“Rusiya öz təsir gücünü qoruyub saxlamaq üçün həm MDB, həmçinin KTMT çərçivəsində aktiv fəaliyyət göstərir” Siyasət

“Rusiya öz təsir gücünü qoruyub saxlamaq üçün həm MDB, həmçinin KTMT çərçivəsində aktiv fəaliyyət göstərir”

Tural Əliyev: "Bu təşkilatın gələcəkdə güc kimi necə çıxış etməyi birbaşa Rusiyanın durumundan asılıdır"

"SSRİ dağıldıqdan sonra Rusiya öz təsir gücünü qoruyub saxlamaq üçün həm MDB, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində aktiv fəaliyyət göstərir". Bunu politoloq Tural Əliyev bildirib: "Əvvəlcə KTMT-in yaranma səbəblərini bildirmək istərdim. Yarandığı gündən KTMT-in və onun əsas himayədarı olan Rusiyanın məqsədi Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsindəki regional təhlükəsizlik siyasətinin əsasında bölgə ölkələrini hərbi-təhlükəsizlik sahəsində NATO və Qərbin təsirindən qorumaq, onları vahid hərbi-strateji çətir altında saxlamaqdan ibarətdir. SSRİ zamanı NATO-ya alternativ Varşava Müqaviləsi Təşkilatı idi, gördüyünüz kimi SSRİ dağıldıqdan sonra Rusiya varis rolunu oynaraq regionda Qərbin və NATO-nun təsirini azaltmaq üçün KTMT-ni yaratdı. Yarandığı gündən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldavaya üzvlük üçün KTMT dəfələrlə müraciət edib. Rəsmi Moskva bu hərbi blokun Cənubi Qafqazda təsir gücünü artırmaq üçün bütün səylərini artırır. Təbii ki, Rusiya Xəzər-Qara dəniz hövzəsində təhlükəsizliyin qorunmasında birbaşa təminatçı rolunda çıxış etmək istəyir. Digər tərəfədən isə Qərbin bölgədə genişlənməsinin qarşısın hər vəchlə almaq, NATO-nun əvvəlki sərhədlərində saxlamaq marağı güdür. Ukraynada gedən proseslər buna bariz misaldır. Aydındır ki, Ukraynada adi hakimiyyət dəyişikliyi deyildi, bu Rusiya və Qərb qarşıdurması idi". O. əlavə edib ki, rəsmi Moskva yaxşı anlayır ki, Ukraynada proses Avropa Birliyi ilə müqavilə ilə bitməyəcək: "Bu sadəcə başlanğıcdır. Məqsəd NATO-nun sərhədlərini Ukraynaya qədər uzatmaq, Rusiya isə Qərbin bu qədər "yaxınlığını" qəbul etmək istəmir. Azərbaycanın KTMT-yə üzvlük məsələsində mövqeyi çox dəqiqdir. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, rəsmi Bakı heç bir hərbi-siyasi bloka qoşulmur. Lavrovun bəyanatını bir neçə aspektdən izah etmək olar. Birincisi, Lavrov bu bəyanatı ilə Rusiyanın mövqeyini ortaya qoyur. MDB və Xəzər – Qara dəniz hövzəsində Rusiyanın təsir gücünün olduğunu bəyan edir. Həmçinin mesaj verir ki, bu regionda Rusiyanın iştirakı olmadan heç bir beynəlxaq və regional məsələ həll oluna bilməz. Ancaq xatırladıq ki, Rusiyanın prioritet hesab etdiyi regionda münaqaşilər mövcuddur. Bu konfliktlərin bəziləri dondurulmuş, bəziləri aktivdir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlıdır və ərazi bütövlüyünün bərpa olunmasında aktiv fəaliyyət göstərir". O. əlavə edib ki, bu münaqişədə Rusiyanın iştirakı çox vacibdir: "Rusiya həmçinin Minsk qrupunun həmsədridir. Cənubi Qafqazdan yeganə KTMT-yə üzv olan Ermənistandır. Qəribə mənzərə yaranır, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Azərbaycan əvvələcədən bəyan etdiyi kimi, balanslaşdırılmış siyasət aparır. Hərbi təcavüzə məruz qalan bir dövlət kimi heç bir hərbi-siyasi bloka qoşulmamalıdır. İkincisi Azərbaycan ayrı –ayrı dövlətlərlə hərbi əməkdaşlıq edir. Azərbaycan hərbi bloklara qoşulmamaqla heç kəsin diktəsin qəbul etmək istəmir. Azərbaycan NATO-nun sülh naminə proqramlarında iştirak edir. Bu təşkilat hələ ki, perspektiv baxımından o qədər də güclü təəssürat yaratmır. Hələ ki, bu təşkilat regional baxımından zəif təsir bağışlayır. Bu təşkilatın gələcəkdə güc kimi necə çıxış etməyi birbaşa Rusiyanın durumundan asılıdır".

Əli