“Münaqişənin tənzimlənməsi dedikdə, yenilənmiş Madrid prinsiplərinin reallaşması başa düşülür” Siyasət

“Münaqişənin tənzimlənməsi dedikdə, yenilənmiş Madrid prinsiplərinin reallaşması başa düşülür”

Mübariz Əhmədoğlu: " Bu isə Ermənistana sərf etmir"

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. O, deyib ki, atəşkəs rejimi tez-tez pozulur, hərbi insidentlərin sayı artıb. Hərbi insidentlər zamanı son zamanlar daha ağır silahlardan istifadə olunur. ATƏT MQ həmsədrləri, o cümlədən beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi insidentin pozulmasından xüsusi narahatlığını dəfələrlə bildiriblər. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətdə atəşkəs rejiminin tez-tez pozulması ilə xarakterizə olunur: "ATƏT MQ həmsədrləri rəsmi və ya qeyri-rəsmi bu məsələyə münasibət bildiriblər. Eləcə də beynəlxalq ictimaiyyətin əsasını təşkil edən dövlətlərin nümayəndələri də bu məsələyə tez-tez münasibət bildirirlər. Hamını bir sual düşündürür: Atəşkəsin pozulmasının səbəbkarı Azərbaycan, yoxsa Ermənistandır? Böyük əksəriyyət belə fikirləşir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Ermənistan bu torpaqları işğal edib. Dinc tənzimləmənin sürəti Azərbaycanı qane etmir. Ona görə də Azərbaycan atəşkəs rejimini pozmağa, ağır silahlardan istifadə etməyə məcburdur. Amma gərək bunu etməyəydi".
M.Əhmədoğlu qeyd edib ki, heç bir dövlət Azərbaycanın ərazi bütövlüyünü inkar etmir: "Dinc danışıqlar gec-tez öz bəhrəsini verəcək. Belə düşünənlərin əksəriyyətinin fikrincə, Ermənistan istəyinə çatıb, Dağlıq Qarabağa nəzarət edir, hətta Dağlıq Qarabağ ətrafında təhlükəsizlik zonası yaradıb. Ona görə, Ermənistan atəşkəs rejiminin pozulmasında, hərbi intensivliyin artmasında maraqlı ola bilməz. Reallıqda isə bu səhv yanaşmadır. Ermənistan başa düşür ki, bu günə qədər onun əldə etdiklərinin heç bir hüquqi tərtibatı yoxdur. Hal-hazırda Ermənistanın məqsədi hər hansı formada, kiçik məzmunda da olsa bir hüquqi sənəd imzalanmasına nail olmaqdır. Münaqişənin tənzimlənməsi dedikdə, Yenilənmiş Madrid prinsiplərinin reallaşması başa düşülür. Bu Ermənistana sərf etmir. Çünki yenilənmiş Madrid prinsiplərinin fəlsəfəsi Dağlıq Qarabağ ətrafındakı rayonların dərhal, Dağlıq Qarabağın özünün isə tədricən Azərbaycana qaytarılmasından ibarətdir. Ermənistan bu məzmunda sənəd imzalaya bilməz. Amma hər hansı sənəd imzalanmalıdır".
M.Əhmədoğlu sonra vurğulayıb ki, Ermənistanın anlamındakı sənəd indiki status-kvonun hüquqi baxımından tərtib olunmasından ibarətdir: "Ermənistanın fikrincə, bunun üçün Ermənistan və Azərbaycanın qoşunlarının təmas xəttinin hüquqi status alması məsələsi gündəliyə gətirilməlidir. Ermənistan bu məqsədlə strategiya işləyib hazırlayıb. Bu strategiyanın ən əsas addımı qoşunların təmas xəttini təhlükə mənbəyi kimi daimi olaraq gündəlikdə saxlamaqdır. Bunun üçün isə ən yaxşı metod atəşkəs rejiminin tez-tez pozulmasıdır. Çünki belə məlumatlar mətbuatda asanlıqla yayılır. Beynəlxalq ictimaiyyətin nüfuzlu şəxslərinin diqqətinə daha tez çatır. Atəşkəs rejiminin pozulması ilə bağlı məlumatların yayılması və o məlumatlara beynəlxalq ictimaiyyətin həssaslıq nümayiş etdirməsi yalnız Ermənistanın maraqlarına xidmət edir. Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması da Ermənistanın hazırladığı strategiyanın tərkib hissəsidir. Bu vasitə ilə Ermənistan Azərbaycanla Rusiyanı, Azərbaycanla KTMT-ni qarşı-qarşıya qoymaq istəyirdi. Ermənistan-Azərbaycan sərhədində hərbi insidentlərin tədqiqi maraqlı nəticələr ortalığa qoyur: Dövlət sərhədindəki hərbi insidentlər Ermənistanın KTMT daxilindəki aktivliyi, KTMT baş katibinin Ermənistana səfəri, Ermənistanın KTMT PA-ya və KTMT-nin özünə sədrliyi ilə üst-üstə düşür".
Mərkəz rəhbəri bildirib ki, Ermənistanın öz əməllərini gizlətməsi mümkün deyil: "Çünki daha yeni keyfiyyətli arqument ortalığa çıxdı. Azərbaycan ordusunun fəaliyyəti nəticəsində ermənilər ciddi psixoloji sarsıntı keçirmişlər. Hətta Ermənistan ordusunun psixoloqu və mətbuat xidmətinin rəhbərinə mətbuata çıxmaq qadağan edilmişdi. Lakin Rusiya ilə Türkiyənin münasibətləri gərginləşən kimi Ermənistan ordusu yenidən tam "ekipirovkada" özünü göstərdi. Ermənilər qəfləti hücuma keçib Azərbaycan hərbçisini şəhid etdilər, ikisini yaraladılar. Bu atəşkəs rejiminin pozulmasının əsas müəllifinin Ermənistan olduğunu nümayiş etdirən aydın misaldır. ATƏT MQ-nin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və bu iki ölkənin sərhəddindəki hərbi insidentləri, bu insidentlərin tədqiqi mexanizmini daim aktuallaşdırması Ermənistanın strategiyasının digər tərkib hissəsidir. ATƏT MQ tənzimləmə imitasiyası yaratmaqda Ermənistana kömək edəcəyi barədə öhdəliyinə bu günədək sadiqdir".
O, həmçinin əlavə edib ki, S.Sərkisyan konstitusiya islahatlarına gedərkən qarşısına qoyduğu əsas məsələlərdən biri də Dağlıq Qarabağ tənzimlənməsi ətrafında yaranmış vəziyyəti və ya yarana biləcək yeni reallıqları öz maraqları prizmasındanmanipulyasiya etməkdir. Tənzimləmədə vəziyyət erməni xalqına bəlli olacağı təqdirdə, xalq ayağa qalxa bilər. Bu zaman silahlı xalq və ordu S.Sərkisyanı asanlıqla hakimiyyətdən devirə bilər.
Politoloqun sözlərinə görə, bu olmasın deyə ali baş komandan vəzifəsini "yarım ştata" çevirdi: "Dinc dövrdə Ermənistanda ali baş komandan olmayacaq. Müharibə dövründə isə baş komandan isə həmin dövrün reallıqlarına uyğun şəxs təyin oluna bilər. Baş nazir dəyişdirilə, yeni baş nazir təyin edilə bilər və yeni baş nazirə ali baş komandan statusu verilə bilər. Qalan bütün dövrdə Ermənistanın ordusu ilə yalnız müdafiə naziri məşğul ola bilər. Amma S.Sərkisyanın indiki konstitusiya islahatları Dağlıq Qarabağ kontekstini başqa məsələ təşkil edir. S.Sərkisyanın yeni konstitusiyası Dağlıq Qarabağ münaqişəsinin yarandığı vaxtdan bu günə qədər mövcud olmuş prezidentlərin görüşü formatını ləğv etdi".
M.Əhmədoğlu bildirib ki, Ermənistan parlamentli respublikaya çevrilir: "Əsas şəxs baş nazir olacaqdır. Lakin baş nazirin hakimiyyətinin sabitliyini və müddətini ayrı parametrlər müəyənləşdirəcəkdir:
I. Azərbaycan Prezidentinin oyuncaq baş nazirlə Dağlıq Qarabağ danışıqlarına getməsi mümkün deyil.
II. Danışıqların müəyyən həlledici mərhələsində Ermənistan tərəfi baş naziri dəyişə bilər. Beləliklə, Azərbaycan Prezidenti ilə növbəti görüşə ayrı şəxs gələ bilər.
III. Bu gün Dağlıq Qarabağda vəzifədə olan şəxslərdən hər hansı biri bu və ya digər formada baş danışıqçı elan edilə bilər və ya Ermənistanda baş nazir təyin edilə bilər. S.Sərkisyanın əsas məqsədi prezidentlərin görüşü formatını ləğv etməkdir. Çünki danışıqlar prosesi indi onun ziyanına çevrilib. Erməni ekspertlərinin böyük əksəriyyəti, ictimai-siyasi mühiti danışıqların Ermənistanın ziyanına çevrildiyini başa düşürlər. Ona görə, S.Sərkisyan danışıqların əsas formatını ləğv etdi və elə başa düşür ki, beynəlxalq ictimaiyyət onun bu addımını başa düşməyəcək. Günahı həm də Azərbaycanın üzərinə qoyacaq".
Mərkəz rəhbəri qeyd edib ki, Prezident S.Sərkisyanın Ermənistan-Azərbaycan prezidentlərinin görüşü formatını ləğv etməsi ATƏT MQ və beynəlxalq ictimaiyyət üçün SOS siqnalıdır: "Konstitusiya islahatları qüvvəyə minənə qədər ciddi səy göstərməklə Azərbaycan və Ermənistan prezidentlərinin bir və ya iki görüşünü təşkil etmək olar. Ona görə, danışıqlar ciddiləşməli, hərtərəfli sülh sazişi hazırlanıb prezidentlərə imzalatdırılmalıdır".