Terror “şir”inin quyruğu Siyasət

Terror “şir”inin quyruğu

Azərbaycanda baş verən istənilən neqativ hadisədən sonra sifarişçinin ünvanı kimi hər kəsin ağlna gələn ilk ünvan “İran” adlanan şər yuvası olur. Buna görə kimsəni qınamaq da mümkün deyil. Çünki dövlət müstəqilliyimizin dərhal bərpasından sonra molla rejiminin Azərbaycanda və ölkəmizin milli maraqları, təhlükəsizliyi, inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bütün məkan və istiqamətlərdə çıxmadığı oyun, törətmədiyi bəd əməl qalmayıb. Şər, böhtan, terror, sabotaj, təfriqə, kəsəsi, insanlığa yad olan bütün naqis əməllərlər ultramillətçiliklə saxta məzhəbçiliyin horrası olan İran rejiminin boyuna biçilib.

Bu baxımdan millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən terror aksiyasından dərhal sonra, əksəriyyət kimi mən də bu xain hücumun arxasında İranın dayandığı qənaətinə gəldim və bu gün də eyni qənaətdəyəm. Bunun əksini düşünmək isə heç bir əsasım yoxdur.

Əgər Tehrandakı səfirliyimizə qarşı həyata keçirilən terror aksiyasının ictimaiyyətə açıqlanan detallarını ani olaraq göz önündən keçirsək, sözügedən qanlı vinayətə görə kimsənin cəzalandırılmadığını, Arazın o tayından – tarixi yurd yerlərimizdən verilən bəlağətli təhdid mesajlarının hədəflərini nəzərə alsaq, o zaman siyasi təhlil müstəvisindən Fazil Mustafaya qarşı gerçəkləşdirilən terror aksiyasının sifarişinin molla rejimindən, yaxud rejimin qulbeçələrindən gəldiyini isbatlamağa ehtiyac qalmır.

Bu xüsusda terror aktının gerçəkləşdirildiyi zaman kəsiyi də bütün şübhələrin əqrəbini İranın üzərinə yönəldir. Qanlı cinayətin Azərbaycanın xüsusi xidmət orqanlarının peşə bayramı günündə, xarici işlər nazirimiz Ceyhun Bayramovun İsraildə səfərdə olduğu zaman kəsiyində və İsraildə səfirliyimizin rəsmi açılışından bir gün öncə baş verməsi sui-qəsdin leytmotivini, uzaq hədəfini və daşıdığı şifrəli mesajın mahiyyətini ortaya qoyur.

Şifrəli mesajın əsas istiqamətini ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin edən, İranın cəsus şəbəkəsinə, ideoloji və muzdlu tör-töküntülərinə göz açmağa imkan verməyən, molla rejiminin həm real, həm də virtual məkandakı təfriqəçi-təxribatçı uzantılarının “qol-budağını” budayan, şaiyə şəbəkəsinin kökünü qazıyan xüsusi xidmət arqanlarından qisas almaq, əhali arasında təşviş yaratmaq cəhdləri dayanır.

Digər istiqamət isə Azərbaycanın müstəqil xarici siyasət kursuna, ölkəmizin öz strateji tərəfdaşlarını və müttəfiqlərini öz milli maraqlarından çıxış edərək, heç bir kənar qüvvənin idiia və istəklərini nəzərə almadan seçməsinə arqumentsiz, miskin, aciz terrorçu təfəkkürü ilə cavab vermək niyyətidir. Azərbaycanın molla rejiminin bütün cəhdlərinə baxmayaraq, İsraildə öz diplomatik nümayəndəliyini açması rejimin təkcə “İran” adlanan ölkənin sərhədləri xaricində deyil, həm də daxilində öz vətəndaşları üçün edam kəndirinə çevrilən “əmmamə”sini yerə soxub. Uzun illərdən bəri, molla rejimi öz daxili təbliğatında, eləcə də Azərbaycandakı şaiyə şəbəkəsinin müxtəlif mərasim və məclislərdə qulaqlara üfürdükləri bəlağətli “xütbə”ciklərdə İranın ölkəmizə İsraildə səfirlik açmağa imkan vermədiyi xüsusi olaraq qabardılır, saxtakar Tehran hakimiyyəti ilə “hesablaşmaq məcburiyyətində olduğumuz” xüsusi olaraq vurğulanırdı. Amma nəyi necə və nə vaxt edəcəyini kifayət qədər yaxşı bilən Azərbaycan İsraildə diplomatik nümayəndəliyini təsis etməklə və fəaliyyətə başlamasını, həm də kifayət qədər həssas və mühüm bir zaman kəsiyində təmin etməklə molla rejiminin təbliğatının ağzına elə bir qara daş basdı ki, bundan başqa köpüklənməkdən başqa bir işə yaramayacağını özləri də kifayət qədər yaxşı başa düşürlər. Amma yenə də terrora əl atmaqda davam edirlər. Çünki Azərbaycanın, məhz öz milli maraqlarına və ədalət prinsiplərinə söykənərək həyata keçirdiyi xarici siyasətinə qarşı irəli sürə biləcəkləri heç bir tutarlı arqumünt yoxdur. Molla rejimi özünü təbədən dırnağa ifşa edib. Müsəlman azərbaycanlıların məscidlərində donuz saxlayan, ziyarətgahlarını yerlə bir edən, ölülərinin sümüklərini qəbirdən çıxarıb “işgəncə” verən, dirilərini soyqırımına məruz qoyan, ev-eşiyindən didərgin salan Ermənistanla qol-boyun olan, Azərbaycan xalqının ana südü kimi halal torpaqlarını uzun illər boyu işğal altında saxlayan işğalçı ölkənin ərazi bütövlüyünü “qırmızı xətti” elan edən, Azərbaycan Respublikası ilə onun ayrılmaz bir parçası olan Naxçıvanla gediş-gəlişi asanlaşdıracaq “Zəngəzur dəhlizi”nə qarşı çıxan, bu məqsədlə Zəngəzurda tələmtələsik konsulluq açan, yəni hər vəchlə müsəlmanların yolunu kəsməyə çalışan molla rejimi hansı haqla Azərbaycanın İsraildə diplomatik nümayəndəlik açmasına qarşı çıxış edə bilər ki? Deyəcək sözü, ortalığa çıxaracaq arqumenti yoxdur. Acizdir, qorxaqdır, xaindir və məhz buna görə də terrora əl atır.

Uçüncü istiqamət, yəni millət vəkili Fazil Mustafanın hədəf seçilməsi də, elə arqumentsizlikdən, fikir və ideya qısırlığından, ideoloji gücsüzlükdən qaynaqlanır. Rejim Fazil Mustafanı hədəfə almaqla onun gerçək anti-islam və anti-bəşəri mahiyyətini gün işığına çıxaran, saxta idealogiyasını alt-üst edən insanları susdurmaq, xof və qorxu yaratmaq məqsədi daşıyırdı, şübhəsiz. Amma burada da “əmmamə”sini qorumaq istədiyi halda başını da itirən molla rejiminin hedablamaları özünü doğrultmadı, əks-effekt verdi. Azərbaycan xalqı terroru da, onun sifarişçilərini də lənətlədi və dövlətinin, onun üçün düşünən beyinlərinin, danışan dillərinin, yazan əllərinin yanında olduğunu, müstəqil Azərbaycan Respublikasının mənafeyini kimsəyə güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi...

Daha öncə də qeyd etdiyim kimi, “İran” adlanan ölkə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk gündən onun düşmənlərinin yanında yer alıb. Təsadüfi deyil ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan, daha sonra isə Robert Köçəryan və Serj Sarkisyan dəfələrlə öz müsahibələrində Azərbaycan torpaqlarının qəsb olunduğu dövrdə İranın Ermənistan və ermənilər üçün “həyat yolu” olduğunu bəyan ediblər. Təbii ki. əgər İran Azərbaycanın ən çətin günlərində onun düşmənləri üçün “həyat yolu” olubsa” deməli bizim üçün də “ölüm yolu” funksiyasını yerinə yetirib.

Çünki Azərbaycan dövlətini gücsüz, iqtidarsız, Azərbaycan xalqını məzlum, ələbaxan və başıaşağı, bəlkə də başıqapazlı görmək istəyir. Yalnız bu halda İran kimi feodal təfəkkürünün qaranlığında boğulan, zəngin mədəniyyətləri beşində boğub dünyaya ideoloji nağıllardan, xurafatdan, terrorizm və ekstrimizmdən başqa heç bir şey bəxş etməyi bacarmayan teokratik bir dövlət “məzlumların hamisi”, “çarəsizlərin ümid yeri”, “haqqın, ədalətin keşikçisi” kimi görünə bilər. Başqa halda İranın mövcud rejiminin öz sərhədləri çərçivəsində yaratdığı acınacaqlı etnososioloji mənzərəni, ağır sosial-iqtisadi reallıqları ondan daha ağır, çarəsiz bir durumda olan toplumlara sırımaq, cəhalət saçan təbliğatla pərdələmək imkanı yoxdur. Məhz bu səbəbdən, İran Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəməyib, dövlətimizin güclənməsinin və işğala son qoymasının qarşısının alınması üçün bütün mümkün vasitələrdən, o cümlədən ən yaxşı bacardığı və acizlərin silahı olan terrordan istifadə edib. Bacardığı yerdə “qara” xurafat”, yaxud “ağ ölüm” saçıb. Düşüncəmizi, qanımızı, bü günümüzü, gələcəyimizi zəhərləməyə çalışıb. Məgər bundan böyük düşmənçilik olar?

Molla rejiminin alnında Azərbaycan ərazisində düşünən beyinlərimizə, danışan dillərimizə qarşı həyata keçirilən onlarla terror aktının qara və qanlı ləkəsi var. Bu terror aktlarının əhəmiyyətli hissəsinin qarşısın Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən alınıb. Amma təəssüf ki, qarşısı alınmayanları da var... Təkcə akademik Ziya Bünyadov qətli molla rejiminin Azərbaycanın işıqlı, vətənini, dövlətini sevən, xalqına sədaqətlə xidmət edən insanlarına qarşı nə qədər amansız, eyni zamanda nə qədər aciz olduğunu nümayiş etdirir.

İranın beynəlxalq terrorizmin sponsoru olduğu isə hər kəsə bəllidir və bu fakt beynəlxalq səviyyədə sübut olunub. Təfərrüatına varmayacağam, amma son illərədək İranın hər il dünyanın müxtəlif ölkələrindəki “Kataib Hizbullah”, “Asaib Ahl al Haq” “Hizbullah" hərəkatı, “Al Nujaba”, “Badr" təşkilatı, “Kataib Sayyad al Şuhada”, “Al Aştar" briqadası, “Saraya al Muxtar”, “Ansar Allah”, “Zeynabiyun", “Fatimiyun", "Hüseyniyun" və digər bu kimi terror qruplarına ayırdığı vəsaitin miqdarı milyardlarla ABŞ dolları ilə ölçülür. İran, təkcə “Hizbullah”a 2020-ci ildə 700 milyon ABŞ dollarından artıq vəsait ayırıb.

Əslində “İran İslam Respiblikası” adlanan xalqlar həbsxanasının tarixi terrorla başlayır və yəqin ki, AirFrance ilə Tehranın Mehrabad havalimanına eniş edən rejim ideoloqunun din və məzhəb pərdəsi altında başlatdığı absurd teatrında cərəyan edən hadisələri izləyən şəxslər 1979-cu ilin noyabrında ABŞ-ın Tehrandakı səfirliyinə edilən hücumu və diplomatik missiyanın əməkdaşlarının necə girov götürüldüyünü yaxşı xatırlayırlar. Bütövlükdə “İran” adlanan ölkədə, eləcə də molla rejiminin müzdli qatillərinin dünyanın müxtəlif ölkələrinin ərazisində yerləşən səfirliklərə, diplomatlara qarşı həyata keçirdikləri hücum, terror aksiyası və sui-qəsdlərin sayı 40-dan çoxdur. “İran” ərazisində isə diplomatik nümayəndəliklərə, diplomatlara qarşı bu günədək 9 hücum, terror aktı və sui-qəsd qeydə alınıb:

1. 4 noyabr 1979-cu il – ABŞ-ın İrandakı səfirliyi

2. İyun 1987-ci il – Küveyt və Səudiyyə Ərəbistanı səfirlikləri

3. 17 sentyabr 1989-cu il – Çin səfirliyi

4. 7 fevral 2007-ci il Danimarka səfirliyi

5. 18 fevral 2009-cu il – Pakistan səfirliyi

6. 11 may 2010-cu il – Pakistan səfiri

7. 29 noyabr 2011-ci il – Böyük Britaniya səfirliyi

8. 3 yanvar 2016-cı il – Səudiyyə Ərəbistanının səfirliyi

9. 27 yanvar 2023-cü il – Azərbaycan səfirliyi

Əslində bu siyahıya SEPAH-ın və bu terrorçu təşkilatın “törəmə” təsisatlarının Yaxın Şərqdən Cənubi Amerikayadək nəhəng bir çoğrafiyada həyata keçirdikləri, yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan çoxsaylı terror aksiyalarını da əlavə etmək olardı. Amma buna vaxt və enerji sərf etmək niyyətindən çox uzağam. Bu baxımdan, molla rejiminin müxtəlif ölkələrdə diplomatik missiyalara və diplomatlara qarşı həyata keçirdiyi və ya keçirmək istədiyi, yəni qarşısı alınan terror aksiyalarına, molla rejiminin “diplomat” adıyla terror aksiyası törətmək üçün göndərdiyi cinayətkarlarla bağlı faktlara diqqət çəkməyi yetərli hesab edirəm:

13 iyul 1989-cu il – Vena (Avstriya): İran səfirliyinin əməkdaşları rejimə müxalif olan 6 nəfəri qətlə yetiriblər.

17 mart 1992-ci il – İranın maddi-texniki dəstək verdiyi terror təşkilatının İsrail səfirliyi qarşsıında həyata keçirdiyi terror aksiyasında 29 nəfər ölüb, 252 nəfər isə yaralanıb.

16 may 2011-ci il – Pakistan: İran cəsusları Səudiyyə Ərəbistanının diplomatı Hassan Al-Katanini qətlə yetiriblər.

29 sentyabr 2011-ci il – Vaşinqton: SEPAH-ın Səidiyyə Ərəbistanının səfirinə qarşı terror aksiyası hazırladığı aşkarlanıb və qarşısı alınıb.

13 fevral 2012-ci il – Hindistan: SEPAH İsrail diplomatlarına qarşı həyata keçirdiyi terror aksiyası zamanı 4 nəfər yaralanıb.

14 fevral 2012-ci il – Tailand: SEPAH-ın üç terrorçusu İsrail diplomatlarına qarşı hazırladıqları terror aksiyasını partlayıcıların tez alışması səbəbindən gerçəkləşdirə bilməyiblər.

2013-cü il - Bosniya və Hersoqovina: İran səfirliyinin iki diplomatı cəsusluğa və terror qrupları ilə əlaqələrinə görə ölkədən qovulublar;

13 aprel 2013-cü il – Nepal – Molla rejiminin muzdlu qatili İsrail səfirinə qarşı terror aksiyası hazırladığına görə həbs edilib.

8 yanvar 2015-ci il – Uruqvay: İran səfirliyinin yüksək rütbəli diplomatı İsrail səfirliyi yaxınlığında terror aksiyası həyata keçirməyi planlaşdırdığına görə ölkədən qovulub.

Noyabr 2016-cı il: Keniya: İran səfirliyinin iki əməkdaşı və sürücüsü İsrail səfirliyinə qarşı terror aksiyası hazırladıqlarına görə həbs ediliblər.

Bu siyahıya “İran”ın müxtəlif ölkələrdəki emissarlarının diplomatik nümayəndəliklərə, o cümlədən Azərbaycan səfirliyinə odlu silah və partlayıcılardan istifadə olunmadan, daş, dəmir və taxta dəyənəklərlə etdikləri hücumları yazmadım. Görünən kəndə bələdçi lazım deyil. Molla rejiminin adının olduğu hər yerdə terror, qan, şər-xəta, məkr və saysız hesabsız qaranlıq əməllər boy göstərir.

Molla rejiminin cinayətkar və anti-humanist mahiyyətini bir daha göz önünə sərgiləmək üçün son olaraq, dəyərli oxucuların bir məqamı da nəzərə almalarını vacib hesab edirəm: Hər il ayrı-ayrı qaynar nöqtələrdəki terror təşkilatlarına və cəsus şəbəkələrinə milyardlarla dollar vəsait xərcləyən İran ağız dolusu danışdığı, bəh-bəhlə öydüyü, ünvanına boğazdan yuxarı nə mümkündürsə öyüdüyü Fələstinin kimsəsiz uşaqlarına, saysız-hesabsız müraciətlərə baxmayaraq, 10 il ərzində cəmi 20 min dollar yardım göstərib...

P.S. Az qala unutmuşdum, “şirin quyruğu” neçə oldu?

Elçin Mirzəbəyli