Prezident Belçika səfirinin etimadnaməsini qəbul edib Siyasət

Prezident Belçika səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufsun etimadnaməsini qəbul edib.
Səfir Bert Skufs fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı bu əlaqələrin razılıq doğurduğunu bildirib. Ölkələrimiz arasında ticarət, sərmayələr, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Belçika şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan dövlətimizin başçısı xüsusən tikinti sahəsində bu şirkətlərin uğurlu təcrübəsini qeyd edib. Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Bert Skufs hələ 2012-ci ildə Azərbaycanda olduğunu, ölkəmizin və Bakının gözəlliyinin, həmçinin xalqımızın səmimiliyinin onu valeh etdiyini deyib. Belçika şirkətlərinin Azərbaycanda tikinti sahəsi ilə yanaşı, logistika, əczaçılıq, tibb, texnologiyalar və digər sahələrdə fəaliyyət göstərdiklərini qeyd edən səfir Bert Skufs ölkəsinin iş adamlarının Azərbaycan şirkətləri ilə işləməyə hər zaman açıq olduqlarını bildirib. Fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında yaxşı münasibətləri davam etdirmək olacağını vurğulayan səfir hər iki ölkənin maraqları daxilində iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istiqamətində də səylərini əsirgəməyəcəyini qeyd edib.