“Uorlikin bəyanatının reallaşması üçün...” Siyasət

“Uorlikin bəyanatının reallaşması üçün...”

Elçin Mirzəbəyli: "İşğala son qoyulmalıdır"

"ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağın təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq sülhməramlı qüvvələrin orada yerləşdirilməsi ilə bağlı bəyanatının reallaşması üçün ilk növbədə işğala son qoyulmalıdır". Bu fikirləri açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Dağlıq Qarabağa beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi yalnız münaqişə həll edildikdən sonra, Dağlıq Qarabağa, eləcə də digər ərazilərə köçəcək insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müzakirə mövzusu ola bilər: "Lakin prosesin əvvəlində belə bir addımın atılması şübhəsiz ki, yol verilməzdir. İndiki şəraitdə Dağlıq Qarabağa beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi, mövcud status-kvonun qorunub saxlanmasına xidmət edəcək. Bu baxımdan amerikalı həmsədrin bəyanatı hansı prinsipdən çıxış edilərək verildiyi hələ ki, bəlli deyil. Yəni bu qüvvələrin prosesin hansı mərhələsində Dağlıq Qarabağ yerləşdirilməsi nəzərdə tutulduğu açıqlanmır. Qənaətimə görə, bu, amerikalı həmsədrin növbəti monipulyativ açıqlamasıdır. Düşünürəm ki, sözügedən məsələ danışqlar prosesinin indiki mərhələsində tamamilə aydınlaşmış müddəlarından biri deyil".
E. Mirzəbəyli qeyd edib ki, həmsdərlərin davranışları onların münaqişənin tezliklə həllində maraqlı olduqlarını göstərmir: "Münaqişənin tez bir zamanda həll olunması ilk növbədə Azərbaycanın maraqlarına uyğundur. Lakin mən ATƏT-in Minsk qrupunun həmsdərlərinin, o cümlədən də amerikalı həmsədrin münaqişənin tezliklə həllində nə qədər maraqlı olduğunu deyə bilmərəm. Çünki, bu onların davranışlarında o qədər də nəzərə çarpmır. İndiki şəraitdə Ermənistan yenə də özünün monipulyativ davranışlarını davam etdirir. Amma bunun müqabilində düşmən ölkəyə qarşı konkret iqtisadi, diplomatik təzyiqlərin edildiyini müşahidə etmirik".