“Gürcüstanın strateji tərəfdaşı Azərbaycandır” Siyasət

“Gürcüstanın strateji tərəfdaşı Azərbaycandır”

Gürcüstan parlamentinin üzvü, müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Nuqzar Tsiklauri Bunu APA-ya eksklüziv açıqlamasında deyib ki, bir neçə aydır Gürcüstan hakimiyyəti ilə Rusiyanın "Qazprom" şirkəti arasında gizli sövdələşmə gedir və bu barədə əhali məlumatlandırılmır: "Gürcüstanın strateji tərəfdaşı var. Bu, Azərbaycandır".
Deputat bildirib ki, əgər Gürcüstan hökuməti bu addımı atsa, ölkə çox şeyi itirəcək: "İndiyədək görməmişik ki, Azərbaycan Gürcüstana ixrac edilən qazın həcmini azaltsın və yaxud qiymətində dəyişikliklər etsin, danışıqlar nəticəsində qəbul edilən şərtləri dəyişsin", - deyə o qeyd edib.
Tsiklaurinin sözlərinə görə, Gürcüstanın gizli sövdələşmə nəticəsində əmələ gələcək işğalçı tərəfdaşı hər an bağlanacaq müqaviləni poza bilər: "Halbuki Azərbaycan Rusiyadan fərqli olaraq bizə təbii qazı əhəmiyyətli dərəcədə ucuz qiymətə verir. Azərbaycan prezidenti Gürcüstana səfəri zamanı bəyan edib ki, Azərbaycanın kifayət qədər təbii qazı var və nəinki Gürcüstanı, eləcə də Avropanı 100 il müddətində təbii qaz ilə təmin edə bilər. Biz buna inanırıq və Azərbaycana etibar edirik. Əgər Gürcüstan hakimiyyəti sövdələşmə məsələsində geri çəkilməsə, güclü etirazımızla qarşılaşacaq. Çünki biz Cənubi Qafqazda gələcəyimizi qardaş Azərbaycanla qarşılıqlı münasibətlərdə görürük. Energetika naziri Kaxa Kaladzenin "Qazprom"un nümayəndəsi ilə danışıqları şəxsi xarakterlidir. Bu danışıqlar Gürcüstanın milli maraqları ilə uyğun gəlmir".
Xatırıadaq ki, Bdzina İvanaşvili Rusiyanın "Qazprom" və "Lukoyl" şirkətlərinin səhmlərinin bir hissəsinin sahibidir. Böyük Britaniyanın "Guardian" qəzetinin məlumatına görə, İvanaşvilinin əlində "Qazprom" konserninin səhmlərinin bir hissəsi cəmləşib. Sabiq prezident Mixail Saakaşvili isə Bdzina İvanaşvilinin "Qazprom"un fiziki şəxslərdən ibarət səhmdarları arasında ən böyük paya sahib olduğunu deyir.
Qeyd edək ki, "Qazprom" şirkətinin səhmlərinin 21,376 faizi fiziki şəxslərə məxsusdur.