“Dünya ictimaiyyəti kifayət qədər çətin suallar qarşısındadır” Siyasət

“Dünya ictimaiyyəti kifayət qədər çətin suallar qarşısındadır”

Sahibə Qafarova: "Qarşıdurmalar hər kəsi ciddi narahat edir"

"Hazırda dünya ictimaiyyəti kifayət qədər çətin suallar qarşısındadır". Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində keçirilən sərbəst müzakirələrdə çıxışı zamanı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, bir yandan baş verən qlobal proseslərin iqtisadiyyata vurduğu ağır zərbələr və böhranın fəsadları, digər yandan, siyasi müstəvidə baş verən qarşıdurmalar hər kəsi ciddi narahat edir: "Xüsusilə ötən ilin sonlarına doğru baş verən və hamımızı kədərləndirən qanlı terror hadisələri bir daha bu reallığı sübut etdi ki, heç bir xalq, heç bir dövlət bu kimi mənfi hadisələrdən sığortalanmayıb. Ona görə də əməkdaşlıq, xoşgörü, fərqli dəyərlərə qarşılıqlı hörmət bu gün bəlkə də heç vaxt olmadığı qədər dəyərli və vacibdir. Xüsusilə dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi, bəzi maraqlı qrupların xalqlar arasına ciddi nifaq toxumları səpməyə cəhd etdiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq çox vacibdir. Çünki dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindən biridir".
Azərbaycanlı parlamentari vurğulayıb ki, milli hökumətlər bu məsələlərin həllində diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizmin, dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının, davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər: "Bizim üçün başlıca yol əməkdaşlıqdır. Bir-birimizə hörmət etməklə, qarşılıqlı maraqlarımızın reallaşmasına şərait yaratmaqla əməkdaşlıq etmək, diktə və təzyiqləri bir kənara qoyub, xoş niyyətə əsaslanan əməkdaşlıq bir çox problemin həllinin açarıdır. Qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikası həmişə məhz bu dəyərlərə və bu niyyətə söykənən xarici siyasət kursu həyata keçirir. Çünki Azərbaycanın tarixi və müasir gerçəklikləri bu qənaəti formalaşdırır ki, sülh və barışın, təhlükəsizliyin təmin olunması multikultural dəyərlərin, dini, milli dözümlülüyün mövcud səviyyəsindən birbaşa asılıdır".
S.Qafarovanın sözlərinə görə, Azərbaycan öz təcrübəsində sübut edib ki, tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə və onların ənənələrinə ehtiram sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur: "Bu gün Azərbaycanda istər xristian, istər yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla real bərabər imkanlara və bərabər hüquqlara malikdirlər. Bu gün Azərbaycan həm də mədəniyyətlərarası dialoqun mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır".
2016-cı ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu avropalı parlamentarilərin diqqətinə çatdıran S.Qafarova qeyd edib ki, bu, əlbəttə ki, Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm modelinin dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir: "Bu qərar eyni zamanda, ölkəmizin dünyada sülh və barışa, mədəniyyətlər arasında dialoqa nə qədər əhəmiyyət verdiyini bir daha nümayiş etdirir. Ümidvaram ki, Bakıdan dünyaya verilən bu mesaj lazımi şəkildə qiymətləndiriləcək və ölkəmizin bu təşəbbüsləri adekvat cavabını alacaq. Biz sadəcə sülh və əminamanlığın, təhlükəsizliyin, beynəlxalq hüquqi norma və prinsiplərin, ədalətin sözdə deyil, əməldə də öz əksini tapmasını istəyirik".