Avstriya mətbuatı Ermənistan hakimiyyətində anti-Rusiya isterikası barədə məqalə dərc edib Siyasət

Avstriya mətbuatı Ermənistan hakimiyyətində anti-Rusiya isterikası barədə məqalə dərc edib

Avstriyanın dasfazit.at onlayn qəzetində Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının tribunasından çıxışı barədə "Paşinyandan uçuruma doğru növbəti addım" adlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Paşinyan çıxışı zamanı daha çox Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri zamanı diqqət çəkdiyi delimitasiya xəritələri barədə səsləndirdiyi fikirlərin üzərində dayanıb.

Prezident İlham Əliyevin çıxışında Azərbaycan ordusunun Ermənistan ərazisinə guya daxil olması ittihamını qətiyyətlə təkzib etməsi, dövlət başçısının "əgər sərhəd onların dediyi yerdə idisə, sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar" sözləri, eləcə də 20-ci əsrin xəritələrinə müraciət etməsi Paşinyanın BMT-dəki çıxışında da sezilən ciddi narahatlığa səbəb olub.

Vurğulanır ki, Paşinyanın xəritələrlə bağlı səsləndirdiyi fikirlər onu düşünməyə əsas verir ki, Ermənistan baş naziri delimitasiyanın müstəqillik dövrünə aid xəritələrlə aparılmasında, tarixi xəritələrə, sənədlərə müraciət olunmamasında maraqlıdır. Belə ki, daha əvvəlki xəritələr erməni tərəfinin siyasi iştahları ilə tamamilə ziddir.

Məqalədə bildirilir ki, Azərbaycan tərəfinin delimitasiya xəritələri ilə bağlı dəqiq arqumentlərinin diqqətə alınmaması bu prosesin Ermənistan tərəfindən daha da uzadılmasına yol açacaq.

Materialda, həmçinin qeyd olunur ki, Paşinyanın Şərq İqtisadi Forumunda çıxışı zamanı səsləndirdiyi Cənubi Qafqazda gərginlik yaşana biləcəyi barədə bəyanatları erməni tərəfinin dövlət sərhədində atəşkəsin intensiv şəkildə pozması ilə müşayiət olunurdu. Məqalədə əminliklə vurğulanır ki, Paşinyan oxşar ssenariyə yenidən əl ata bilər. Bir sözlə, o, Vladivostokda olduğu kimi, Nyu-Yorkda da hərbi gərginlik mesajı verir və hərbi gərginlik mesajı fonunda atəşkəs demək olar ki, hər gün pozulmaqdadır. Bununla da Azərbaycanı cavab tədbiri görməyə təhrik edərək və Bakını “təcavüzkar” kimi göstərərək qərbli havadarlarının diqqətini bölgəyə çəkmək, bu yolla ölkəmizə qarşı beynəlxalq təzyiqləri artırmaq niyyəti güdür.

Məqalədə həm də Paşinyanın KTMT blokunun mövqeyi ilə bağlı narazılığı vurğulanır. Belə ki, blok Ermənistanın arzusuna zidd olraq sərhədə yalnız missiya göndərməklə kifayətləndi. Qeyd olunur ki, Ermənistan əsas təqsirkar olaraq Rusiyanı görür. Bu məsələnin "erməni cəmiyyətində suallar doğurduğu" və etirazçıların rəsmi İrəvandan KTMT-dan çıxmasını tələb etməsi barədə bəyanatları ilə Paşinyan KTMT ilə bağlı öz mövqeyindən daha çox cəmiyyətin mövqeyini önə çıxarır, hərbi blokun tərk edilməsi barədə çağırışların sosial sifariş olduğunu göstərməyə çalışır.

Materialda bildirilir ki, Paşinyan BMT-də müttəfiqləri ilə bağlı səsləndirdiyi fikirlərlə, birmənalı olaraq, Rusiyanın qurduğu hərbi və siyasi təhsisatlara nə komandasının, nə də erməni cəmiyyətinin inanmadığını, artıq Ermənistanın üzünü Qərbə çevirdiyini etiraf etmiş oldu. Bəs, Ermənistan hansı hərbi, iqtisadi və siyasi resursuna güvənərək ölkənin əzəli sahibinə qarşı çıxır? Çox ehtimal ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin verdiyi hərbi, siyasi və iqtisadi yardım vədləri, sərhəd gərginliyi zamanı Avropanın mərkəzindən verilən bir-iki standart dəstək bəyanatı Paşinyanı BMT-də belə bir alovlu çıxışa sövq edib.

Eyni zamanda, məqalədə vurğulanır ki, Ermənistan həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan Moskvadan asılı dövlətdir və bu cür anti-Rusiya isterikası intihar cəhdindən başqa bir şey deyil. Bölgədə təkləndiyi bir zamanda Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi, həmçinin, delimitasiya prosesindən, Zəngəzur dəhlizinin inşasından imitana etməsi isə ümumilikdə Ermənistan dövləti və xalqı üçün uğurlu heç nə vəd etmir.