Milli Məclisdə 27 məsələyə baxılıb Siyasət

Milli Məclisdə 27 məsələyə baxılıb

Ziyad Səmədzadə: "Millət vəkillərinin banklarla bağlı təklifi yaxın zamanlarda müzakirə ediləcək"

Milli Məclisin növbəti iclası keçirilib. Parlamentin iclasında 27 məsələyə baxılıb. Azərbaycan Respublikası Milli Məclisinin komitələrinin tərkibində dəyişikliklər edilməsi haqqında; "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" AzərbaycanRespublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Elm haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunaraq qəbul edilib.

"Mərkəzi Bank iş görmür"

İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələrə fikir bildirən deputat Fazil Mustafa deyib ki, çox vaxt vətəndaşlar tələm-tələsik kreditin xarici və ya milli valyutada olduğunu dəqiq bilmədən sənədə imza atır və sonradan problem yaşayır: "Devalvasiyadan sonra banklara 1,6 milyard manat əlavə pul ödənməlidir. Banklar haqlı olaraq pulunu tələb edir. Vətəndaş da haqlıdır ki, krediti götürdüyü vaxtdakı xarici valyuta ilə ödəmək istəyirlər. Bu istiqamətdə Mərkəzi Bank iş görmür, yalnız 3 banka vəsaitlərinin 71 faizini verib. Ölkədə 37 bank var və onların 50 faizinin kredit borclarını qaytarması ilə problemi var. Onlara dəstək verilməsi lazımdır ki, 2 milyarda yaxınlaşan borcları 1 milyardı ödənilsin. Vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün addımlar atılmalıdır. Burada qanuna dəyişiklik edirik, amma problem özlüyündə həll olunmur. İntiharların sayı artır, insanların əksəriyyəti ailə problemi ilə qarşılaşır. Burada Milli Məclisin təşəbbüs göstərməsi lazımdır ki, insanları acınacaqlı vəziyyətdən çıxardaq. Hökumət banklara daha çox dəstək verməklə problemi həll etdi, amma vətəndaşa kömək üçün addım atılmır. Devalvasiyadan sonra yaranmış vətəndaşların kredit məsələsində ən azı qanunvericilik təşəbbüsü formasında layihələrin verilməsi vacibdir. Suyun qiyməti qalxdı, sosial şəbəkələrdə qazın, işığın mərhələli qiymətlərinin artacağı deyilir və qeyd olunur ki, təkliflər verilib. Borcu olan insanlar qiymət artımından sonra hansı vəziyyətə düşəcəklər?! Bu sosial durumun ağırlaşmasına səbəb olacaq. Şərait yaratmaq lazımdır ki, insanlar sıxıntılı vəziyyətdən çıxsınlar".
Deputat Vahid Əhmədov da problemlərdən danışıb: "Devalvasiyadan sonra insanlar və banklar arasında problemlər qalaqlanır. Banklarda yaranmış problemlə bağlı təklif etdim ki, bank sistemini İqtisadi siyasət komitəsinə və ya Milli Məclisin plenar iclasına dəvət edib, müzakirə etmək lazımdır. Bununla bağlı rəhbərlik tərəfindən cavab verilməyib. Həmkarım Əli Məsimli ilə birlikdə xüsusi təklif paketi hazırlayaraq prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinə və spiker Oqtay Əsədova vermişik. Vaxtı gözləyirik, 1 ay vaxt keçsin, təkliflərə hansı nəticələrə gəlinməsi barədə həmin qurumlardan cavab gözləyirik. Bank sistemində yaranmış ağır vəziyyətlə əlaqədar bank rəhbərlərini Milli Məclisə dəvət etmək lazımdır. Çünki hal-hazırda bank sistemi dayanıb, hüquqi və fiziki şəxslərə kredit verilmir, likvidlik və kredit portfeli məsələsi həll olunmayıb. Banklar faktiki olaraq iflic vəziyyətindədir".

"Bəs insanların gününə kim ağlayacaq?"

Deputat Araz Əlizadə qeyd edib ki, burada təkliflər səsləndirilsə də onlar reallaşmır və elə zalda da qalır. "Bankların gününə ağlamaq lazımdır deyilir, bəs insanların gününə kim ağlayacaq?"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vahid Əhmədova müraciət edərək bildirib ki, onların təklifi yaxın zamanlarda müzakirə ediləcək.
"Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi barəsində məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, saziş tərəflərin aviasiya şirkətlərinə öz ərazisi üzərindən yerə enmədən uçub keçmək, qeyri-kommersiya məqsədləri üçün öz ərazisində dayanmaq hüquqları verir.
Saziş ABŞ aviasiya şirkətləri üçün ABŞ-dan kənarda yerləşən məntəqələrdən, ABŞ-dan və aralıq məntəqələrindən keçməklə, Azərbaycanda yerləşən hər hansı məntəqələrə, kənar məntəqələrə, habelə Azərbaycan ilə hər hansı məntəqələr arasında yük daşımaq hüququ verir. Saziş Azərbaycan aviasiya şirkətləri üçün də imkanlar yaradır.
Deputat Tahir Kərimli isə hesab edir ki, sənəddə kifayətə qədər diskriminasiya xarakterli müddəalar var.
Buna görə də ya sənədə dəyişiklik edilməli, ya həmən müddəalar nəzərə alınmadan qəbul edilməli və yaxud da sənədin imzalanmasında imtina edilməlidir. Buna cavab olaraq Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, terrorçuluqla bağlı halların qarşısını almaq üçün Sazişdə məhdudlaşdırıcı müddəalar da nəzərdə tutulub.
Deputat Siyavuş Novruzov bildirib ki, sözügedən sazişə qoşulmaq hər iki ölkənin siyasi iradəsindən irəli gələn məsələdir: "Burada siyasi iradədən söhbət gedir. Biz ABŞ-a hava nəqliyyatı ilə bağlı bitərəfli qaydada icazə vermişik. 2011-ci ildə Amerikada terror hadisələri baş verdiyi zaman Azərbaycan Anti-terror koalisiyasına qoşuldu.
Bundan sonra ABŞ-ın hərbi və digər aviasiya növləri Azərbaycan ərazisindən keçməklə müəyyən yüklərin, əhalinin, əsgərlərin daşınmasını həyata keçirirdi. Bu baxımdan hesab edirəm ki, belə bir sazişin bağlanması həm Azərbaycan, həm də ABŞ üçün də çox əhəmiyyətlidir".
Layihə hərtəfəli şəkildə müzakirə olunduğunu deyən millət vəkili onun təsdiqlənməsinin tərəfdarı olduğunu dilə gətirib: "Hər bir müqaviləyə, sazişdə birtərəfli qaydada etiraz edib, şərt qoymaq olar. Lakin sözügedən saziş iki dövlət arasında olan sazişdir. Azərbaycan bir sıra beynəlxalq sazişlərdə Ermənistanla olan maddələrə qoşulmur və şərt qoyuruq ki, bu məsələlər yerinə yetirilməsə, müqavilədə iştirak etməyəcəyik.
Hesab edirəm ki, Azərbaycanın ABŞ-la istər iqtisadi, istər siyasi , istərsə dəstrateji müttəfiqiliyi bundan sonra davam etməli, əməkdaşlığımız daha da genişləndirməliyik. Sözügedən saziş atılan ilkin addımlardan biridir.
Düşünürəm ki, biz ABŞ -la digər sahələrlə əlqədar sazişlər də imzalamalıyıq. Hər kəsi layihənin səs verməsinə çağırırıam".