"Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub" Siyasət

"Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub"

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
Politoloq Turan Rzayev Xalqcəbhəsi.az-a deyib ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Qərbin Rusiyadan enerji asılılığını azalmaq üçün alternativ vasitələr axtardığı bir zamanda belə bir tədbirin keçirilməsi olduqca vacibdir. Digər tərəfdən bu iclas həm də ölkəmizin Avropa enerji bazarı üçün nə dərəcədə vacib olduğunu bir daha sübut edir: "Prinsip etibarilə rəsmi Bakının enerji siyasəti onun Avropada çəkisini artırdığı kimi, Qərb investisiyasının da ölkəmizə cəlbi baxımından önəmlidir.
Şübhəsiz ki, Avropanın Rusiyadan enerji asılılığına son verməsi birdən-birə baş verməyəcək. Bu mərhələli prosesdir və prosesin sürətlənməsi üçün alternativ ölkələr nəzərdən keçirilir. Sözügedən kontekstdə bir neçə ölkənin adı çəkilsə də, Azərbaycan Avropaya həm ən yaxın ölkədir, həm də Avropa enerji şəbəkəsinə qoşulacaq TAP və TANAP kimi layihələrin icraçısıdır.
Bundan başqa, Azərbaycanın Mərkəzi Asiya və ərəb ölkələrinə yaxınlığı da gələcəkdə bu ölkələrin TAP və TANAP layihələrinə qoşulması ilə nəticələnə bilər.
Müqayisə üçün deyim ki, ötən il Azərbaycanın Avropaya qaz ixracatı 39.0 faiz artıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kubmetrdən çox qaz ixrac edib, lakin bu miqdar Rusiyadan alınan qazla müqayisədə çox kiçikdir.
Digər tərəfdən, rəsmi Bakının Avropaya nəql etdiyi qazın həcmini artırması üçün maliyyə dəstəyə ehtiyacı var. Söhbət yeni qaz yataqlarının kəşfi, istismarı və TAP, TANAP layihələrin ötürücülüyünü artırmaq üçün investisiya dəstəyindən gedir".
Onun sözlərinə görə,
Tədbirlərdə Rumıniya Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələrinin iştirak etməsi də ondan xəbər verir ki, Qərb bu məsələdə rəsmi Bakıya dəstək verməyə hazırdır: "Xüsusilə iclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumların təmsil olunması onu göstərir ki, bu məsələdə təklifi – yol xəritəsini Azərbaycan verəcək.
Bundan əlavə, rəsmi Bakı digər bir strateji gediş olan Yaşıl Enerji strategiyasını da unutmur. Bu istiqamətdə də dünyanın öncül ölkələrindən olmaqda qərarlıdır".
O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin açılışında çıxış edib: "Cənab Prezident çıxışı zamanı bir çox mühüm məqamlara toxunub.
Əvvəla, qeyd edim ki, bu gün Avropa üçün həyati əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün ondan artıq ölkə, habelə bu qədər şirkət bir araya gəlib rəsmi Bakının təkliflərini dəyərləndirir.
Prezident tədbirdə çıxışı zamanı deyib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişib. Prinsip etibarilə bu belədir. Məsələ ondadır ki, hazırda Rusiya-Ukrayna müharibəsi davam edir və müharibənin yenidən aktiv fazaya keçməsi ehtimal edilir. Bu isə öz növbəsində Avropanın Rusiya ilə gərginlik fonunda enerji böhranına sürüklənməsi deməkdir.
Prezident çıxışı zamanı bildirib ki, “Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”.
Ölkə başçısının bu sözləri həm Qərbə “mən bu günləri öncədən görmüş və sizə xəbərdarlıq etmişdim” mesajı, eyni zamanda “sizə rəğmən sizsiz bir çox şeyi etmişəm” eyhamıdır. Rəsmi Bakı faktiki olaraq bir neçə dəfə Avropadan həm mövcud boru kəmərlərinin ötürücülük qabiliyyətini artırmaq, həm də TAP, TANAP-ın ardı olacaq və Avropanın mərkəzi qaz şəbəkəsinə bağlanacaq yeni layihələr üçün maliyyə dəstəyi təklif etmişdi. Qərb isə Bakının bu təkliflərini o vaxt lazımınca qiymətləndirməmişdi".

Əli