
Əliməmməd Nuriyev: "Xüsusilə iqtisadi inkişafın davamlılığını təmin etmək üçün önəmlidir"
Fəzail İbrahimli: "Tezliklə öz müsbət nəticələrini göstərəcək"
"Konstitusiyaya təklif edilən dəyişikliklər dünyada və ölkəmizdə gedən proseslərlə bağlıdır və indiki çağırışlara cavab verir. Dəyişikliklər xüsusilə iqtisadi inkişafın davamlılığını təmin etmək üçün önəmlidir". Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib. O qeyd edib ki, təklif olunan dəyişikliklərdə sahibkarlıq sahəsinin inkişafı ilə bağlı aydın normaların olması çox mühüm məqamdır: "Artıq burada dövlətin sahibkarlığın inkişafına müdaxilə imkanının hansı hədlərə qədər olduğu göstərilib. Bu, çox vacib məsələdir. Digər tərəfdən özəl mülkiyyətdən, torpaqlardan səmərəli istifadə, xüsusi mülkiyyətin sosial öhdəlikləri, hüquqlardan sui-istifayə yol verilməməsi, şəxsi sirrin qorunmasının etirbarlılıq dərəcəsinin daha da artırılması, dövlət orqanlarında vətəndaşlara münasibətdə vicdanlı davranışın tələb edilməsi ilə bağlı normalar ilk növbədə vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasını, konstitusion təminatları gücləndirir".
Ə.Nuriyev bildirib ki, vitse-prezident institutunun yaradılması ilə bağlı məsələ də mühüm məqamdır: "Vitse-prezident institutunun yaradılması idarəetmədə çevikliyin daha da artırılması, iqtisadi islahatlarla yanaşı, siyasi islahatların daha da dərinləşməsi, buna paralel olaraq aparılması və bir-birini tamamlamasını təmin etməyə xidmət edir. Bu institut icra hakimiyyətinin daha səmərəli, rasional və çevik fəaliyyət göstərməsini şərtləndirəcək. Dünyanın 60-dan çox ölkəsində belə institutlar var".
O əlavə edib ki, dəyişikliklərdə, həmçinin ölkənin suverenliyinə təhdidlərdən müdafiə, silahlı qüvvələrin təkmilləşdirilməs və digər məslələr yer alıb: "Dünyada baş verən münaqişələr və müharibələr yeni etibarlı təhlükəsizlik sisteminin yaradılması ilə bağlı mühüm normaların konstitusiyaya gətirilməsini vacib edir. Dəyişikliklər Azərbaycanın inkişafında yeni dövr başladacaq, dövlətin səmərəli, çevik fəaliyyət göstərməsi, yaxşı idarətetmənin tətbiqi imkanlarının genişləndirilməsinə əlavə təminatlar yaradacaq, insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, dövlətimizə, ölkəmizə qarşı təhdidlərin qarşısının alınmasında mühüm rol oynayacaq".
Millət vəkili Fəzail İbrahimli deyib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsi tərəfindən də dəstəkləndi: "İndi isə söz xalqındır". O bildirib ki, Azərbaycan Prezidenti tərəfindən irəli sürülən dəyişikliklər tezliklə öz müsbət nəticələrini göstərəcək: "Referendumu dövlət səviyyəsində islahatlar paketi də adlandırmaq olar. Ölkə Konstitusiya üzərində idarə olunur. Konstitusiyada dəyişikliyin yeganə yolu isə referendumdur. Təbii ki, Konstitusiya zənginləşə, dəyişə, zamanın tələbinə uyğunlaşdırıla bilər. Bu dövlətin özünün ixtiyarında olan məsələdir".
Ölkəmizdə vitse-prezident institutunun formalaşdırılması ilə bağlı fikirlərini bildirən millət vəkili söyləyib ki, bu, dövlət idarəçiliyinə müsbət təsir göstərəcək: "Ümumiyyətlə, bütün ölkələrdə iqtisadi siyasi islahatlara hər zaman ehtiyac var. Təklif edilən dəyişiklikləri də həmin islahatların sırasına daxil etmək olar. Təbii ki, bu məsələlər əvvəlcədən ölçülüb-biçilərək, kifayət qədər müzakirə olunub. Yəni idarəçilikdə təcrübəsi olan, bu işi bilən insanların gəldiyi qənaətdir. Sözügedən dəyişikliklər idarə üsulunda olunan müsbət dəyişiklikdir".
Ediləcək dəyişikliklərdən sonra 18 yaşına çatan hər kəsin deputat seçilmək hüququ qazanması məsələsinə gəlincə, F. İbrahimli qeyd edib ki, əgər bir şəxs 18 yaşında vətəndaşlıq hüququ alırsa, onun seçib-seçilmək hüququ da olmalıdır: "Təbii ki, millət vəkili olmaq ağır məsuliyyətdir. 18 yaşında gənclərin deputat seçilmək hüququ qazanması, gənclərimizin önə çəkilməsi və gənc yaşında böyük siyasi təcrübə toplaması istiqamətində atılan addımdır".
"Dünya Türk Gəncləri Birliyi" ictimai birliyinin sədri Əkrəm Abdullayev bildirib ki, bu dəyişikliklər hər bir vətəndaşımızın xeyrinədir və ölkəmizin bundan sonra da çiçəklənməsinə xidmət edəcəkdir: "Ölkəmizin inkişafı və çiçəklənməsi naminə Prezident İlham Əliyev çox böyük islahatlar həyata keçirir. Belə islahatlardan biri isə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı ilə əlaqədar verilmiş sərəncamdır. Sərəncama əsasən 26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi keçiriləcək. Səsvermə zamanı ölkə əhalisi Azərbaycanın əsas qanunu olan Konstitusiyasına bəzi əlavələr və dəyişikliklərə öz münasibətini bildirməlidir. Bu dəyişikliklər təklifinə AR Konstitusiya Məhkəməsi Plenumu öz rəyini artıq bildirib və "Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif olunan dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğundur" şəklində qərarı verilib".
DTGB İB-nin sədri qeyd edib ki, digər bir tərəfdən, ictimai çevrələr və cəmiyyətin müxtəlif təbəqələri Konstitusiyaya ediləcək dəyişikliklərin müsbət xarakterli olduğunu vurğulamaqda, ölkəmizin güclənməsinə və inkişafına xidmət edəcəyini təsdiqləməkdədirlər: "Ölkənin idarə olunması, insanların mülkiyyət və digər hüquqlarının genişlənməsi, bələdiyyələrin səlahiyyətləri, hərbi və mülki quruculuğunun gücləndirilməsi və bu kimi sahələrdə Konstitusiya dəyişiklikləri gözlənilir. Xüsusi ilə idarəçilikdə və mərkəsi icra orqanlarının formalaşmasında yeni mərhələnin başlandığının şahidiyik. Belə ki, Azərbaycanda Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin yaradılması ölkə rəhbərliyinin keçirdiyi islahatları daha da aktiv və dönməz xarakterli olunması üçün nəzərdə tutulub.
Eyni şəkildə istifadəsiz qalmış və ya təyinatına görə istifadə olunmayan torpaqların üzərində vətəndaşların mülkiyyət haqqının məhdudlaşdırılması kənd təsərrüfatına təkan məqsədi güdməkdədir. Bələdiyyələrin vətəndaşların qarşısında daha da məsuliyyətli olmaları üçün mülki məsuliyyət daşıdıqlarını Konstitusiya dəyişikliklərində görmək sevindiricidir. Eyni şəkildə hər bir vətəndaş dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər".
Ə. Abdullayev Azərbaycanda son illər ərzində gedən inkişafdan da danışıb: "Ümumiyyətlə, Azərbaycanda son illər ərzində gedən inkişaf və bu inkişafın davamlı olması üçün lazım olan islahatlar sadəcə qanunlar səviyyəsində qala bilməzdi. Dəyişikliklərin Konstitusiya səviyyəsində təsdiq olunması milli və ictimai-siyasi tələbat idi. Düşünürəm ki, ümumxalq səsverməsi zamanı hər kəs öz mövqeyini bildirməkdə çətinlik çəkməyəcək və heç bir məhdudiyyətlə üzləşməyəcək. Çünki, bu dəyişikliklərin hər bir vətəndaşımızın xeyrinə olduğunu, ölkəmizin bundan sonra da çiçəklənməsinə xidmət etdiyini hər kəs bilir və dəstəkləyir. Xalq öz rəhbərliyinə inanır və onunla birlikdə addımlayır. Dövlətimizin və xalqımızın birlik və bərabərliyini biz bu dəfə də görəcəyik və hamılıqla yeni islahatların keçirilməsinə başlayacağıq...".
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib ki, ümumiyyətlə Azərbaycanda Referendumun keçirilməsi tam Konstitusiya və qanunlar çərçivəsindədir: "Burada qanunsuz heç bir hərəkətə, əmələ yol verilmir. Təbii ki, Azərbaycan xalqı da bu referenduma öz münasibətini məhz həmin gün yəni konkret olaraq sentyabrın 26-da səsvermə günü bildirəcək. Beləcə, nəticələr də ona uyğun olaraq elan ediləcək".
Kimlərinsə buna müxtəlif aksiyalar keçirməklə etiraz etməsinə gəlincə sədr bildirib ki, bu da təbii bir şeydir: "Çünki Azərbaycan demokratik ölkədir. Burada fərqli düşünənlər, mövqeyi olanlar fikirlərini açıq şəkildə ifadə edə bilərlər. Bu baxımdan o qüvvələrin belə bəyanat verməsi əslində elə Azərbaycanın demokratik imicinin bir daha təsdiqlənməsi deməkdir. Ümumiyyətlə mən kütləvi aksiyaların keçirilməsinə o qədər də inanmıram. Çünki heç şübhə etmirəm ki, kütləvi aksiyalara çağırılanların imkanları artıq tükənib. Onlar böyük bir sayda insanları meydana toplayıb səfərbər edə bilməyəcəklər. Bu baxımdan narahatçılığa gərək yoxdur. Ümumilikdə cənab Prezidentin bu təşəbbüsü ciddi milli dəstək görəcək. Yəni, ölkə əhalisinin böyük əksəriyyəti böyük ehtimalla və böyük faizlə onun bu təşəbbüsünü dəstəkləyəcək. Ona görə də etirazçıların etiraz bəyanatlarına o qədər də əhəmiyyət verməyə gərək yoxdur".