XİN-dən iki ölkəyə xəbərdarlıq Siyasət

XİN-dən iki ölkəyə xəbərdarlıq

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev aprelin 11-də Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya Parlamentinin üzvü Serqeys Potapkinsin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə münasibət bildirib.
Hikmət Hacıyev bu səfərlərin qərəzli və təhrikçi yanaşma olduğunu söyləyib: "Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya Parlamentinin üzvü Serqeys Potapkinsin beynəlxalq hüquqa zidd olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, zəbt olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalması, Ermənistan silahlı qüvvələrinin son təxribatları və mülki insanlar arasında ölüm və yaralanma halları ilə nəticələnərək qoşunların təmas xətti boyunca yaşayan Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutması və törətdiyi digər müharibə cinayətlərinə göz yumaraq 11 aprel tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərini qərəzli və təhrikçi yanaşma kimi qiymətləndiririk.
Yunanıstan və Latviyanın Ermənistan-Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında danışıqlar yolu ilə həllinə dair mövqeyinə və ölkələrimizin qanunverici orqanları arasında olan əməkdaşlığın ruhuna zidd olaraq bu kimi birtərəfli addımın atılması Ermənistanın təxribatçı əməllərinin təşviqinə və onsuz da ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir.
Ölkələrimiz arasında mövcud olan dostluq və qarşılıqlı anlaşmadan çıxış edərək, sözügedən məsələ ilə əlaqədar Latviya və Yunanıstandakı səfirliklərimiz Azərbaycanın narahatlığını Latviya və Yunanıstanın aidiyyəti dövlət orqanlarına çatdıracaq".