“Azərbaycan cəmiyyəti nəticəsiz danışıqlardan bezib” Siyasət

“Azərbaycan cəmiyyəti nəticəsiz danışıqlardan bezib”

"Öncədən proqnozlaşdırılığı kimi Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən ciddi nəticə hasil olmadı. Nəticənin olması üçün danışıqlar seriyası davam etdirilməlidir".
Bu fikirləri "Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu prezidentlərin Vyana görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, görüşdə danışıqların davam etdirilməsi barədə razılaşma əldə olunub: "Bu razılaşmanın özü kövrəkdir. Ona görə də hesab etmirəm ki, görüşdən sonra vəziyyət daha da sabitləşəcək".
İnsidentlərin araşdırılması barədə müzakirələrə gəlincə politoloq bildirib: "Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, buna Ermənistan ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafı rayonların boşaldacağı halda razılıq veriləcək. Hazırkı şərtlər daxilində bununla razılaşmaq olmaz. Danışıqlarda ciddi irəliləyiş olmayana qədər, yəni Dağlıq Qarabağ ətrafı rayonlar boşaldılmayınca bu məsələlər detallar şəklində qalacaq. İnsidentlərin araşdırılması o demək deyil ki, atəşkəsin pozulması halları baş verməyəcək".
Elxan Şahinoğlu hesab edir ki, danışıqların başlaması Qarabağ müharibəsinin başlaması ehtimalını azaltmır: "Bu danışıqlar qarşıdakı 2-3 ay ərzində müharibə riskini azaldır. Ancaq, danışıqlar real nəticə verməsə, atəşkəsin pozulması halları artacaq. Ortada inam yoxdur. Ermənistan işğalçıdır. Bu ölkə status-kvonun bərpasına çalışır. Ona görə də insidentlərin araşdırılması, atəşkəsin əbədi qalması onun maraqlarına uyğundur. Bunlar Azərbaycanın maraqlarına ziddir. Əgər Ermənistan masa arxasında işğal olunmuş rayonları boşaltmaq istəmirsə, bu ölkəyə təzyiq edilməlidir.

Azərbaycan aprel döyüşlərində gücünü göstərdi. Bu, onun göstəricisidir ki, Azərbaycan cəmiyyəti nəticəsiz danışıqlardan bezib. Bu fikirlər masa arxasında oturanların diqqətinə çatdırılıb. Hesab edirəm ki, faktların diqqətə çatdırılması üçün Vyana görüşünə ehtiyac var idi. Amma, növbəti danışıqlar imitasiya xarakteri daşıyacaqsa, bu, Ermənistanın maraqlarına xidmət edəcək. Hesab edirəm ki, növbəti görüşə qədər Ermənistanın hansı addımlar atacağı bizim üçün əsasdır. Yenə görüş xatirinə görüş olacaqsa, bu, Azərbaycanın maraqlarına ziddir", - deyə Elxan Şahinoğlu vurğulayıb.