“Azərbaycan Zəngəzur dəhlizinin açılmasını təmin edə bilər” Siyasət

“Azərbaycan Zəngəzur dəhlizinin açılmasını təmin edə bilər”

“Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərliy elanı NATO-ya müharibə elan etməkdir”. “Xalq Cəbhəsi” xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Rusiya prezidentinin qismən səfərbərlik elan etsə də, amma, bir aydır ki, Rusiyada ehtiyatda olan hərbiçilər orduya çağırılırdı: “İş o yerə gəlmişdi ki, cəzaçəkmə müəssisələrində məhkumların orduya cəlb edilməsinə başlanılıb. Rusiya prezidenti gizli aparılan səfərbərliyi rəsmi olaraq qismən səfərbərliyi elan etdi. Çünki, Ukrayna ordusunun əks-hücumları nəticəsində Xarkov vilayəti işğaldan azad olundu. Rusiyanın döyüşən briqadaları demək olar ki, Ukraynada sıradan çıxarılıb və ordu döyüşə bilmir.
Ukraynanın yeni hücumları Xerson və Zaparoji istiqamətində olmaqla Donbas və Mariupol istiqamətində intensivləşəcəyi gözlənilir. Əgər, peşəkar hərbiçilər məğlub olubsa, səfərbərliyə çağıranlar döyüşməyəcək və Rusiya ciddi itkilər verəcək”.
Onun sözlərinə görə, göründüyü kimi Rusiya ordusu Ukraynada işğal etdiyi ərazilərdən çıxarılır: “Vladimir Putinin səfərbərlik elan etməsi, daxili siyasi sistemdə problemlərə yol açacaq. Ordunun döyüşə bilməməsi və məğlub olması fonunda ordu rəhbərliyi digər güc strukturları qarşısında zəifləyəcək. Və hakimiyyət uğrunda daxili mübarizədə ordu kənara çəkiləcək.
Putin Xerson və Zaparojidə qondarma referendum keçirib bu əraziləri Rusiyaya birləşirməyi planlaşdırır. Bununla da Ukraynanın əks-hücumlarını Rusiya ərazisinə hücum kimi qiymətləndirəcək. Bu barədə Putin Qərbə xüsusilə NATO-ya müharibə elan etdi. Putin Rusiyaya hücuma məruz qalarsa ənənəvi şantajını -nüvə silahına əl atcağını vurğuladı. Bu, Vladimir Putinin ordusunun məğlub olmasını və zəiflədiyinin göstəricisidir. Putin özünü sığortalamaq üçün müdafiə naziri Şoyqunu və Baş Qərargah rəisi Gerasimovu vəzifədən azad edəcəyi mümkündür.
Kollektiv Qərb Rusiyaya yeni sanksiyalar tətbiq edərək, Ukraynaya hücum silahları və ballistik raketlərlə təmin edəcək. Yeni hücum Krım və Donbası uğrunda gedəcəyi istisna deyil.
Geopolitik toqquşma yeni müstəviyə daxil olur. Rusiya Ukraynadan çıxarılandan sonra Cənubi Qafqaz, Moldova və Mərkəzi Asiyadan da çıxarılacaq.
Rusiyanin Cənubi Qafqazda mövqelərinin zəifləməsi Gürcüstanın Cənubi Osetiya və Abxaziyaya yeni hərbi əməliyyatlar başlamasına gətirə bilər.
Azərbaycan Ermənistan üzərində hərbi qələbəni davam etdirib, Zəngəzur dəhlizinin açılmasını təmin edə bilər”.