmasından sonra Bakı-İrəvan xəttində rəsmiləşən müttəfiqlik münasibətlərindən qaynaqlanır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev də dünyada beşinci belə layihə olan hava limanının açılışında iştirak edir, bununla liderlər hər iki ölkənin həyatında əhəmiyyətli hadisələrdə birlik nümayiş etdirirlər”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi şərhçi Asif Nərimanlı səsləndirib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirib.

-Ərdoğanın Füzuli hava limanının, Əliyev isə Rize-Artvin hava limanının açılışında iştirakı iki qardaş ölkənin münasibətləri ilə yanaşı, bu iki hava limanının strateji əhəmiyyəti və hava limanları üzərindən həyata keçiriləcək mümkün işlərdən də irəli gəlir. Füzuli hava limanının Qarabağ bölgəsi ilə yanaşı, regional və beynəlxalq əhəmiyyəti də var. Çünki Zəngəzur dəhlizinə yaxın ərazidə yerləşən hava limanı bu dəhliz üzərindən daşımaların həyata keçirilməsində də istifadə olunacaq və daşımalar təkcə Azərbaycandan Türkiyəyə yox, Çindən başlamaqla Orta dəhliz üzərindən Avropa bazarına çıxış üzrə həyata keçirilməsi üçün nəzərdə tutulur. İstisna deyil ki, bu daşımalarda, xüsusilə Qara dəniz bölgəsinə çıxışda Rize-Artvin hava limanının imkanlarından da istifadə olunacaq. Bu baxımdan, Əliyevin Rize-Artvin hava limanının açılışında iştirakının həm də Avrasiyanın nəqliyyat şəbəkəsində Bakı və Ankaranın oynadığı roldan qaynaqlanır, belə demək mümkünsə, Azərbaycan və Türkiyə ev tapşırığını qüsursuz yerinə yetirməklə qlobal nəqliyyat şəbəkəsində paylarını artırırlar. Təbii ki, Azrbaycan prezidentinin səfəri eyni zamanda siyasi məsləhətləşmələr zərurətindən də qaynaqlanırdı, Ərdoğanla təkbətək görüşdə həm regional, həm də beynəlxalq məsələlər üzrə müzakirələrin aparıldığı, bir növ “saatların yoxlanıldığını” deyə bilərik.

- Liderlər indiki məqamda nələri müzakirə edə bilərlər və buna zərurət yaradan səbəblər nə ola bilər?

- Beynəlxalq vəziyyətdə əsas məsələ Ukraynadır və müharibənin davam etməsi, qeyri-müəyyənlik mərhələsinə keçməsi Bakı və Ankaranı atılacaq addımları şərait uyğun eyniləşdirməsi zərurəti yaradır. Azərbaycan və Türkiyənin gündəliyində geosiyasi proseslərlə bağlı birdən çox mümkün məsələ ola bilər.

Birincisi, Ukrayna-Rusiya danışıqlarında vasitəçilik məsələsidir. Tərəflər İstanbulda razılaşmaya yaxın idi və bu proses Ərdoğanla Əliyevin birgə səylərini nəticəsi idi. Danışıqlar baş tutmasa da, Türkiyə məsələnin həllində maraqlı və vasitəçi tərəf kimi çıxış etməyə davam edir. İstisna deyil ki, İlham Əliyev də bu prosesdə Ərdoğana dəstək verir və tərəflər Kiyev və Moskva arasında yeni masanın qurulması imkanlarından danışa bilərlər.

İkincisi, Avropanın Rusiya enerji resurslarının idxalını azaltması fonunda Bakı və Ankaranın bazarda payının artırılması imkanları müzakirə edilə bilər.

Üçüncüsü, Türk Dövlətləri Təşkilatının perspektivləridir. Bu, həm də Qazaxıstan hadisələri, ardınca Rusiyanın Ukraynaya hücumundan sonra Mərkəzi Asiyada yaranmış risklərdən qaynaqlanır. Bu bölgə Orta dəhliz marşrutunun əsas xəttidir və qeyd etdiyimiz daşımaların həyata keçirilməsi bölgədəki sabitlikdən asılı olacaq.

Dördüncüsü, Qərb-Rusiya qarşıdurması dərinləşdikcə digər ölkələr kimi, Azərbaycan və Türkiyəyə də seçim etmək tələbi artacaq və tərəflər bu situasiyada riskləri, imkanları, atılacaq addımları nəzərdən keçirə bilərlər.

Bununla yanaşı, regional, xüsusilə Qarabağ məsələsi, Azərbaycan-Ermənistan sülh sazişi əsas mövzular arasındadır. Brüsseldə Azərbaycan və Ermənistan “ikitərəfli format” üzrə danışıqlara razılaşdı və bu, Rusiyanın maraqlarına uyğun deyil. Moskvanın açıqlamaları, atdığı adımlar da Qərbin vasitəçiliyinin qarşısını almaqla yanaşı, Rusiyanın aktiv iştirakçısı olduğu üçtərəfli formatın saxlanılması yönündədir. Bunun üçün tərəflərə, xüsusilə ikitərəfli formata əsaslanaraq, sülh sazişinin mümkün qədər tez imzalanmasına çalışan Bakıya təzyiqlərin edildiyi, yaxud qarşıdakı dövrdə ediləcəyi gözləniləndir. Azərbaycan prezidenti belə bir məqamda Türkiyəyə səfər etməklə üçüncü tərəflərə ünvanlanan “Bakı-Ankara birlikdədir” mesajını yeniləyir. Bununla yanaşı, proseslərin inkişafına uyğun atılacaq addımların Türkiyə lideri ilə müzakirəsi zərurətindən qaynaqlanır.

- Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komisiyanın ilk iclası Moskvada keçirilir. Bu, prosesin tezliklə başa çatması gözləntisi yaradırmı?

- İlk iclasın keçirilməsi prosesin başlanğıc nöqtəsidir, indiyə qədər yalnız kağız üzərində razılaşmalar var idi, indi isə ilk addım atılır. Lakin Ermənistan tərəfinin bəyanatları müzakirələrin asan olmayacağından xəbər verir. Rəsmi İrəvan “güzgü prinsipi”nin tətbiqini, yəni Azərbaycan Ordusunun faktiki çıxdığı sərhəd xəttindən geri çəkilməsini tələb edir, eyni zamanda, prosesin SSRİ dağılanda mövcud sərhəd xətləri üzrə aparılmasını istəyir. Bu da prosesin uzanacağı gözləntisini artırır.

- Sərhəd üzrə SSRİ dövrünün xəritələrindən bəhs edilir, hansı xəritələr əsas götürülə bilər?

- Sərhədin müəyyənləşməsində diktə edən tərəf Azərbaycandır və rəsmi Bakı Kərki kəndi və Qazaxın 7 kəndinin də qaytarılmasını istəyir. Hərçənd, bu bölgələr 90-cı illərdə işğal edilib, bu baxımdan, müxtəlif dövrün xəritələri bu ərazilərin qaytarılmasına imkan yarada bilər. Prezident İlham Əliyevin ADA-da keçirilən konfransda çıxışı Azərbaycanın 1918-ci il də daxil olmaqla SSRİ dağılana qədər olan bütü xəritələr üzrə müzakirə etmək niyyətindən xəbər verir. Əliyev elan etdi ki, “biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər”. Və əlavə etdi ki, “əlbəttə, bu, bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq”.

Sərhədin delimitasiyası Rusiyadakı xəritələr əsasında aparılacaq və bu xəritələr SSRİ-nin yaranmasından – 1922-ci ildən başlayır, lakin Əliyevin “1918-ci ildən, hətta ondan əvvəlki dövrün xəritələrini” əsas götürməsi iki məqamı önə çıxarır:

Birincisi, hədəf manevridir. Bakı danışıqlarda Zəngəzuru, İravanı da masaya gətirməklə hədəfi böyüdür və bu, istəyini almağa hesablanmış gediş ola bilər.

İkincisi və ən əsası 1929-cu ilə qədər verilən ərazilərin alınmasıdır: Prezidentin də dediyi kimi, Zəngəzur Ermənistana veriləndə hazırda mövcud olduğu 42 kilometrlik sahədən daha ensiz idi, sonradan ermənilər bu ərazini 42 kilometrə qədər genişləndirdilər.

SSRİ yarandıqdan sonra, xüsusilə 1926-29-cu illərdə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin torpaq sahələrinin bir hissəsi Ermənistana “pay” kimi verildi, o cümlədən, 1929-cu ilə qədər Zəngilan rayonunun tərkibində olan Nüvədi kəndi, ümumilikdə Mehri də bu ad altında ermənilərə hədiyyə olundu. Əliyev də bilir ki, masadakı xəritələr SSRİ-nin yaranmasından sonrakı dövrü əhatə edəcək, lakin məhz 1918-ci ilin xəritəsini gündəmə gətirməklə Zəngəzurun Ermənistana verildiyi və sonrakı dövrdə genişləndirilməsinin müqayisəsini önə sürməyi planlaşdırır. Mehrinin qaytarılması real siyasi vəziyyət, xüsusilə Rusiya və İranın istəyi fonunda çətin görünə bilər, amma Nüvədi kəndi və Naxçıvanın ərazilərini qaytarmaq imkanı daha real ola bilər. Təbii ki, nəticələr işçi qrupunun müzakirələrindən asılıdır, amma rəsmi Bakı Bu, 1926-29-cu illərdə Ermənistana “pay” edilən ərazilərin geri qaytarılmasını ən azı nəzəri baxımdan irəli sürür.

Ermənistan tərəfinini açıqlamaları isə heç anklavların qaytarılmayacağı yönündədir. Fikrimcə, Kərki və Qazaxın kəndləri ən aktual məsələlərdəndir və istisna deyil ki, Azərbaycan buna nail olmaqla üçün təkcə diplomatik yollardan istifadə etməyə də bilər.

- Qarabağda, ümumilikdə bölgədə proseslərin inkişafı hansı yöndədir, sülh, yoxsa yeni eskalasiya?

- Brüssel razılaşması və verilən açıqlamalar ilk dəfə az da olsa irəliyə doğru praktiki addımların atıldığını göstərir. Lakin vəziyyət hər an dəyişə bilər, xüsusilə Ermənistanın öz maraqlarına nail olmaq üçün bir-birinə zidd mövqelər sərgiləməsi fonunda. Bu baxımdan, Qarabağda da, sərhəddə də kiçikmiqyaslı eskalasiyanın baş verməsi mümkündür. Qarabağda separatçı-terrorçuların qalıqlarının yeni reallığa əməl etməməsi, Rusiyaya arxalanaraq, separat fəaliyyətini genişləndirməsi bunu zəruri edir. Sərhəddə isə rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi gərginliyə gətirə bilər. Belə vəziyyət müəyyən mənada Paşinyan hakimiyyətinə daxili auditoriyada “razı olmasaq, yeni müharibə ola bilər” tezisini təqdim etmək baxımından da sərfəli görünür.

Əli Zülfüqaroğlu