“Laçında, Ermənistanla sərhəddə gömrük və dövlət sərhəd xidməti fəaliyyətə başlamalıdır” Siyasət

“Laçında, Ermənistanla sərhəddə gömrük və dövlət sərhəd xidməti fəaliyyətə başlamalıdır”

Qüdrət Həsənquliyev: “Rusiya özünü ləyaqətli dost və qonşu hesab edirsə özündə güc tapıb Azərbaycanın ərazi bütövlüyünün bərpasına mane olmamalı, Azərbaycanın haqq işini dəstəkləməlidır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:

- Qüdrət bəy, Avropa Parlamentinin, bəzi Avropa ölkələrinin, ABŞ dövlət katibinin Laçın - Şuşa yolunda ekoloqların keçirdiyi aksiya ilə əlaqədar Azərbaycan dövlətindən yolun açılmasını tələb etmələrinə və ölkəmizin buna görə təhdid olunmasına münasibətinizi bilmək istərdik.

- İşğalçı Ermənistanı müdafiə etmək istəyən dairələr anlamalıdırlar ki, onların guya Qarabağda yaşayan erməni əhalinin humanitar vəziyyətindən narahat olamları barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil. Əvvəla, yol humanitar fəaliyyət üçün açıqdır.Ordan yalnız hərbi silah-sursatın, minaların və qanunsuz istismar olunan təbii sərvətlərin daşınmasına imkan verilmir. Niyə onları Azərbaycan təbiətinin işğaçı qüvvələr tərəfindən qanunsuz və vəhşicəsinə istismar olunması narahat etmir? Niyə onları Azərbaycanın öz ərazisində - erməni sakinlərin yaşadığı Qarabağda, dövlətin suveren hüquqlarının bərpa olunmaması narahat etmir? Axı,onlar yaxşı bilirlər ki, həmin torpaqlar Ermənistanın işğalının nəticəsi olaraq Azərbaycanın nəzarətindən çıxarılıb. Niyə Ermənistandan tələb olunmur ki, qonşu dövlətin ərazi bütövlüyünü tanısın və qanlı seperatizmi dəstəkləməməsin? Niyə münaqişənin nədən başlamasını unudurlar? Bu riyakarlar fərqində deyil ki, işğalın nəticələri aradan qaldırılmayıb, bir milyon insan ev-eşiyindən didərgin salınıb. Onların çoxu 30 ildən artıqdır ki, ağır bir həyat yaşayırlar. Əgər buna həyat demək mümükünsə. On minlərlə azərbaycanlı ermənilər tərəfindən soyqrım cinayətlərinə məruz qalıb. Niyə onları digər sovet respublikalarındakı seperatçıların taleyi narahat etmir və onlara yardım etmirlər? Bilrsiniz, Qərb riyakarlarına ünvanlanacaq o qədər suallar var ki...

- Ali dəyərləri mənimsəmiş, inkişaf etmiş Qərb cəmiyyəti nədən bizə münasibətdə bu qədər ədalətsiz davranır?

- Səbələr çoxdu. Ən başlıcası bizim müsəlman ölkəsi olmağımızdır. Həm də Qərbdə güclü, siyasi baxımdan fəal ictimai-siyasi xadimləri alıb özlərinə işlətməyi bacaran pullu erməni diasporası var. Bizim müstəqil siyasət yürütməyimiz, Rusiya və Türkiyə ilə dostluq və əməkdaşlıq münasibətlərimiz də onları qıcıqlandırır. Ona görə bizə təzyiq edirlər. Biz də onların dediklərini qətiyyətlə rədd etməliyik. Əgər sülh istəyirlərsə, Ermənistana desinlər ki, Azərbaycanla heç bir şərtsiz sülh sazişi imzala, çünki Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Hüquqlara sayğı göstərənlər Azərbaycanın Qarabağ üzərində dövlət suverenliyinin bərpa olunmasına yardım etməlidir.Daha etnik seperatizmi dəstəkləməməlidirlər. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, o zaman həmin ərazidə Azərbaycanın suveren hüquqları tanınmalıdırlar.

- Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Ekofəalların aksiyası dayandırılmalı, Ermənistanla dövlət sərhəddi Laçında tam bərpa olunmalı, Laçında, Ermənistanla sərhəddə gömrük və dövlət sərhəd xidməti fəaliyyətə başlamalıdır. Azərbyacan Rusiya ilə bunu razılaşdırmalıdır. Heç kim bizə deyə bilməz ki, niyə dövlət sərhədlərinə nəzarət etmək istəyirsən. Biz Qərbin riyakar bəyanatlarını, Avropa İttifaqının Ermənistana göndərməyə hazırladığı 200 nəfərlik müşahidə missiyasını bir kənara atıb Rusiya ilə danışmalıyıq. Uzun illərdir mən bunu söyləyirəm. Rusiya özünü ləyaqətli dost və qonşu hesab edirsə özündə güc tapıb Azərbaycanın ərazi bütövlüyünün bərpasına mane olmamalı, Azərbaycanın haqq işini dəstəkləməlidır. Ermənistanla Rusiyanın müttəfiqlik münasibətləri o demək deyil ki, Rusiya Ermənistanın işğalçılıq siyasətini və etnik seperatizmi dəstəkləməlidir.

Günel