“Azərbaycan-Gürcüstan-Türkiyə hərbi ittifaqının yaradılmasını gözləmək olar” Siyasət

“Azərbaycan-Gürcüstan-Türkiyə hərbi ittifaqının yaradılmasını gözləmək olar”

Cəsür Sümərinli: "Amma bunun üçün hər 3 ölkənin, xüsusilə də Azərbaycanın bir sıra hərbi-siyasi problemləri həllini tapmalıdır"

Aprel hadisələrindən sonra Cənubi Qafqazda hərbi sahədə hərəkətlilik artıb. Birləşmiş Ştatların Gürcüstanda hərbi təlimlər keçirməsi, buna cavab olaraq Rusiyanın şimal sərhədlərimizdə Qərbə əzələ nümayişi belə deməyə əsas verir. Bəs görəsən bütün bunların arxasında nə dayanır və regionda hərbi hərəkətlilik nə vəd edir?.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli deyir ki, mayın 15-də Azərbaycanın Qəbələ şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü və səslənən bəyanatların ardınca mayın 24-dən etibarən Ermənistanda Kollektiv Təhlükəsizlik üzrə Saziş Təşkilatına üzv ölkələrin çevik əməliyyat qüvvələrinin cəlb olunduğu "Kobalt-2016" taktiki-xüsusu təlimlərinin keçirilməsi cəmiyyətdə maraq doğurub. Haqlı olaraq belə bir sual yaradıb ki, Cənubi Qafqazda hərbi bloklaşma başlayıbmı?. Onun sözlərinə görə, müşahidələr göstərir ki, hazırda Cənubi Qafqazda hər hansı konkret hərbi blokların yaradılmasından söhbət gedə bilməz: "Bu bir arzudur və nə zamansa Azərbaycan – Gürcüstan – Türkiyə hərbi ittifaqının yaradılmasını gözləmək olar. Amma bunun üçün hər 3 ölkənin, xüsusilə də Azərbaycanın bir sıra hərbi-siyasi problemləri həllini tapmalıdır. Nəzərinizə çatdırım ki, Azərbaycan gerçəkdən özünün enerji infrastrukturunun müdafiəsi üçün ciddi hərbi dəstəyə ehtiyac duyur. Vaxtilə bu istiqamətdə dəstəyi Birləşmiş Ştatlar təklif etmişdi. 2011-ci ildə ABŞ-ın Azərbaycandakı səfiri "Biz Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq fazasının başlanğıcındayıq" bəyanatını vermişdi. Bu mərhələ Azərbaycanın Xəzərdəki enerji infrastrukturunun ən yaxşı formada qorunması yollarının tapılmasında və bu müdafiənin həyata keçirilməsində Pentaqonun rəsmi Bakıya təcrübi dəstəyini nəzərdə tuturdu. Amma sonrakı proseslər göstərdi ki, sözügedən əməkdaşlığın həyata keçirilməsinə maneə ortaya çıxıb. Belə ki, Rusiya və İran tərəfi Azərbaycan – ABŞ əməkdaşlığının baş tutmasını qəti istəmir. Beləliklə, ABŞ-la Xəzərdə təhlükəsizlk sahəsində əməkdaşlıq baş tutmadı. Belə bir vəziyyətdə görünür ki, rəsmi Bakı başqa bir yolla özünə hərbi dəstək qazanmaq istəyir. Bu baxımdan Gürcüstan və Türkiyə ilə hərbi əməkdaşlıq sahəsində üçtərəfli Anlaşma Memorandumunun imzalanması ilə bağlı fikirlərin kökündə əslində Bakının sözügedən istəyi durur. Belə əməkdaşlıq formatı rəsmi Bakıya sərf edir. Çünki onun həyata keçirilməsinə İran və Rusiyadan hər hansı ciddi təzyiq və təsir hələlik yoxdur. Məntiqlə, sözügüdən proses – yəni Azərbaycan – Gürcüstan – Türkiyə arasında hərbi münasibətlərin möhkəmlənməsi Birləşmiş Ştatların və ümumilikdə NATO-nun da marağındadır. Ən azından ona görə ki, Türkiyə NATO-nun aparıcı ölkələrindən biridir və Gürcüstan isə NATO-ya üzv olmağa çalışır. Beləliklə, hər iki ölkənin Azərbaycan hərbiyyəsinə birbaşa və ya dolayı yolla NATO standartlarını gətirəcəyi perspektivi yarana bilər". Hərbi ekspert deyir ki, Azərbaycan – Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq sahəsində Anlaşma Memorandumu imzalansa və rəsmən səsləndirilən fikirlər həyata keçirilsə onda aşağıdakı hərbi tədbirlər keçirilməlidir: "Üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, bölgədə sabitliyin təmin edilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi. Burada başlıca hədəf bu çərçivədə hər 3 ölkənin Silahlı Qüvvələrinin zabit və gizirlərinin qarşılıqlı olaraq bu ölkələrin hərbi təhsil müəssisələrində təhsil və təlimidir. Həmçinin neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi dir ki, burada da hədəf: dənizdə (Xəzər, Qara və Aralıq dənizlərində) və quruda (3 ölkə ərazisində) birgə dəniz və quru hərbi təlimlərin keçirilməsidir. Eyni zamanda kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsində hədəf kiber təhlükəsizlik sisteminin yaxşı qorunması və bu istiqamətdə beynəlxalq dəstəyin alınmasıdır2ş İnstitut rəhbərinin sözlərinıə görə, mövcud durum onu göstərir ki, Anlaşma Memorandumunun həyata keçirilməsi mümkün deyil: "Birincisi, Türkiyə istisna olmaqla Azərbaycan və Gürcüstanın istər bir-birlərinə, istərsə də Türkiyəyə münasibətdə sabitliyin təmin olunmasına strateji baxışları hələ də mövcud deyil. Rəsmi Bakı Moskvadan ehtiyat edərək Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiya ərazilərinin təcili və qeyd-şərtsiz azad olunması istiqamətində çağırışlar etməkdən çəkinir. Rəsmi Tbilisi isə Ermənistanla əməkdaşlığına "hörmət" edərək Azərbaycanın işğal altında olan ərazilərinin dərhal azad olunması istiqamətində bəyanatlar səsləndirmir. Rəsmi Tbilisinin Türkiyənin hərbi-siyasi problemlərinin həllində Ankaraya dəstək strategiyası yoxdur. Belə bir vəziyyətdə hər 3 ölkənin birlikdə "bölgədə sabitliyin təmin olunması" hədəfini güdən hərbi təlimlər həyata keçirməsi mümkün görünmür. İkincisi, Azərbaycan və Türkiyə arasında 2010-cu ildə imzalanmış çox ambisiyalı strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin bir çox müddəaları hələ də kağız üzərində qalıb. Ötən illər üçün nəzərdə tutulmuş bir çox hərbi sənaye layihələrinin gerçəkləşməsi müxtəlif səbəblərdən ləngiyir. Son 15 il ərzində Türkiyənin hərbi məktəblərində təhsil almış yüzlərlə Azərbaycan zabiti Azərbaycan Silahlı Qüvvələrində "karyera diskriminasiyası" ilə üz-üzə qalıb. Vaxtilə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ali Hərbi Məktəblərinə ezam olunmuş təlimatçı-müəllimləri ciddi şəkildə sıxışdırıldılar. Bütün bunlardan sonra Bakı və Ankaranın hərbi sahədə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olması barədə deyilənlər suallar doğurur. Üçüncüsü, Azərbaycan və Gürcüstan arasında hər hansı ciddi hərbi münasibətlər hələ də mövcud deyil. Vaxtilə iki ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi, eyni zamanda birgə müdafiə sənayesi qurumlarının yaradılması ideyası səsləndirilsə də, hər hansı ciddi hadisə baş vermədi. Dördüncüsü, rəsmi Bakının Moskvanın hərbi-siyasi dairələri ilə sıx rəsmi və qeyri-rəsmi münasibətləri qalır. Hazırda Rusiya və Azərbaycan arasında 4 milyard dollarlıq silah və hərbi texnika alış-verişi keçirilir. Daha doğrusu Rusiya Azərbaycana silah və hərbi texnika satır. Eyni zamanda ölkənin hərbi sistemində yüksək vəzifə tutanların tam əksəriyyəti Rusiya hərbi məktəbinin yetirmələridir və onların bəyanatlarında və ümumilikdə yanaşalarında anti-NATO ovqatı hiss olunur. Eyni zamanda Gürcüstan və Ermənistan arasında Tbilisi və Bakı arasında olduğu qədər hərbi sahədə əməkdaşlıq münasibətləri var. Tərəflər bir-birlərinə qarşılıqlı səfərlər edir, hərbi əməkdaşlıq münasibətlərini reallaşdırırlar. Xəzərdə hər hansı təlimlər keçirmədən "Neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlər"dən danışmaq bir qədər yersiz görünür. Amma Azərbaycan-Gürcüstan-Türkiyənin hərbi dəniz qüvvələrinin Xəzərdə hər hansı birgə hərbi təlimlərinin Rusiyanın qəti etirazı ilə qarşılanacağı şübhəsizdir. Bunun baş tutması ümumiyyətlə, hazırda mümkün görünmür. Ona görə ki, Moskva daim bəyan edir ki, Xəzəryanı ölkələrdən başqa hər hansı digər ölkə bu hövzəyə hər hansı şəkildə giriş edə bilməz. Beləliklə, 3 ölkənin silahlı qüvvələrinin istər dənizdə, istərsə də quruda hər hansı orta və geniş miqyaslı həqiqi hərbi təlimlər keçirməsi mümkünsüz görünür. Beləliklə, qeyd olunan və olunmayan onlarla səbəb onu deməyə əsas verir ki, Azərbaycan – Gürcüstan – Türkiyə arasında hər hansı ciiddi hərbi əməkdaşlığın həyata keçməsi mümkün deyil. Beləliklə də Cənubi Qafqazda hər hansı hərbi bloklaşmanın getməsi barədə iddialar əsassız görünür".