Şavkat Mirziyoyev: Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb Siyasət

Şavkat Mirziyoyev: Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb

Son illərdə Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Bunu Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində çıxışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

Özbəkistan Prezidenti bildirib:

- Son illərdə bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb, konkret məzmun kəsb edib. Hörmətli İlham Heydər oğlu, Sizə, xüsusən ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli möhkəmlənməsinə şəxsi diqqətinizə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, Sizin dövlət səfəriniz qarşılıqlı faydalı əlaqələrimizin daha da inkişafına yeni güclü təkan verəcək.

Əziz dostlar, bu gün Azərbaycanın Ümummilli Liderinin xoş adını xatırlayaraq, böyük özbək şairi Həmid Alimcanın sözlərini sitat gətirmək istəyirəm: “İnsanın xatirəsi yaşadıqca, o da yaşayır”. Əminəm ki, bu sözlər həm Özbəkistanda, həm də Azərbaycanda qəbul edilir. Əminəm ki, dahi insana və vətənpərvərə, qurucu şəxsiyyətə, bu gün həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin örnək hesab etdiyi Heydər Əlirza oğlu Əliyevə həsr edilmiş bu memorial kompleks ölkələrimizin və xalqlarımızın sarsılmaz dostluğunun parlaq simvolu olacaq, bizim doğma Özbəkistanın sakinləri və qonaqları üçün ziyarətgaha çevriləcək. Bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Biz bu səfərə çoxdan hazırlaşırdıq. Obyektiv səbəblər olub, pandemiya olub. Demək istəyirəm ki, İlham Heydər oğlu pandemiyadan sonra ilk rəsmi səfərini məhz Özbəkistana edir. Bu, çox rəmzi məna daşıyır. Bir daha demək istəyirəm: “Özbəkistana xoş gəlmisiniz”.