“Qonşu ölkədəki hadisələri diqqətlə izləməyə ehtiyac var” Siyasət

“Qonşu ölkədəki hadisələri diqqətlə izləməyə ehtiyac var”

Elxan Şahinoğlu: "İmkan vermək lazımdır ki, bir-birləri ilə silahlı haqq hesablarını çəksinlər"

"Saxta ittihamlarla və gülənçilərin prokurorları vasitəsilə "Balyoz" və "Ergenekon" adıyla yüzlərlə namuslu hərbçi tutulanda bircəciyi də xaricə qaçmaq təşəbbüsündə bulunmadı, xaricdə olanı da gəlib məhkəməyə təslim oldu, çünki vətənə, millətə - Atatürk prinsiplərinə sadiq idilər". Bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq əlavə edib ki, FETÖ-ya bağlı namussuzların isə həbsdən qorxaraq qaçmadıqları yer qalmayıb: "Başçıları isə Amerika qəzetlərində məqalələr yazaraq Vaşinqtona yalvarır ki, amandır, məni Türkiyəyə təhvil verməyin. Mənə yenə kimsə "yaxşı təhsil verirdilər" nağılını xatırlatmasın. "Yaxşı təhsil" verdiklərinin əksəriyyətinin Türkiyədə 15 iyulda hansı xəyanətkar planı həyata keçirmək istədiklərini gördük".
Politoloq həmçinin Ermənistanda baş verıən proseslərə də münasibət bildirib. Onun fikrincə, Ermənistanın qarışdığı indiki zamanda bir qədər gözləməyə və qonşu ölkədəki hadisələri diqqətlə izləməyə ehtiyac var. O, bildirib ki, indi Azərbaycan ordusu genişmiqyaslı hücuma başlasa, bu Ermənistan prezidenti Serj Sərkisyana cəmiyyətini konsolidasiya etməyə imkan verəcək: "Belə bir şəraiti isə ona yaratmaq olmaz. İmkan vermək lazımdır ki, bir-birləri ilə silahlı haqq hesablarını çəksinlər. Buna baxmayaraq, snayper döyüşlərinə ara verməməliyik, atəşkəsi pozan işğalçının itkilərini artırmalıyıq. 1993-cü ildə erməni işğalçıları Sürət Hüseynovun satqınlığından və Bakıda hakimiyyət uğrunda başlayan mübarizədən istifadə edərək işğalın miqyasını artırdılar, indi isə növbə bizə çatıb".