"Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin qarantıdır" Siyasət

"Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin qarantıdır"

«Dünya iqtisadiyyatında cərəyan edən proseslərin ümumi təhlili göstərir ki, son illər dövlətləri narahat edən, onların qarşısında təhdid kimi duran məsələlərdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu, təhdidləri yaradan bir sıra amillər var. Son bir neçə ildə koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı çətinliklər aqrar sahədən də yan ötüşməyib. Həm məhsulun istehsalında, daşınmasında, həm də logistika baxımından bir çox çətinliklər yaradıb. Bununla əlaqədar bir sıra dövlətlər ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər və qadağalar qoyublar. Digər tsəbəblərdən biri də regionda baş verən konfliktlərlə bağlıdır.»
Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov mətbuata açıqlamasında bildirib.
A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ərzaq və qida təhlükəsizliyi mövzusunda bir sıra məsələlərə aydınlıq gətirdi: «Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.»
Deputat diqqətə çatdırıb ki, etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Azərbaycanın bir çox əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin etməsi bu çətinliklərin ölkəmizdən yan keçməsinə kömək edəcək. Qeyd edək ki, bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Ölkəmizdə taxıl istehsalı tələbatın 62 faizini təşkil edir. Bu rəqəmin ən azı 80 faizə çatdırılması qarşıya məqsəd qoyulub. Aparılan qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə taxılçılığın və heyvandarlığın inkişaf etdirilməsi ilə bu göstəricilər artacaq.
Cavid