“Suriya kürdlərinin muxtariyyatdən müstəqilliyə getməsinə artıq aylar qalırdı” Siyasət

“Suriya kürdlərinin muxtariyyatdən müstəqilliyə getməsinə artıq aylar qalırdı”

Məhəmməd Əsədullazadə: "YPG-nin bu, planlarını Türkiyənin "Fərat qalxanı"əməliyyatı pozdu"


Rusiyanın Qara və Xəzər dənizində 12 minlik ordu ilə təlim keçməsi nüfuz uğrunda başladılan soyuq savaşın anonsudur. 5 ilə yaxındır ki, Suriyada cərəyan edən proseslər artıq müsbət məcraya doğru inkişaf etməkdədir. Hazırkı situasiyada müşahidə edilən mənzərə ondan ibarətdir ki, dünənə qədər Suriyada qarşı-qarşıya gələn qüvvələr, ölkələr indi Suriya probleminin həlli, bu ölkədə sülh və sabitliyin əldə olunması məqsədilə birgə çalışmağa üstünlük verirlər. Hər halda ən azından Türkiyə və Rusiyanın timsalında bunu görmək mümkündür. Keçən ilin sentyabrından Suriya məsələsi üzündən sanki bir-birinə qarşı düşmənə çevrilən Ankara və Moskva bu gün eyni məsələdə ortaq mövqe sərgiləyirlər. Bu da öz-özlüyündə yaxın vaxtlarda Suriya probleminin həllinə olan ümidləri artırır. Ancaq burada təəssüf doğuran məqamlardan biri isə ondan ibarətdir ki, Qərb bu yaxınlaşmadan ciddi narahatdır və Rusiya ilə Türkiyənin Suriya probleminin həllində anlaşma əldə edə bilməsindən ehtiyatlanır. Çünki Qərbə sabit, inkişaf edən deyil, ərazi bütövlüyü pozulan, parçalanan, siyasi cəhətdən qeyri-sabit bir Suriya daha sərfəlidir. Elə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. Politoloq deyir ki, 2012-ci ildən Suriyada başlayan vətəndaş müharibəsi tez bir zamanda terror təşkilatlarının fəaliyyət məkanına, eyni zamanda Qərb və Rusiyanın nüfuz uğrunda savaş meydanına çevrildi. Onun sözlərinə görə, bu proseslərə İranın da qoşulması,Yaxın Şərqdə bitmək bilməyən savaşı dərinləşdirmək və məzhəb müharibəsinin alovlanmasına zəmin yaratmış oldu: "Suriya ilə 900 kilometr sərhəddə malik olan, bu ölkədə yaşanan problemlərdən demək olar əziyyət çəkən, Suriya qaçqınlarına sahib çıxan, amma Suriyaya heç bir müdaxiləsi imkan verilməyən isə Türkiyə oldu. İran, Rusiya və Birləşmiş Ştatlar Suriyada savaşı dərinləşdirdikcə, bunun mənfi fəsadları Türkiyəni vurmaqdadır. Artıq yaşanan problemlər o, səviyyədə inkişaf etmişdir ki, Birləşmiş Ştatların dəstəyi ilə Şimali Suriyada terrorçu kürd YPG və PYD təşkilatları güclənməkdə idi. Rusiya ilə təyyarə krizindən sonra Türkiyə Suriyaya müdaxilə edə bilmirdi. Eyni zamanda Birləşmiş Ştatlar da buna razılıq vermirdi". Məhəmməd Əsədullazadə qeyd edib ki, Türkiyənin yaxın gələcəkdə ərazi bütövlüyünü təhdid edəcək və Yaxın Şərqin xəritəsini dəyişmək imkanına sahiblənməkdə olan Suriya kürdləri artıq, Şimali Suriyada öz imkanlarını birləşdirərək, muxtariyyatdən müstəqilliyə getməkdə israrlı idilər: "Demək olar, buna artıq müəyyən aylar qalırdı. Birləşmiş Ştatların fəal hərbi logistik və siyasi dəstəyindən istifadə edən YPG-nin bu, planlarını Türkiyənin "Fərat qalxanı"əməliyyatı pozdu. Bu, əməliyyat Yaxın Şərqin kiçik dövlətlərə parçalanmasının qarşısını aldı. "Fərat qalxanı" əməliyyatı ilə Türkiyə artıq, Şimali Suriyada kürd dövlətinin qurulmasının qarşısın almaqla yanaşı, həm də Qərbin planının reallaşmasını əngəlləmiş oldu. Avqustun 24-də Birləşmiş Ştatların vitse-prezidenti Co Baydenin Ankara təmaslarından sonra ABŞ Suriya kürdlərinin müstəqilliyini unutmuş oldu. Hazırda Türkiyə Suriyada aktiv hərbi əməliyyatlar keçirərək İŞİD və YPG nəzarətində olan Türkiyə sərhəd boyu ərazilərə nəzarəti ələ alıb. Bundan sonra Türkiyə Suriyada nüfuz və söz sahibi olaraq, gələcək Suriyanın siyasi həyatında mühüm rol oynayacaq. Türkiyə Suriyadadır və daima qeyd edildiyi kimi Türkiyə "Suriyaya girərsə bataqlığa düçar olacaq" deyiminin həqiqəti əks etdirmədiyini göstərdi. Həmçinin bu, müdaxilə ilə özünü planlaşdırılan bataqlıqdan çıxardı. Bəli,Türkiyə Suriyaya müdaxilə etməklə onun üçün hazırlanan bataqlığı dəf etdi. Və kürdlərin əli ilə ssenariləşdirilmiş bu, bataqlığa kürd terrorçu təşkilatlarının özünü saldı". Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Pekində Birləşmiş Ştatlar və Rusiya rəhbərliyinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələr Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlarının uğurlu olacağına zəmin yaratdı. Artıq, Suriyanın ərazi bütövlüyünü bütün oyunçular dəstəkləyir və kürdlərin müstəqilliyinə qarşı ortaq mövqe sərgiləyirlər. Türkiyənin daima vurğuladığı "bufer zona yaradılıb". Ora Türkiyədə sığınacaq tapan iki milyon Suriya qaçqınını geri qaytarmaqla kürdlərin etnik təmizləmə siyasəti aparmasının qarşısı alınacaq. Bununla da Şimali Suriyada demokrafik problem həll ediləcək". Politoloq deyib ki, Türkiyə "Fərat qalxanı" əməliyyatı ilə özünü bütün planlaşdırılmış təhdid və ssenarilərdən qorumuş oldu: "Həmçinin böyük bir güc olduğunu ortaya qoydu. Türkiyə bundan sonra Hələbə girərsə, bu Suriyada sülhə və istiqlala yol açmış olar. Çünki, İran və Rusiya, eləcə də Qərb koalisiyasının əməliyyatları sülh əvəzinə müharibəni dərinləşdirir. Eyni zamanda Suriya məsələsində ortaq məxrəcə gəlməyi çətinləşdirir. Suriyadakı geosiyasi savaş artıq, Cənubi Qafqaza da yol açmaqdadır. Rusiyanın Xəzərdən Suriyaya raket zərbələri endirməsi, Azərbaycanın şimalında 5-ci Cənub Hərbi dairəsinin Qara və Xəzər dənizində 12 minlik ordu ilə təlim keçməsi nüfuz uğrunda başladılan soyuq savaşın anonsudur".