Milli Məclisin növbədənkənar iclası keçirilib Siyasət

Milli Məclisin növbədənkənar iclası keçirilib

İclada 28 məsələ müzakirə edilib

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilib. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 28 məsələnin müzakirəsi daxil edilib. İclasda Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Elm haqqında" qanun layihələri üçüncü oxunuşda müzakirə olunub.
Bundan başqa, iclasda bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsini nəzərdə tutan "Hərbi xidmət və hərbi vəzifə haqqında" qanuna dəyişiklik edilməsi də deputatların müzakirəsinə çıxarılıb. Həmçinin, "Hərbi qulluqçuların statusu haqqında" qanuna, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual Məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər edilməsi gündəliyə daxil edilib.
İclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsindən sonra "Elm haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ikinci oxunuşda 20-dən artıq millət vəkilinin çıxış etdiyini və onların təkliflərinin üçüncü oxunuşda nəzərə alındığını diqqətə çatdırıb.
Bildirilib ki, qanun layihəsi ilə yanaşı, magistr və doktorantlara möhlət hüququnun verilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliyinin nəzərdə tutulması müsbət addımdır. Qanun layihəsində Azərbaycançılıq anlayışının saxlanılması müvafiq hesab edilib. O qeyd edib ki, elm haqqında qanunvericiliyin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan bütün subyektlərin və iştirakçıların konstitusiya hüquqlarının təmin edilməsi və qorunmasından, onların arasında münasibətlərin tənzimlənməsi, elmi fəaliyyət sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi, elmi fəaliyyətin sərbəst və davamlı inkişafının təmin edilməsi, vətəndaşların əqli potensialının reallaşdırılması və elmi nailiyyətlərdən istifadə edilməsi sahəsində təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Əsas müzakirə isə Azərbaycanla İran arasında sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinin müzakirəsi zamanı olub.
Millət vəkili Zahid Oruc bildirib ki, bunlar əvvəldən də bağlanıla bilərdi: "Ancaq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı həmin müqavilələrə mane oldu. O zamankı İran rəhbərliyi də bunu Ermənistanla həyata keçirmək istəyirdi. Ancaq bir məqamı qeyd etmək istəyirəm. Ramazan ayının hansı gündə başlamağının müzakirə olunduğu bir vaxtda İran prezidenti Ermənstanın xarici işlər nazirini qəbul edib. Bu, bizdə narahatçılıq doğurmur. Biz düşünürdük ki, bu dövləti münasibətlərdir. Amma İran prezidentinin Ermənistan prezidentinə salam göndərməsi nə demək idi? Bu o deməkdir ki, Həsən Ruhani İrəvana səfər edəcək. Biz beynəlxalq təzyiqlərin qarşısında hər zaman regionda sülhü qorumağa çalışırıq. İran prezidentinin məsləhətçiləri bu məsələdə yanlışlığa yol verirlər.
Buradan çağırış etmirəm ki, Ruhani İrəvana səfər etməsin. İran da Türkiyə kimi Ermənistanla sərhədbağlama məsələsini Ermənistan üçün həyata keçirsəydi, Dağlıq Qarabağ münaqişəsinə müsbət töhfə verərdi. Azərbaycanda kimsə iranfobiya ilə yaşamır. İran bizi bəzən İsraillə münasibətlər qurmaqda ittiham edir. Ancaq İsrail İran ərazisini işğal etməyib. 1 milyonun köçkün düşməsində rol oynamayıb. Ancaq düşünürəm ki, İran Azərbaycanla Ermənistan arasında "bərabər" işarəsi qoymamalıdır".
Spiker Oqtay Əsədov millət vəkilinə "hər yazılan yazıya inanma",- deyə bildirib: "Azərbaycan dövləti var, məsələləri izləyir. Mən inanmıram ki, Ruhani İrəvana səfər etsin".
Millət vəkili Fazil Mustafa da İranın Azərbaycana yönəlik siyasətində korrektələr etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, İran Azərbaycanla Ermənistanı eyni səviyyədə tutmamalıdır: "Eyni zamanda, fürsətdən istifadə edib Türkiyə ilə viza məsələsini həll etməliyik, Ermənistanın əlinə avantaj verməməliyik".
Deputat Fəzail Ağamalı da məsələyə münasibət bildirib: "Bizim İran dövlətini ittiham etməyə haqqımız yoxdur. Çünki İran müstəqil dövlətdir. Prezident Həsən Ruhani hakimiyyətə gələndən sonra İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Ancaq İran dövlətinə çağırış etməliyik ki, İran-Ermənistan münasibətlətində korrektə etsin".
"İranla Ermənistan arasında olan münasibətlər bəllidir və hər bir dövlətin özünün xarici siyasəti var. Kim Azərbaycana deyə bilər ki, ABŞ-la münasibətləri düzgün qurmalısan? Vaxtilə bizə təzyiq etdilər ki, Rusiyaya qarşı siz də embarqolara qoşulun. Lakin biz buna etiraz etdik", - deyən Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, İran Azərbaycanın qonşusudur və bizim dost münasibətlərimiz var: "Biz hər hansı bir dövlətlə münasibət quranda ətraf müdaxiləni qəbul etmirik. Hər bir ölkə ilə bərabər münasibətlər qurmağın tərəfdarıyıq. Misal olaraq, bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri oldu və orada bir sra vacib əhəmiyyətli qərarlar qəbul edildi".
Millət vəkili Elman Nəsirov isə bildirib ki, Ermənistan tərəfi Həsən Ruhaninın bu ölkəyə səfərinə cəhd etsə də buna nail ola bilmir: "Amma bu müddət ərzində H. Ruhani Azərbaycana 6 dəfə səfər edib və yaxın zamanlarda İran, Azərbaycan və Rusiya prezidentləri səviyyəsində görüş nəzərdə tutulur. Məhz iki ölkə arasındakı münasibətlərin nəticəsində son illərdə iqtisadi və digər sahələrdə ciddi irəliləyiş əldə olunub. İranla Azərbaycan arasında Şimal-Cənub, Şərq-Qərb dəmiryolu dəhlizi reallaşır ki, bu da Azərbaycanın loqistik mərkəzə çevrilməsinə imkan verib". Millət vəkili onu da bildirdi ki, İranın Azərbaycanla deyil, Ermənistanla əlaqələrin inkişafı ilk olaraq İranın ziyanınadır və biz bunu Tehranın nəzərinə çatdırmalıyıq: "Burada söhbət müttəfiq ölkələrdən gedir. Ermənistana dəmiryolunun çəkilməsi və hər-hansı bir yardımın olunmasının əleyhinəyəm. Bu qəti şəkildə ola bilməz. Çünki Ermənistan işğalçı dövlətdir... Hər bir məsələnin axırı müqavilələrlə, sülhə bitməlidir. Biz belə müqavilələri bağlamaqla ölkələrimiz daha da yaxınlaşır...".
İclasda həmçinin "Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Zenit Aran Oil Company Limited" və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi baxılıb.
Layihə barədə Milli Məclisin sədr müavini Valeh Əsgərov məlumat verib. O bildirib ki, sazişin müddəti 25 ildir, əlavə 5 il müddətinə uzadıla bilər. Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Qanun sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Sazişə əsasən, 5 il sonra fəhlələrin 95 faizi, mühəndislərin 90 faizi Azərbaycan vətəndaşları olmalıdırlar.
Podratçı tərəflər kontrakt sahəsində karbohidrogenlərin kəşfiyyatı, qiymətləndirilməsi və işlənməsi üçün lazım olan maliyyə vəsaitini təmin etmək öhdəliyini öz üzərinə götürürlər.
Sazişin qüvvəyə minmə tarixindən sonrakı 150 gün ərzində podratçı blokun bərpası və hasilatı planının layihəsini hazırlayıb SOCAR-ın təsdiqinə təqdim etməlidir.
Bərpa və hasilat proqramı alındıqdan sonra 60 gün ərzində SOCAR yazılı şəkildə podratçıdan bu proqrama hər hansı dəyişikliklərin edilməsini tələb etmirsə, proqram təsdiq olunmuş sayılır.
Sənəddə həmçinin torpaqdan və obyektlərdən istifadə, podratçının neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi və hasilatın bölüşdürülməsi, vergi qoyulması, karbohidrogenlərin dəyərinin müəyyən edilməsi, əmlaka sahiblik və ondan istifadə, mühasibat uçotunun aparılması, ətraf mühitin mühafizəsi və təhlükəsizlik, idxal, ixrac məsələləri ilə bağlı müddəalar öz əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.