“Heydər Əliyev təhdidləri aradan qaldırmaq üçün kompleks yanaşma tətbiq etdi” Siyasət

“Heydər Əliyev təhdidləri aradan qaldırmaq üçün kompleks yanaşma tətbiq etdi”

“Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin ilk illərində qarşıda dayanan təhdidləri aradan qaldırmaq və çağırışlara adekvat cavab vermək üçün bir çox fərqli istiqamətləri əhatə edən kompleks yanaşma tətbiq etdi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib: “İlk növbədə, ölkədə ictimai asayişin və qayda-qanunun bərpasına yönəlmiş tədbirlər görüldü. Bir neçə dövlət çevrilişi cəhdinin qarşısı alındı. Bir sözlə, ölkədə sabitlik təmin edildi. Amma bir cümlə ilə ifadə etdiyimiz sabitliyin təmin olunması məsələsi ağır zəhmət və çətin mübarizə hesabına başa gəlmişdi. İctimai asayişin və sabitliyin təmin edilməsi ilə yanaşı, Ermənistanın işğalçı siyasətinə qarşı mübarizədə peşəkar ordu quruculuğu və xüsusən də silahlı qüvvələrimizdə vahid komandanlığın yaradılması əsas prioritetlərdən biri idi. Ümummilli Lider bu son dərəcə mühüm vəzifənin də öhdəsindən gəldi”.