Vətən sevgisi Hadisə

Vətən sevgisi

44 günlük haqq savaşımızda Vətənin müqəddəsliyinə tapınıb şəhidlik yolunu seçən qəhrəmanlardan bir də 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində dünyaya göz açan Mətləb Məhəmməd oğlu Cəfərovdur. Yurd sevgisi ilə boya-başa çatan igid 30 il yağıya əsir düşən Qarabağımızın azadlığı uğrunda son damla qanına qədər döyüşüb, 43 yaşında adını tarixə yazıb. Şərəfli ölümü ilə milyonların ürəyində özünə abidə ucaldan şəhid Mətləb Cəfərovun ömür yolunu Azərbaycan xalqı örnək saymaqla onunla qürur duyur. O, ucaldığı əlçatmaz, ünyetməz göylərin parlaq ulduz kimi yolumuza işıq saçmaqla bərabər, həm də deyir: “Vətən torpağı namusdur, onu qorumalı, sevməli, eləcə məqamı gələndə onun yolunda ölməyi bacarmaq lazımdır”.
Şanlı zəfərimizin müəlliflərdən biri olan Mətləb Cəfərov 9-cu sinfə qədər doğma kənd məktəbinə gedib. Nümunəvi davranış və yaxşı oxumaqla məktəbdə hamı ona hörmət göstərib. İki il isə paytaxt Bakıda liseydə təhsil alıb. Doğma yurdunu qəlbən sevən Mətləb xalqına daha gərəkli övlad olmaq məqsədilə ali təhsil də alıb.
Yağının ölkəmizə qarşı etdiyi işğalçı siyasəti ilə heç barışmayan Mətləb Vətənin müdafiəsinə qalxıb. Ordu sıralarına qatılaraq məqamı gələndə fədakarlıq, mərdlik nümunəsini göstərib. Qana susamış erməni dığalarını qanda boğmaq onun əsas arzusu, amalı olub. Böyük komandirlərin verdiyi tapşırıqları məsuliyyətlə yerinə yetirib, hərbi sirlərini mükəmməl öyrənməkdən ötrü vacib təlimlər zamanı bütün sınaqlardan uğurla keçib. Həmişə də tabeliyində olan əsgərlərə bildirib ki, Vətənin hər qarışı gözəldir. Qeyrətli oğul öz yurdunu düşmən verməz.
Mətləb Cəfərov xidməti başa vurub baş leytenant rütbəsində ehtiyata buraxılıb. Qəlbində Vətən, torpaq sevgisi, düşməndən alacağı öcü gözləyib.
Sentyabrın 27-si səhəri Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən Vətən müharibəsi başlanıb. Azərbaycanın qəhrəman oğulları otuz ilə yaxın məkrlı düşmənə əsir düşən əzəli yurd yerimiz olan Qarabağın azadlığı uğrunda döyüşlərə atılıblar. Mətləb Cəfərov da onların sırasında yer alıb. Müharibənin ağır və qorxulu mühiti ona adi hal kimi görünüb. Ən qaynar nöqtələrdə döyüşməklə düşmənə sarsıdıcı zərbələr endirib, onun xeyli canlı qüvvəsini, texnikasını məhv edib. Azad olunan Vətən torpaqlarında üçrəngli, müqəddəs bayrağımız ucaldıqca Mətləb işğalçılara qarşı daha da qəddar olub. Füzuli-Cəbrayıl istiqamətində gedən ağır, qeyri-bərabər döyüşdə yüksək rəşadət, şücaət nümayiş edib. Qarabağımızın hər qarış torpağının azadlığı üçün erməni dığalarına qan qusdurub, ürəyincə qisas ala-ala qələbəyə doğru addımlayıb. Uzun bir ölüm-dirim döyüş yolu keçən baş leytenant Mətləb Cəfərov noyabr ayının 2-si Qubadlıda düşmən gülləsinə tuş gəlib. Ağır yaralanan Sabirabadın qəhrəman oğlu 18 gün koma vəziyyətdə qalıb. Həkimlərin bütün səyinə baxmayaraq, noyabrın 20-si, yəni doğum günündən bir gün sonra şəhidlik zirvəsinə ucalıb. Vətənpərvərliyin ən ali məqamına yetişib ölümsüzlüyə qovuşan Mətləb Cəfərov dövlət tərəfindən “Vətən uğrunda”, Füzulinin, Şuşanın azadlığına görə medallara layiq görülüb.
Mətləb Cəfərov Vətən, torpaq yolunda öz canından keçməklə əsrlərə sığmayan ləyaqətli, şərəfli bir ömür qazandı. O, cismən aramızda olmasa da, onun əziz xatirəsi həmişə xalq tərəfindən uca tutulur.
Zəfər Orucoğlu