“Rusiya telekanalları vahid mərkəzdən idarə olunur” Siyasət

“Rusiya telekanalları vahid mərkəzdən idarə olunur”

"Analitik təfəkkürə, sağlam məntiqə, manevr imkanlarına söykənməyən vətənpərvərlik əksər hallarda ziyan gətirir"

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına cavab olaraq keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra Rusiya telekanallarında təşkil olunan debatlarda ermənipərəst mövqenin üstünlük təşkil etməsi birmənalı qarşılanmayıb. Bir çox ekspertlər belə debatların vahid mərkəzdən idarə olunduğunu düşünürlər. "Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təmas xəttində baş verən son hadisələrdən sonra Rusiya telekanallarında təşkil olunan debatların təxribat xarakterli olduğu qənaətindədir:


- Rusiya rəsmilərinin və bəzi ekspertlərin nə deməsindən asılı olmayaraq, bu ölkədəki telekanalların vahid bir mərkəzdən idarə olunduğunu sübuta yetirməyə ehtiyac olmadığını düşünürəm. Rus xalqının psixologiyasına, mentalitetinə, dünyagörüşünə yaxşı bələdəm. Rusiya telekanalları ölkənin xarici siyasəti və ümumiyyətlə çoxşahəli maraqları ilə bağlı təşkil olunan bütün debatlarda və digər verilişlərdə birmənalı olaraq rəsmi Moskvanın, Kreml texnoloqlarının müəyyənləşdirdiyi xətt üzrə hərəkət edirlər. Təqdimatda, xüsusi önəm kəsb etməyən məsələlərdə qərəzsiz və tərəfsiz görünmək üçün fərqliliklər ola bilər. Lakin bu fərqliliklərin manevr imkanları müəyyənləşdirilmiş siyasi xəttə qədərdir. Onu da qeyd edim ki, Rusiya telekanalları debatların təşkilində kifayət qədər peşəkar davranmağa, bütün tərəfərə öz mövqelərini ifadə etməyə çalışırlar. Amma təbii ki, üstünlük hər zaman Rusiyanın maraqlarını ifadə edən tərəfə verilir. Debatlarda onların sayı digər tərəfdən daha çox olur, onlara öz fikirlərini ifadə etməyə daha geniş imkanlar yaradılır. Aparıcılar əks mövqedə dayanan insanları təxribata çəkməyə çalışırlar, onlarla jurnalist kimi deyil müstəntiq kimi davranırlar. Belə debatları təşkil edən telekanalları prosesdən daha çox nəticə maraqlandırır. Buna görə də, debata dəvət etdikləri əks qütbdə dayanan insanlar barədə öncədən məlumat əldə edir, onların zəif nöqtələrini müəyyənləşdirir və debat zamanı da məhz həmin nöqtələrdən vurmağa cəhd göstərirlər.

- Debatlara dəvət olunan qonaqlar arasında disbalans azərbaycanlıların etirazına səbəb olur. Bununla yanaşı Azərbaycanın mövqeyini müdafiə edənlər də kifayət qədər azdır. Hətta ölkəmiz adından çıxış edənlər də cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Sizcə, niyə Azərbaycan adından dəvət edilən mütəxəssislərin sayı azdır? Bildiyimiz kimi Rusiya mediasında erməniəsilli kifayət qədər jurnalist var. Bizim politoloq və müxbirlərimiz niyə Rusiya cameəsində tanınmır?

- Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusunun təxribatlarına tutarlı cavabından və əldə etdiyimiz üstünlüklərdən sonra Rusiya telekanallarını əvvəlkindən daha diqqətlə izlədim. Bu debatlarda məqsəd birmənalı şəkildə Azərbaycan əleyhinə rəy formalaşdırmaqdan ibarət idi. Çoxlu sayda ermənipərəst və ertməni əsilli rus siyasətçi və ekspertlərinin qatıldığı debatlara adətən 1 azərbaycanlı dəvət olunur. Məqsədyönlü şəkildə elə bir şərait yaradılır ki, studiyada ağız deyəni qulaq eşitməsin. Həmin o 1 nəfər azərbaycanlıya qarşı da psixoloji təzyiq maksimum həddə çatdırılırdı ki, səhvə yol verilsin və onlar da bu səhvdən istifadə edərək öz məqsədlərinə nail olsunlar. Disbalans şübhəsiz ki, məqsədyönlü şəkildə yaradılır. Çünki onlara həqiqətin aşkara çıxarıldığı müzakirələr lazım deyil, öncədən müəyyənləşdirilmiş nəticəyə xidmət edən mənzərənin yaradılması lazımdır. Ukrayada baş verən hadisələr zamanı da eyni texnologiyadan istifadə edilirdi. Ukraynanın mövqeyini ifadə edən 1 nəfər studiyaya çağırılırdı və 5-10 nəfər qarğa-quzğun kimi düşürdü onun üzərinə. Mənim qənaətimə görə, Rusiya telekanallarında təşkil olunan belə debatlara qatılmaq lazım deyil. Çünki bu halda Rusiya telekanalları 2 önəmli üstünlük qazanırlar:
1. Özlərini bu prosesin hakimi kimi nümayiş etdirir, konkret halda studiyanı, ümumumiyyətlə isə Rusiyanı münaqişələrin həll edildiyi, dialoqa imkan yaradıldığı məkan kimi təqdim edirlər. Beynəlxalq müstəvidə tənzimlənən istənilən məsələ Rusiya müstəvisinə çəkilir. Prosesin texnoloqları münaqişənin yalnız Rusiya tərəfindən həll edilə biləcəyi təəssüratını yaratmağa çalışırlar. Yəni demək istəyirlər ki, situasiyanın sahibi Rusiyadır və Rusiya olmasa qan dizə çıxar.
2. Bu debatlarda əks mövqeni ifadə edən 1 nəfərin belə iştirakı Rusiya telekanallarına tərəfsizliklərini iddia etmək imkanı qazandırır və onlar xüsusi həyasızlıqla müzakirələrin obyektiv aparıldığını və bütün tərəflərə öz mövqeyini müdafiə etmək imkanının tanındığın deyə bilirlər.

Məhz bu səbəbdən, hesab edirəm ki, nəticəsi öncədən bəlli olan debatlara qatılmaq lazım deyil.
Bu gün Rusiyada yaşayan azərbaycanlılar arasında belə debatlara hazırlıqlı olan insanların sayı azdır, bir çoxları Rusiyada yaşasalar da öz fikirlərini rus dilində mükəmməl şəkildə ifadə edə bilmirlər. Bəziləri isə ümumiyyətlə azərbaycanlı olduqlarını unudublar. Digər tərəfdən, daha öncədən qeyd etdiyim kimi, Rusiya telekanallarının məqsədi keçirilən debatlarda Azərbaycanın haqlı mövqeyinin ifadə olunması deyil. Əksinə, onlar çalışırlar ki, bizim mövqeyimiz daha zəif olsun. Konkret bir nümunə gətirəcəyəm. Son günlər bu məsələ Azərbaycan mediasının da gündəmindədir və sosial şəbəkələrdə də ciddi müzakirə olunur:
Türkiyənin İhlas Xəbər Agentliyinin Rusiya təmsilçisi Fuad Abbasovun da qatıldığı debata diqqət yetirək. Rusiyanın ictimai kanalında təşkil olunan debata Fuad Abbasov Azərbaycan tərəfinin təmsilçisi kimi dəvət olunmuşdu. Amma prinsip etibari ilə Fuad Abbasov Azərbaycanın deyil, Türkiyənin təmsilçisidir və onun debata dəvət olunmasında da incə bir məqam var. "Vremya pokajet" (Vaxt göstərər) tok-şousunun müəllifləri Fuad Abbasovu Türkiyə ilə Rusiya arasında yaranmış təyyarə böhranı ilə bağlı kifayət qədər yaxşı tanıyırdılar və bilirdilər ki, Fuad Abbasov debatın gedişində istər-istəməz Türkiyə amilini qabardacaq. Bildiyiniz kimi, ermənilər və Rusiyadakı ermənipərəst dairələr cəbhə xəttyində baş verən son hadisələrin Türkiyə tərəfindən stimullaşdırıldığını idia edir və bununla da rus ictimaiyyətində qıcıq yaratmağa çalışırlar. Təyyarə olayından sonra Rusiyada aparılan təbliğat nəticəsində Türkiyə qarşı aqressiyanın olduğu kimsəyə sirr deyil. Debatda da istər aparıcılar, istərsə də erməni ekspertlər və onların havadarları Fuad Abbasovu bu istiqamətə çəkirdilər və istəklərinə də nail oldular. Təzyiqlərə hazırlıqlı olmayan Fuad Abbasov dedi ki, əgər Putin Ərdoğanın görüş təşəbbüslərinə müsbət cavab versəydi o zaman Qarabağda baş verən son hadisələr də olmayacaqdı... Bu çox ciddi bir səhv idi. Təbii ki, bu məqamda Fuad Abbasovun Türkiyənin İhlas xəbər agentliyinin təmsilçisi olduğunu deyib məsələdən yayınmağa cəhd göstərmək olardı. Amma onun azərbaycanlı olduğu məqsədyönlü şəkildə qabardıldı. Elə Fuadın özü də buna imkan yaratdı. Kimsənin vətənsevərliyinin üzərinə kölgə salmaq istəmirəm. Amma analitik təfəkkürə, sağlam məntiqə, manevr imkanlarına söykənməyən vətənpərvərlik əksər hallarda ziyan gətirir.
Azərbaycanda istənilən debatda və istənilən təxribata cavab verməyi bacaran siyasətçilər, politoloqlar var. Sadəcə bu insanların Rusiya telekanallarında keçirilən debatlara dəvət ediləcəyinə inanmıram. Rusiyadakı azərbaycanlı iş adamları, imkanlı və nüfuzlu diaspor nümayəndələri özlərinə bəlli olan vasitələrlə azərbaycanlı ekspertlərə belə bir imkan yarada bilərlər. Amma onlar bunu istəyirlərmi? Bu sualın cavabını isə mən verməli deyiləm.