“Yeganə hədəfimiz Bakı-Tiflis-Qars deyil” Siyasət

“Yeganə hədəfimiz Bakı-Tiflis-Qars deyil”

Mövlud Çavuşoğlu: "Hər mövzuda Azərbaycanın yanındayıq"

Dünən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elmar Məmmədyarov Azərbaycan rəsmilərinin ilk rəsmi səfərlərini Ankaraya, Türkiyə rəsmilərinin isə Bakıya etməsinin xoş bir ənənə olduğunu diqqətə çatdırıb. Nazir iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin və bütün sahələrdə nümunəvi tərəfdaşlıq münasibətlərinin mövcudluğunun məmnunluq doğurduğunu qeyd edib. Strateji səviyyədə inkişaf edən tərəfdaşlığın bariz nümunəsi kimi Azərbaycan və Türkiyənin qlobal əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imza atdıqlarını deyən Elmar Məmmədyarov tezliklə fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin bu sıradan növbəti uğurlu təşəbbüslərdən biri olduğunu deyib.
Cənubi Qafqaz regionundakı vəziyyətə toxunan Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin rəsmi İrəvanın işğalçı və qeyri-konstruktiv mövqeyinə görə həll edilmədiyini və bunun regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu nəzərə çatdırıb. Münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib. O, ATƏT-in Minsk Qrupunun həmsədrləri adından Rusiyanın münaqişənin həlli ilə əlaqədar təklifləri Ermənistana təqdim etdiyini söyləyib.
Mevlut Çavuşoğlu xarici işlər naziri statusunda ilk rəsmi səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu bildirib. 16 noyabr tarixində Antalyada keçirilmiş G-20 toplantısında Azərbaycanın iştirakı və aparılan müzakirələrə töhfəsinin Türkiyə tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Ermənistan-Azərbaycan münaqişəsi və digər məsələlərdə Türkiyənin daim Azərbaycanın yanında olduğunu qeyd edib.
Mevlüt Çavuşoğlu üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-İran-Türkiyə formatının regional əməkdaşlığın inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb.
Terrorizmə qarşı mübarizənin bütün dünya üçün bəla olduğunu deyən Mevlüt Çavuşoğlu bu sahədə ikitərəfli təmasların daha da artırılmasının vacibliyini bildirib.
Regionun nəqliyyat infrastrukturunun inkişafında mühüm rola malik olan BTQ dəmir-yol xəttinin tezliklə fəaliyyətə başlayacağına əminliyini ifadə edib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdən sonra hər iki nazir mətbuata açıqlamalarla çıxış ediblər.
Elmar Məmmədyarov Azərbaycanın Türkiyə ilə enerji məsələlərində eyni mövqedə olduğunu bildirib.
Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inşasının uğurla həyata keçirildiyini deyən Elmar Məmmədyarov ilin sonunadək 3 ölkənin xarici işlər nazirlərinin görüşünün təşkili barədə razılığın əldə olunduğunu qeyd edib: "İqlim şəraiti yaxşı olsa, tikinti aparılan yerə də gedəcəyik. İnanırıq ki, çox önəmli olan bu dəmir yolu xətti bu il olmasa da, gələn il fəaliyyətə başlayacaq. Əminəm ki, bu xətt Azərbaycan-Türkiyə əməkdaşlığını yeni müstəviyə çıxaracaq".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla Türkiyə arasında hər sahədə münasibətlərin mükəmməl səviyyədə olduğunu deyib: "İki ölkənin iştirak etdiyi layihələri müvəffəqiyyətlə icra edirik".
Mövlud Çavuşoğlu bildirib ki, tez bir zamanda Bakı-Tiflis-Qars layihəsi də uğurla həyata keçiriləcək: "Türkiyədə layihəni icra edən şirkətin hüquqi problemi səbəbindən gecikmə oldu. Qısa vaxtda bunu da tamamlayacağıq. Bakı-Tiflis-Qars yeganə hədəfimiz deyil. Çinə qədər olan xətdə Azərbaycan böyük rol oynayacaq. Üçlü əməkdaşlıq mexanizmlərini də uğurla davam etdirəcəyik. Türkiyə-Azərbaycan-Türkmənistan görüşü oktyabrda baş tutmadı, amma 2016-cı ildə baş tutacaq. Bizim hər mövzuda Azərbaycanın yanında olduğumuzu Azərbaycan bilir. Xüsusilə Qarabağ məsələsində və Azərbaycanın işğal olunmuş torpaqları məsələsində Azərbaycanın yanındayıq. Yeni gələn təkliflərin Minsk Qrupunun təklifi kimi rəsmiləşməsini arzu edirik. Biz həmişə bu prosesə konstruktiv şəkildə dəstək veririk. Minsk Qrupunun daha fəal olması üçün konstruktiv şəkildə tənqid edərək bu işə töhfə verməyə çalışırıq".