Dövlət başçısından daha bir sərəncam Siyasət

Dövlət başçısından daha bir sərəncam

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində yeni sektor yaradılıb

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb.
Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini, bu qurumlarla iş aparan dövlət orqanlarının və qurumlar fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək. Qeyd edək ki, hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir.
"Media forum" saytına açıqlama verən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da deyib ki, sektorun yaradılmasında məqsəd gənclər siyasətinin vahid mərkəzdən həyata keçirilməsi, Prezident Administrasiyasının gənclər təşkilatları ilə əlaqələrinin yaradılması və koordinasiya edilməsi, bu istiqamətdə gənclərdən gələn təşəbbüslərin ümumiləşdirilərək ölkə başçısına təqdim olunması və gənclər siyasətinin təkmilləşdirilməsidir.
Əli Həsənov qeyd edib ki, gənclərə münasibət həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub və Azərbaycan gəncliyinin inkişafı ilə bağlı xeyli dövlət proqramı qəbul olunub, bu istiqamətdə dövlətin siyasəti mütəmadi olaraq yenilənərək təkmilləşib: "Bu gün də həmin siyasət davam etdirilir. Azərbaycan gəncliyi dövlətimizin gələcəyidir. Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət, gəncliyin inkişafına qoyulmuş kapital Azərbaycanın gələcəyinə qoyulmuş kapitaldır, gələcəyin etibarlı təminatıdır. Ona görə də bu istiqamətdə siyasət davam etdirilir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclərlə iş sektorunun yaradılması zərurətdən doğur. Bu iş əvvəllər də ictimai-siyasi şöbədə aparılırdı. Amma digər şöbələr də gənclər siyasəti ilə ara-sıra məşğul olurdu. Bu səbəbdən yeni sektor yaradıldı".