“Bu qərarın İran konstitusiyası ilə birbaşa əlaqəsi var” Siyasət

“Bu qərarın İran konstitusiyası ilə birbaşa əlaqəsi var”

"Həsən Ruhani prezident seçkisi kampaniyası dövründə verdiyi vədlərdə İranda fars dilindən başqa digər dillərin də tədris olunacağını bəyan etmişdi. Azərbaycanlıların yaşaığı tarixi ərazilərə, onların vətənlərinə səfər edərkən də belə vədlər vermişdi. Bunu açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədrisə başlanılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu vədin üstündən xeyli vaxt kerməsinə baxmayaraq qərar indi qəbul olunub: "Əslində bu qərar İran konstitusiyası ilə birbaşa əlaqəli olan qərardır. Yəni yeni heç bir şey kəşf olunmayıb. İran konstitusiyasında bu ölkədə yaşayan bütün xalqların öz dilində təhsil almaları və öz dillərində mətbuat, ədəbiyyat yayımlamaları barədə müddəa var. Bu, konstitusion bir normadır. İndi artıq İran konstitusiyasında olan bu normanın həyata keçirilməsi itiqamətində addımlar atılıbsa, təbii ki, bunu müsbət qarşılamaq lazımdır. Ümid edək ki, bu, kağız üzərində qalacaq bir qərar olmayacaq, çünki çox böyük sayda, yəni rəsmi mənbələrin verdiyi məlumatlara görə, bu ölkədə 35 milyonluq bir toplum - azərbaycanlılar yaşayır. Bu toplumun da öz dilində təhsil almaq hüquqları var. Ölkənin çoxluğunu təşkil etsələr də, bu günə qədər öz ana dillərində məktəbləri olmayıb, mətbuatları da ara-sıra çıxıb, amma onu ciddi mətbuat hesab etmək olmaz. Ümid edirəm ki, bu, bütövlükdə İranda gedən proseslər baxımından müsbət hadisə olacaq və verilən qəraraın icrası istiqamərində də prinsipial addımıar atılacaq".