“AB ilə münasibətlərdə ciddi problemlər mövcuddur” Siyasət

“AB ilə münasibətlərdə ciddi problemlər mövcuddur”

Əli Hüseynli: "Tələbələr, turizm məqsədilə Avropaya gedənlər mütəmadi problemlərlə üzləşirlər"

"Bütün dünya ölkələrində, o cümlədən Azərbaycanda miqrasiya məsələsi təhlükəsizliklə bağlıdır". APA-nın xəbərinə görə, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indi Azərbaycanda həm hüquqi rejim, həm də qanunvericilik ilk növbədə iqtisadi baxımından cəlbedici bir ölkə kimi investorların və turistlərin buraya rahat gələ bilməsinə yönəlib: "Azərbaycanda qəbul edilən Miqrasiya Məcəlləsinin mənası və məqsədi də hansısa məhdudiyyətlər yox, əmək miqrantları üçün daha liberal şərait yaratmaqdır. Hesab edirəm ki, bizim məcəllə kifayət qədər mütərəqqidir. Müşahidəm isə onu birmənalı göstərir ki, Azərbaycanın problemi yalnız işğalçı Ermənistanladır. Azərbaycanlıların olduğu digər qonşu dövlətlərlə hər hansı bir siyasi problemi yoxdur. Yalnız praktik, təcrübi problemlər var. Onlar da müvafiq qurumlar tərəfindən peşəkarlıqla aradan qaldırılır".
Əli Hüseynli Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi istiqamətdə görülən işlərdən də danışıb: "Viza rejimin sadələşdirilməsi ilə bağlı Azərbaycanla Avropa Birliyi arasında sənədlər səviyyəsində irəliləyiş var. Amma elə hal yaranıb ki, bu məsələdə hüquqi rejim dəyişsə də, praktika dəyişməyib".
O bildirib ki, tələbələr, turizm məqsədilə gedənlər mütəmadi problemlərlə üzləşirlər: "Hüquqi rejim belədir ki, Şengen vizası alan şəxs özünə münasib olan yolu, marşrutu seçir. Lakin ora çatdıqdan sonra problem yaranır ki, məsələn, nə üçün Fransa və ya İtaliya səfirliyindən viza almısınız, amma Frankfurta gəlmisiniz. Bu hallar yolverilməzdir".