“Ermənilərə sarsıdıcı zərbə vurulacaq“ Siyasət

“Ermənilərə sarsıdıcı zərbə vurulacaq“

Yaxın günlərdə Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayacaq.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib ki, sessiyada Azərbaycanın haqlı mövqeyi səsləndiriləcək.
Millət vəkilinin sözlərinə görə, sessiyada Azərbaycan nümayəndə heyətinin də çıxışı nəzərdə tutulub: "Düşünürəm ki, məruzəçilər də yalnız və yalnız ədalət prinsipindən irəli gələn məsələlərə müsbət qiymət veriblər. Yəqin ki, bu dəfə də haqq-ədalət öz yerini tutacaq. Çünki ermənilər Azərbaycan ərazilərini işğal ediblər. Ona görə də Ermənistan işğal etdiyi torpaqları əlində saxlamaq üçün bütün imkanlardan istifadə edir".
Rövşən Rzayev qeyd edib ki, Avropada müəyyən qədər haqq-ədalətə qiymət verə bilən deputatlar və qurumlar mövcuddur: "Azərbaycanlı millət vəkili, AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov tərəfindən iki ciddi məsələ qaldırılıb. Artıq bu məsələ ilə bağlı iki məruzə hazırlanıb və həmin məruzəyə AŞPA-nın yanvar sessiyasında baxılacaq. İndi ermənilər bunun qarşısını almaq üçün imkanlarından istifadə etməyə çalışırlar. Amma düşünürəm ki, ermənilər heç nəyə nail ola bilməyəcəklər. Çünki bütün dünya yaxşı bilir ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib və bu günə qədər də işğalçılıq siyasəti davam edir. Təbii ki, Ermənistan Azərbaycan üçün ciddi rəqib deyil və ola da bilməz. İndi Ermənistan uçurumda və iqtisadi böhranda yaşayan ölkədir. Ermənistan müstəqil dövlət deyil. Ermənistanın havadarları bu şəraiti ona yaradırlar".