Təbriz bazarının qeydiyyata alınmasının ildönümüdür Güney Azərbaycan

Təbriz bazarının qeydiyyata alınmasının ildönümüdür

Bu gün 1 avqust (10 mordad) Təbrizin tarixi üstüörtülü bazarının qeydiyyata alınmasının ildönümüdür.

Gunaz.tv

Təbrizin tarixi üstüörtülü bazarı 1975-ci ildə rəsmi qoruma altına alınıb, 2008-ci ildə İranın Milli Mədəni İrs Siyahısına, 2010-cu ilin iyul-avqust aylarında isə Ümumdünya İrs Siyahısına daxil edilib.

100 hektar sahəni əhatə edən tarixi bazar dünyanın ən böyük üstüörtülü və kərpicdən ibarət qapalı bazar kompleksidir. Bəzi mənbələrə görə, əsası 4-cü əsrdə qoyulub.

Bazarda irili-xırdalı 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu 5 km-dir. Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara və s. yerləşir.

İqtisadi və memarlıq əhəmiyyətindən əlavə Təbriz bazarı öz sosial fəallığı ilə də məşhurdur. Azərbaycan və müasir İran tarixində baş vermiş bir sıra mühüm tarixi olaylar Təbriz bazarı ilə birbaşa bağlıdır.

Təbriz bazarının bağlanması kütləvi etiraz hesab edilirdi. Təbriz bazarının dayanması bütün zamanlarda hakimiyyətlər üçün böyük təhlükə, üsyan siqnalı hesab olunub.