“Ermənistanın Naxçıvanda, Tovuzda, Qazaxdakı mövqelərimizə atəş açması...” Siyasət

“Ermənistanın Naxçıvanda, Tovuzda, Qazaxdakı mövqelərimizə atəş açması...”

Zahid Oruc: "Özlərinə qarşı çevrilən bir zərbədir"


Qarabağ cəbhəsindəki döyüşlərə son qoymaq üçün Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, qarşı tərəf təxribatlarını davam etdirir. Bu azmış kimi, Ermənistan ordusu bu dəfə Naxçıvan istiqamətində atəşkəs rejimini pozub. Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub. Ermənistan bu təxribatları törətməklə nəyə nail olmaq istəyir? Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, döyüşlər Dağlıq Qarabağda getsə də, Azərbaycanın bütün əraziləri hazırda müharibə vəziyyətindədir.
"Düzdür, ölkə hərbi vəziyyətə dair qanunun tələblərinə uyğun səfərbərlik elan etməyib. Nə də ki, rəsmi olaraq müharibəyə çağırış edilib. Buna baxmayaraq, Azərbaycanın hər bir məkanında vətəndaşlarımız özünü müharibə və ya döyüş əməliyyatlarındakı kimi hiss edirlər".
Parlament üzvü deyib ki, Ermənistanın Naxçıvanda, Tovuzda, Qazaxdakı mövqelərimizə atəş açması özlərinə qarşı çevrilən bir zərbədir. Bununla yanaşı, Zahid Oruc bu qənaətdədir ki, düşmənin həmin bölgələrdə atəş açması bizim xeyrimizədir.
"Ermənistan bu addımları atarkən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hansısa ölkənin ona kömək edəcəyini düşünür. Ermənilər göstərmək istəyir ki, guya, Azərbaycan onun bütün ərazilərinə təhlükə törətmək niyyətindədir. Amma məsələ bundadır ki, onların elə bir resursu və gücü yoxdur ki, bütün Azərbaycan miqyasında savaş aparsınlar. İnsani baxımdan onlar bizdən dörd dəfə azdırlar.
İqtisadi və hərbi resurslarına görə də qat-qat aşağı imkanlara malikdirlər. Azərbaycan özü boyda bir döyüşçüdür. Mən bunu hər hansı eyforiyaya qapılmadan deyirəm. Məlum köç, geri qayıdan maşınlar, özlərini xilas etməyə çalışan insanlar, ön cəbhədə xalqın mövcud olmaması, müxtəlif ölkələrin ünvanına edilən ittihamlar sübut etdi ki, ermənilər çox böyük bir zərbə alıblar".
Zahid Oruc qeyd edib ki, Naxçıvan müharibədən ən böyük rəşadətlə çıxan ərazilərimizdən biridir. Onun sözlərinə görə, ermənilər Naxçıvanda təxribatlarını genişləndirə bilər:"Zakir Həsənov müdafiə naziri olandan sonra hərbi təlimlərin bir hissəsi Naxçıvanda keçirildi. Məqsəd taktiki baxımdan ermənilərin gücünün Qarabağ cəbhəsində toparlanmasına imkan verməməkdir. Naxçıvan həm də məlum Qars müqaviləsi çərçivəsində bilavasitə Türkiyənin təhlükəsizliyinin bir hissəsidir. Naxçıvan müəyyən mənada Türkiyənin cavabdehliyi altındadır. Çox mümkündür ki, ermənilər bu bölgədə təxribat törətməklə, Azərbaycanın bütün gücünün Ağdərə, Füzuli, Ağdama yönləndirilməsinin qarşısını almağa çalışsın. Amma bu, onlar üçün böyük tələyə çevriləcək. Oradan aldıqları zərbələr özlərinin əleyhinə işləyəcək. Ermənilərin qazdıqları səngəri onlar üçün qəbirə çevirmək lazımdır".