XİN-dən açıqlama Siyasət

XİN-dən açıqlama

Hikmət Hacıyev:"İtaliyada keçirilən beynəlxalq sərgidə Dağlıq Qarabağdakı qondarma rejimin guşə yaratmasının qarşısı alınıb"




"İtaliyanın Rimini şəhərində keçirilən beynəlxalq turizm sərgisində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansı bir formada ayrıca guşə ilə iştirak etməsinin qarşısını almaq üçün ölkəmizin İtaliyadakı Səfirliyi tərəfindən əvvəlcədən zəruri tədbirlər görülüb".

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bütün imkanlardan məhrum olan Ermənistan tərəfi sərgidə ölkəsinə aid olan guşədə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə bağlı bir sıra broşurlar nümayiş etdirməklə kifayətlənib: "Səfirlik Ermənistanın turizm sərgisini siyasi təxribat obyektinə çevirmək məqsədi daşıyan bu kimi cəhdlərinin də qarşısının alınması istiqamətində İtaliyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı qismində çıxış edən şirkətlərlə təmaslarını davam etdirir. Ermənistanın beynəlxalq turizm sərgisini belə siyasi təxribat obyektinə çevirməsi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimi təbliğ etməsi və hətta bu əraziləri Ermənistan ərazisi kimi təqdim etməsi cəhdləri bir daha onu göstərir ki, rəsmi Yerevanın danışıqlarda iştirakı yalnız imitasiyadır, Ermənistanın əsl məqsədi işğal və təcavüzə əsaslanan mövcud status-kvonu saxlamaq, işğal edilmiş əraziləri ilhaq etmək və bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə maneə olmaqdır".
Qeyd edək ki, oktyabrın 8-də başlayan sərgi ayın 10-da başa çatacaq.