Müharibə qaçılmaz olacaq Siyasət

Müharibə qaçılmaz olacaq

Ermənistan hətta Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazırdır

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunması bu gün rəsmi Bakının məlum münaqişənin həllində qətiyyətli mövqeyini bir daha ortaya qoydu.
Rusiya-Türkiyə, Türkiyə-İsrail münasibətlərinin normallaşması Qarabağ münaqişəsinin həllində Sarkisyan rejiminin təklənəcəyi təhlükəsini yaratmış olur.
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq "Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır" deməsi tam yerində söylənilmiş fikirdir.
Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupu, BMT, həmsədr dövlətlər və Ermənistanın özü uzun illərdir deyirlər ki, müharibə olmasın və danışıqlar yolu ilə problem həll olunsun: "Təbii ki, biz də bunu istəyirik. Biz də deyirik ki, torpaqlarımız işğaldan azad olunsun. Ancaq onlar bunu sözdə deyirlər, əməldə etmirlər. 25 ildən artıq ki, bu sözlər deyilir. Əgər belədirsə onda ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri niyə bu işğalçı, cırtdan, terrorçu dövlətə təsir, təzyiq göstərib onu məcbur etmirlər ki, o öz hərbiçilərini, ordusunu Azərbaycan torpaqlarından çıxarsın və ölkəmizin ərazi bütövlüyü bərpa olunsun. Beləcə biz də dinc qonşuluq şəraitində yaşayaq. Necə ki, başqa qonşu dövlətlərlə bunu edirik. Ancaq bu belə olmayandan sonra cənab Prezident İlham Əliyev də dəfələrlə söyləyib ki, onların bu yaramaz hərəkəti Azərbaycanı məcbur edəcək ki, ölkəmiz öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi gücdən istifadə etsin. Təbii ki, bu da müharibə deməkdir. Əgər həmsədr dövlətlər müharibənin olmasını istəmirlərsə onların qoruyub himayə etdiyi bu işğalçı dövlət torpaqlarımızı azad etsinlər. Əks halda müharibə qaçılmaz olacaq".
"Ümumiyyətlə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlərə düzgün yanaşır". Bunu isə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
QAT sədrinin sözlərinə görə, beynəlxalq təşkilatların ədalətsiz mövqeyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanaşmada öz əksini tapır: "Bununla belə Ermənistanın öz mövqeyində yəni barışmaz mövqedə qalması bu yanaşmada, münasibətlərdə əks olunur. Çünki Vyana, Sankt-Peterburq görüşündən sonra Ermənistan yenə də özünün köhnə ampulasında qalıb. Hətta Varşavada keçirilən NATO Sammitində bəzi məsələlərə aydınlıq gəldi. Məlum oldu ki, işğalçı ölkə heç bir halda yumşalmaq fikrində deyil. Bu mənada hesab edirəm ki, Azərbaycan Prezidenti düzgün mövqedədir.
Məhz buna görə də Prezident İlham Əliyev haqlı olaraq ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dedi ki, həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir. Hətta ölkə rəhbəri Ermənistanda da bir mesaj ünvanladı ki, əgər işğalçı dövlət özünü bu cür apararsa Azərbaycan tərəfi başqa metodlara əl ata bilər. Hesab edirəm ki, bu müharibə mesajı idi. Əgər aprel hadisələrindən ermənilər dərs götürmədilərsə növbəti dəfə eyni hallar təkrarlana bilər".
Bu arada Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan hətta Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazırdır.
O bildirib ki, bu sənəd Ermənistanı razı salmasa da rəsmi İrəvan Madrid prinsiplərini əsas kimi qəbul edir.
"Həmin sənədin əsasında bir sıra işçi sənədlər qəbul edilib. Bunlar arasında Azərbaycanın imtina etdiyi Kazan sənədi də var".
Şarmazanov bu dəfə də xalqların öz müqəddaratını təyin etmə prinsipini ortaya atıb. O deyib ki, bu prinsip İrəvan üçün əsas olaraq qalır. "Azərbaycan mərhələli həldən danışırsa, ilk mərhələdə Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnu tanımalıdır. Belə olan halda "status-kvo" dəyişəcək".
2008-ci ildə qəbul edilən Madrid prinsiplərinə görə Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalıdır, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır.
Ermənistan indiyə kimi məsələ ilə razılaşmır və əvvəlcə statusu müəyyən etməyi vacib sayır. Bu prinsiplər əsasında uzun müddət "Kazan sənədi" müzakirə olunub.