Qanlı faciə Siyasət

Qanlı faciə

Tarixin səhifələrini vərəqlədikcə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri fitnə-fəsadların şahidi oluruq. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarı xəyanətkar və iblis xislətli daşnaklar olmuşlar. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Bakıda bolşeviklərin fəaliyyəti onların bütün Cənubi Qafqazda sovet hakimiyyətini zorla bərqərar etmək niyyətlərindən xəbər verirdi. Sovetin "inqilabi qüvvə" adı altında yaratdığı silahlı birləşmələrin əksəriyyətini təşkil edən erməni və rus hərbçilərinin Azərbaycan xalqına qarşı nifrət dolu münasibəti gələcək faciələrimizin təməlini qoydu.

1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.

Martın 30-da Bakıda məlum hadisələrə bir neçə saat qalmış Şamaxı qəzasında qırğınlar başladı. Şamaxıdakı qırğınlara Şaumyanın köməkçisi G.Lalayan rəhbərlik edirdi. Qırğınlarda düşmənə qəzanın erməni və molokan əhalisi də kömək edirdi.

1918-ci ilin aprel-may aylarında Qubada Amazaspın silahlı dəstələri soyqırım həyata keçirdilər. Aprelin ortalarında Lənkəranda və Salyan qəzasında da ermənilər minlərcə dinc sakini qətlə yetirdilər.

Soyqırım zamanı dinc sakinlər etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Bir çox qədim binalar, tarixi abidələr, o cümlədən ziyarətgahlar, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası top atəşinə tutularaq dağıdılmışdır. Bu soyqırım hadisəsi tək Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri hesab olunur.Bu faciədə dinc, silahsız türk-müsəlman əhalisi ilə yanaşı minlərlə ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətinə görə amanszcasına qətlə yetirdilər.

Bu qanlı faciəyə əsl hüquqi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da "1918-ci il mart soyqırımı haqqında" Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciəyə siyasi qiymətin verilməsi öz əksini tapır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci il 18 yanvar tarixli fərmanı ilə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır.

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

30 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılması haqqında sərəncam imzalayıb.

Xalqın qan yaddaşını silmək üçün dəfələrlə ardıcıl cəhdlər göstərilməsinə baxmayaraq, bu, mümkün olmamış və ölkəmiz tarixi ədaləti özü bərpa edərək, düşmən üzərində qələbə qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatiyası nəticəsində Ermənistanın yeritdiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur. 44 günlük Vətən müharibəsi bir daha xalqımızın bu faciələri unutmadığını və bu şəhidlərimizin qanının yerdə qalmadığını göstərdi. Biz vətənimizi dərin məhəbbətlə sevməklə, torpaqlarımızı göz bəbəyi kimi qorumaqla cəmi şəhidlərimizin ruhunu şad etməyə, onların qisasını almağa daim çalışacayıq. Zəfərimiz sayəsində əzəli torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan beynəlxalq müstəvidə yerini və rolunu möhkəmləndirdi, xalqının gələcəyə olan inamını daha da gücləndirdi.


Anar Məmmədov
Xətai rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri