"Alternativ düşüncəyə sahib liderlərlə fikir mübadiləsi aparılması siyasi çoxfikirliliyin inkişafını təşviq edir"-İlyas Hüseynov Siyasət

"Alternativ düşüncəyə sahib liderlərlə fikir mübadiləsi aparılması siyasi çoxfikirliliyin inkişafını təşviq edir"-İlyas Hüseynov

"Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfrans hazırki durumda mühüm əhəmiyyətə malikdir. Çünki konfransda yeni geosiyasi reallıqlar kontekstində Türkiyə-Azərbaycan münasibətləri, Şuşa bəyannaməsindən irəli gələn maddələrin icrası və regional sülhün gücləndirilməsi perspektivləri əsas müzakirə mövzuları idi". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Eskper əlavə edib ki, Azərbaycan xalqının milli qurtuluş günündə imzalanan Şuşa bəyannaməsi 1 millət, 2 dövləti daha da sıx birləşdirir və xalqların rifahının yüksəldilməsinə xidmət edir: "Xüsusilə qeyd etmək lazımdır ki, siyasi partiyaların Şuşada keçirilən beynəlxalq konfransda – dövlət tədbirində iştirakı Azərbaycanda siyasi partiyalararası dialoq mühitinin inkişafında stimullaşdırıcı rola malikdir. Bununla siyasi partiyaların cəmiyyətdəki rolu daha da artır və iqtidar-müxalifət dialoqu genişlənir. Yeni reallıqlar şəraitində ölkədə siyasi təmasların davam etdirilməsi, görüşlərin keçirilməsi və qələbəmizin rəmzi hesab olunan Şuşada şəhərində beynəlxalq konfransda iqtidarla birlikdə alternativ düşüncəyə sahib liderlərlə fikir mübadiləsi aparılması siyasi çoxfikirliliyin inkişafını təşviq edir.
Qeyd edək ki, Vətən müharibəsində əksər siyasi partiyalar Ali Baş Komandan, cənab Prezident İlham Əliyevi dəstəklədilər və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin qorunmasının tərəfdarı kimi çıxış etdilər. Postmünaqişə dövründə bu birliyin və həmrəyliyin qorunması və genişləndirilməsi lazımdır. Məhz bu səbəbdən siyasi partiyalar ölkəmizin və regionun təhlükəsizlik arxitekturasında böyük rola malik Şuşa Bəyannaməsini və Şuşada keçirilən konfransı yüksək qiymətləndirirlər.
Digər tərəfdən, Türkiyənin Ədalət və İnkişaf və Milliyyətçi Hərəkat partiyalarının konfransda iştirakı Türkiyə ilə Azərbaycanın siyasi partiyaları arasında əlaqələrin inkişafına müsbət töhfə verəcək. Çünki 2 qardaş ölkə arasında siyasi birliyin daha gücləndirilməsi və dayanıqlı əsaslarda inkişaf etdirilməsi hazırda prioritet vəzifədir. Türkiyənin siyasi dialoq sahəsində böyük təcrübəsi var və milli təhlükəsizliklə bağlı məsələlərdə hər zaman örnək addımlar atılır. Bu təcrübənin metodologiyasının ölkəmizdə öyrənilməsi və tətbiqi siyasi konfiqurasiyanın daha da təkmilləşdiriməsinə xidmət edəcək".

Əli Zülfüqaroğlu