
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Şəhidlik hamıya qismət olmayan və uca yaradanın xüsusi seçdiyi bəndələrinə qismət etdiyi ən uca məqamdır. Bu pafos deyil, gerçəklikdir. Hər birimiz bu dünyadan gedəcəyik. Amma şəhidlər əksəriyyət kimi ucuz ölüm, ağır xəstəlik və ya müxtəlif adi səbəblərlə dünyalarını dəyişmirlər, məhz vətən uğrunda canlarını fəda edərək şəhid olurlar.
Qürur duyduğumuz şəhidlərimizdən biri də şəhid mayor Vüsal İslam oğlu Vəliyevdir.
Şəhidimiz 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilin sirrlərinə yiyələnib. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vurub.
2009-cu ildən “leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb. Tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, motoatıcı bölüyün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinəcən yüksəlib. Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş xüsusi medalla təltif olunub.
Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.
Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Mayor Vüsal Vəliyev nişanlı idi.
Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu qardaşş ilə keçirdiyi son görüşlə bağlı yazısı olduqca əsirlidir: “Onunla son görüşümüzdən düz 3 il keçir. 3 aylıq təlimdən çıxmışdı, çox yorğunu idi.
3 il əvvəl elə bugünki tarixdə Göygöldə son dəfə bərk-bərk qucaqlaşdıq, son dəfə bir-birimizi öpdük, son dəfə göz-gözə baxdıq, səssizcə vidalaşdıq. Hadisələr sanki dünən baş verib. “Bu dəfə sonacan gedəcəyik, bizdən sonrakı nəslə müharibə qalmamalıdır.
Bircə döyüş əmr verilsin, hamısını məhv edəcəyik. İgidlərimə bircə əmr kifayətdir, düşmənin külü göyə sovrulacaq. Nə vaxta qədər torpaqlarımızda onların gəzməsinə dözəcəyik.
Dostlarımın, cənab generalın intiqamını alacam. Bu dəfə onları “dayday”ları da qurtara bilməyəcək”, – dedi. Maşına doğru gedəndə qəflətən geri döndüm, bir dəfə də möhkəm qucaqladım. “Özünü qoru, özündən muğayat ol” dedim.
Gülümsədi, “narahat olma, qaqam, hər şey yaxşı olacaq”, – dedi. Amma hər şey yaxşı olmadı.
Ürəyimdə bir köz var. Nə sönür, nə də alışmır. Eləcə korun-korun yandırır. Ömrümün sonunacan da o köz ürəyimi yandıracaq.
Ruhun şad olsun qardaşım,
Ruhun şad olsun Komutan !”
Şairə-publisist Xalidə Nuray yazır: “...Atası İslam müəllim və anası Mədinə xanım nişanlı oğlu Vüsalı evləndirmək üçün toy abı-havası ilə sevincək hazırlıqlar görürdülər. İslam müəllim Naxçıvanda özünəlayiq adlı-sanlı ziyalı kimi hörmət qazanmışdı. Mədinə xanım çox mehriban, qayğıkeş ana kimi övladlarını hər əzabına dözürdü ki, təki siz oxuyun. Həqiqətən İslam müəllimin övladları da çox tərbiyəli, savadlı idilər. Böyüklərə hörmət, kiçiklərə nəvazişlə yanaşardılar. Vüsal ortancıl oğlu idi. İslam müəllim bütün övladlarının uğuru ilə çox sevinirdi. Vüsalın hərbidə qazandığı uğurlar, mayor rütbəsinədək ucalması isə onu daha da, qürurlandırırdı. İslam müəllim özü üç günlük olanda atası 1941-45-ci ilin müharibəsində itkin düşmüşdü. Hər söhbət düşəndə kədərlənən İslam müəllim, oğlunun yoxluğu xəbərinə cəmi üç saat dözə bildi. Ata qonşuluqda yas mərasimində eşitdiyi "Bəlkə Vüsal şəhid olub?" sözlərinə özünü oğluna qurban dedi və həyata gözlərini əbədi yumdu. Vüsaldan artıq 2020-ci il 02 oktyabrdan heç bir xəbər yox idi. Anası isə bundan xəbərsiz idi. Övladlarına tapşırırdı ki, atanızın ölümünü Vüsala deməyin, uşaq fikir eliyər. Böyük qardaşı Əpoş isə gecə-gündüz Vüsalı soraqlamadığı hərbi hissə qalmadı. Bacılar atanın yas mərasimində əli göydə,ürəkləri döyüntüdə, gözləri qapıda idi ki, atam Vüsalın ölümünə qıymadı, özünü qurban dedi və getdi, bəlkə Vüsalın yoxluğu xəbəri yalan olar... Çox təəssüf belə olmadı, ananın hazırladığı bəy otağına Vüsalın bayrağa bükülmüş şəhidlik libasında şəhadətə yola salan tabutu gəldi. Bu ucalığa Vüsal öz göstərdikləri şücaətlərlə, Murovdağda, Şuşada etdiyi qəhrəmanlıqlarla çatdı. O, "Vətən"sevgisini doğmalarının sevgisinə, öz çiçəkləməmiş sevgisinə dəyişmədi. Vüsal ailəsinin, vətənimizin, bizim hər birimizin fəxridir. Bu gün biz onun göstərdiyi igidlikdən qürurla danışırıq. Vüsal həmişə ürəklərdə yaşayacaq, gələcək nəsillərə nümunə olacaq. Allahın sevimli bəndələri şəhidlik zirvəsinə ucalır. Çünki onlar cənnət mələkləridir. Vüsal da bu mələklərdən biridir. Məkanı cənnət olsun!”.
Siyasi elmlər üzrə fəlsəfə doktorudur Zaur Əliyev isə yazır: “Allah insanı yaradanda bütün mələkləri onun qarşısında baş əyməyə əmr etdi. Yeganə oddan törəmiş olan İblis insan qarşısında baş əymək istəmədi. Dünyanın sonuna qədər də bunu etməyəcəyini elan etdi. Lakin böyük Yaradan onu bunu etməyə məcbur edəcək bir qəlb yaratdı və onu vətəni uğrunda şəhid olmağa hər zaman hazır olacaq çox güclü insanlara verdi. Bu güclü qəlbə malik olan Şəhidlərimiz önündə iblis belə baş əyməyə məcbur oldu.
Şəhidlik...
Vətən uğrunda canından keçmək
Bayrağı canından üstün tutmaq..
Tanrı bu qəlbi yaradanda ona bu hissləri verdi. Azərbaycanın uğrunda tarixin bütün dövrlərində və 44 günlük müharibədə bu qəlbə sahib olan minlərlə şəhidimiz olub. Onlardan biri də Şəhid Mayor Vüsal Vəliyev -dir.
Vüsal barəsində çox yazıblar, çox deyiblər. Hesab edirəm onlar onun qəhrəmanlığı yanında hələ çox az sözlərdir. Vüsal mənə görə Torpaqdır. Torpaq olmasa yer kürəsi olmaz, insanlıq olmaz, yaşam olmaz, bitkilər olmaz, həyat olmaz..Vətən olmaz
Məhz Vüsal Torpaqdır ki, o olub ki, biz varıq.. Vətən var..Yaşam var.Həyat var..
Sən, bizim aramızda olmasan belə adın, xatirələrin bizimlədir. Biz hər dəfə ayağımızı yerə basanda sən Torpaq olaraq bizimləsən...
Ruhun şad olsun Komandir..
Min illər keçəcək və hər dəfə bu gün sən xatırlanacaqsan...Bizi qoruduğun üçün, Vətəni qoruduğun üçün, torpağı qoruduğun üçün sağ ol....
Unutmadıq səni, unutmayacağıq...”.
Əli
Yazı "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə əsasında dərc edilir