

Heç düşünmüsünüz ki, nədən radikal müxalifət “siyasi sabitlik” ifadəsini eşidən zaman sanki qorxulu mənzərə görürmüş kimi yerindən atılır? Bu azmış, hətta qızarırlar, isterikaya düşürlər və əsəbləşirlər. Axı niyə mahiyyət etibarı ilə pozitiv olan və dayanıqlı inkişafı təcəssüm edən “sabitlik” ifadəsi insanda bu qədər mənfi emosiya yaratsın? Ailədə, dostluqda və cəmiyyətdə sabit münasibətlərin mövcudluğu milyonlarla insanların arzusudur. Nədən söhbət siyasi münasibətlər müstəvisindən düşən kimi “sabitlik” radikalların kəskin allergiyasına səbəb olur? Qəribədir, ancaq heç şübhəsiz ki, mövcud təzahürün məntiqli izahı var.
Cərəyan edən siyasi prosesləri müşahidə edərkən təkrar-təkrar bu cür hallarla rastlaşırıq. Xüsusi olaraq qeyd etməliyik ki, mövcud mənzərə heç də ancaq Azərbaycana məxsus deyil. Hətta adi müşahidələr onu göstərirlər ki, “siyasi sabitlik” ifadəsi məhz islahatlar və ya seçkilər ərəfəsində bəzilərinin daha kəskin siyasi “allergiyasına” səbəb olur. Bu zaman radikalların emosional, panik və ucuz küçə ritorikası işə düşür. Siyasi səhnə teatr səhnəsi ilə qarışdırılır və tragikomediyalar ardıcıllıqla bir-birini əvəzləyir. Vətəndaş isə çaşqınlıq içində tamaşaları izləməyə məcbur olur. Altından xətt çəkərək qeyd edək ki, internet və sosial şəbəkələr sayəsində bu cür tamaşaların sayı həndəsi silsilə ilə artır. Qəssablıqla cərrahlıq arasındakı fərqi duymayanlar nədənsə daha asan olduğunu zənn etdikləri siyasətə pənah gətirirlər. Əlbəttə ki, hazırlıqsız vətəndaş üçün mövcud mənzərədə həqiqəti yalandan seçmək çox çətin olur. Bildirməliyik ki, siyasətdə emosiyaların istifadə olunması məhz cəmiyyətdə konkret məsələlər ilə bağlı yanlış təsəvvürlərin formalaşmasına hesablanıb. Ancaq insan övladının təbiətini dəyişdirmək çox çətindir, biz emosiyalara qapanan kimi kimlərinsə alətinə çevrilirik. Bəzi bəla-siyasətçilər bizim bu “təbiətimizdən” gözəl faydalanırlar.
Ola bilsin ki, məhz elə bu səbəbdən də radikallar daim qarşıdurma peşindədirlər. Qarşıdurmanın uğultusu fərdi seçim azadlığını boğar və qarşıdurma olan yerdə ədalət hissi emosiyalara təslim olar. Qarşıdurma və kütlə psixologiyanın hökm sürməsi radikallığın vitaminidir. Bu adi siyasi həqiqətləri bilməliyik ki, baş verən hadisələrə adekvat qiymət verə bilək.
Bəzi hadisələrin gedişatı və populistlərin siyasi ritorikasının itiliyi deməyə əsas verir ki, Prezident İlham Əliyevin siyasi dialoqla bağlı olan son 2-3 il ərzindəki təşəbbüsləri məzmun etibarı ilə irrasional radikalların “siyasi qorxularını” artırıb. Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyevin bəzi sözlərini yada salaq: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var” (Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi. 22.10.2020). Belə ki, Prezident İlham Əliyev bu cür yanaşması ilə “dialoq” məfhumunu normal siyasi münasibətləri şərtləndirən amil statusuna qədər yüksəltmiş olur. Ali siyasi iradənin sahibi olan dövlət başçısının bu cür yanaşması yalnız alqışlanmalıdır.
Mövcud konteksti inkişaf etdirərək Prezident İlham Əliyevin daha bir fikrini qeyd edək: “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.” (Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışından. 21.09.2020). Bununla da, dövlət başçısı siyasi dialoqu güclü siyasi sisteminin, eləcədə dayanıqlı inkişafın meyarı kimi müəyyən etmiş olur. Heç bir tərəddüd etmədən deyə bilərik ki, bu cür yanaşma bütün demokratik hakimiyyətlər üçün örnək ola biləcək yanaşmadır. Demokratik məzmunlu bütün siyasi paradiqmalar siyasi dialoqu özündə ehtiva etməlidir. Dialoqun inkar olunması və ya onun tənqidi bilavasitə totalitar düşüncənin məhsuludur.
Beynəlxalq siyasi təlatümlər, region uğrunda aparılan sərt mübarizə, habelə müxtəlif iqtisadi kataklizmlər və şahidi olduğumuz Qarabağın dirçəliş erası fonunda siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz xain mövqelərini nümayiş etdirmiş olurlar. Müasir dövrdə rasional və demokratik müxalifətçiliyi dialoqsuz təsəvvür etmək mümkünsüzdür. Açıq müzakirələr tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialın səfərbər olunmasına xidmət edir. Odur ki, dialoqun inkar edilməsi milli həmrəyliyə qarşı çıxış etmək kimi dəyərləndirilməlidir.
Emosional və qərəzli demaqogiyanın təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyaların yaradılmasıdır. Müzakirə olunan məsələyə dair hətta bu cür kiçik nəzəri ekskurs kifayət edir ki, siyasi dialoqun və siyasi sabitliyin radikal mövqedən çıxış edən bəla-siyasətçilərin siyasi qorxularına çevrilməsinin səbəblərini anlaya bilək.
Dialoq mühiti qarşıdurma yaratmaq üçün süni bəhanələrin sayını əsaslı şəkildə azaldır. Siyasətdə dialoq mühiti “mübarizə” paradiqmasını “opponentlik” paradiqması ilə əvəzləyir. Odur ki, dialoq mühiti hər bir cəmiyyətin ictimai-siyasi dəyəridir. Bu səbəbdən də dialoqun aqibətinin müxalifətçiliyi itirmək qorxusunu yaşayan bir qrup insanın öhdəsinə buraxılması yanlışlıq olardı. Cəmiyyətin təbii immunitetini artıran dialoq proseslərində əhalinin fəal kəsimi mütləq olaraq öz mövqeyini bildirməlidir. Bir daha qeyd edək ki, hər növ qarşıdurmanın uğultusu fərdi seçim azadlığını boğar və qarşıdurma olan yerdə ədalət hissi emosiyalara təslim olar.
politoloq A.Adil