
44 günlük haqq savaşımız başlananda şəhid mayor Şahlar Cəfərov cəbhənin ən odlu nöqtəsində yağıya qarşı döyüşə girib. Çünki o, öz Vətənini canından artıq sevirdi, onun yolunda hər an qurban getməyə hazır idi. Müharibənin ilk günündən cəsarətlə döyüşüb, erməni dığalarına qan qusdurub. Hər dəfə odun-alovun içinə girib yağının üzərinə yeriyəndə onunla çiyin-çiyinə vuruşan yoldaşlarına deyib ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Tezliklə mənfur dığaları Qarabağımızdan qovmalıyıq. Neçə-neçə ağır sınaqlardan üzüağ çıxan mayor Şahlar Cəfərov oktyabrın 14-də son dəfə dığalara gücünü göstərməklə şəhadətə ucalıb. Beləcə, şərəfli ömür yolu gələcək nəsillərə örnək olmaqla yanaşı, həm də misilsiz qəhrəmanlığı onu əbədiyyətə qovuşdurub.
Azərbaycan tarixində öz imzası olan, Vətən müharibəsində qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən şəhid mayor Şahlar Fəzail oğlu Cəfərov 1975-ci il iyunun 5-də Sabirabad rayonunun Xəlfəli kəndində dünyaya göz açıb. Həyatı dərk edən gündən Vətəninə, xalqına ürəkdən bağlanan gənc yurduna dadanmış işğalçı düşmənlə heç cür barışa bilməyib. Məhz buna görə də işğalçılardan qisas almaq üçün hərbçi olmağa qərar verib. Böyük-kiçik yerini bilən, aldığı tərbiyəni hər addımında yaşadan, yaxşı işlərə, xeyirxah əməllərə can atan, el-obada dərin məhəbbətlə sevilən, ehtiramla qarşılanan Şahlar Cəfərov orta məktəbi bitirdikdən sonra, yəni 1993-cü ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlar məktəbinə daxil olub. Dövlətinə, millətinə xeyirli övlad olaraq yetişən gənc burada böyük həvəslə oxuyub, hərbin sirlərinə mükəmməl yiyələnib. 1997-ci ildə məktəbi başa vurub. Leytenant rütbəsində cəbhə bölgəsində Vətənin keşiyində durub. Vətənsevərliyi, mərdliyi, yoldaşa qarşı səmimiyyəti, saflığı onu əsgərlərin, zabitlərin yanında hörmət sahibi edib.
Şahlar Cəfərov peşəkar zabit kimi 21il orduda xidmət edib. Vətənin gələcəyini, xalqının xoşbəxtliyini düşünüb, doğma Azərbaycanın müqəddəsliyini canında belə əziz tutub. Qarabağı azad görmək amalı ona qatıldığı hərbi təlimlərdə həmişə uğur qazandırıb. Torpağına daha da ürəkdən bağlanıb, fədakarlığı nümunə göstərilib. Həmçinin erməni işğalçıları ilə çox üz-üzə gəlib, onlara yaxşı dərs verib. Əsgərləri isə öz komandirdən Azərbaycanı necə sevməyi, qardaşlığı, bir-birinə dayaq, arxa olmağı, döyüş meydanında rəşadət göstərməyi, yağıya nifrət bəsləməyi öyrəniblər. Peşəkar zabit həm də orduda vicdanlı, nümunəvi xidmətə görə çoxlu medallar, diplom və sertifikatlara layiq görülüb. Şahların ürəyində isə bir istək olub: nəyin bahasına olursa-olsun, əzəli, əbədi yurd yerimiz cənnət məkan Qarabağımızı tezliklə işğalçıların tapdağından azad etmək.
Mayor Şahlar Cəfərov Vətənini göz-bəbəyi kimi qorumaqla ömrünün 43-cü ilinə çatıb. Ordudan tərxis olunsa da, yağıdan alacağı öcə hazır durub. O, hərbiyə illərini, ömrünü elə bu məqsədlə sərf etmişdi. Ən çətin təlimlərdə qazandığı bilik və bacarıqları da bu müqəddəs amal üçün idi...
Mayor Şahlar Cəfərov 2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində batalyon komandiri olaraq sinəsini Vətənə sipər edib, qələbəyə inamla yağıya ilk zərbəni vurub. “Hər şey Vətən üçün”,- deyib çox döyüşlərdə göstərdiyi hünər nəticəsində erməni dığaları ciddi itkilərə məruz qalıb. Füzulu istiqamətində ölüm-dirim savaşında sözün əsl mənasinda, tarix yazıb.
Şahlar Vətən müharibəsində ağır, həlledici döyüşlərdən sayılan Hadrut uğrunda 14 oktyabrda gedən əməliyyatlarda yüksək şəxsi rəşadət nümayiş edib, tabeçiliyində olan taborun şəxsi heyətinə əsl mərdlik, igidlik nümunəsini göstərib. Yaralı komandir “qələbə bizimdir”-deyə əbədi gözlərini yumub. Şərəfli ölümü ilə milyonların ürəyində özünə əbədi məkan quran Sabirabadın qəhrəman oğlu dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, Xocavəndin, Füzulinin azadlığı uğrunda medallarla təltif edilib.
Zəfər Orucoğlu