Yekun monitorinqin nəticələri açıqlanıb Siyasət

Yekun monitorinqin nəticələri açıqlanıb

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə üzrə İctimai Birliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi çərçivəsində "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın (MFP) icrası ilə bağlı yekun monitorinq hesabatını təqdim edib.
Layihə heyətinin rəhbəri, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda gələcəkdə uğurlu iqtisadi islahatların davam etdirilməsi üçün korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, islahatlar üçün ictimai inam mühitinin yaradılması vacibdir.
Layihənin rəhbəri Zaur İbrahimov bildirib ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın monitorinqi metodologiyası "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə üzrə İctimai Birliyinin sifarişi ilə "Transparency İnternational-Rossiya" Antikorrupsiya Təşəbbüsləri və Tədqiqatları Mərkəzinin ekspertləri tərəfindən hazırlanıb. Metodologiya Milli Fəaliyyət Planında əks olunan 28 istiqamət üzrə nəzərdə tutulan hər bir tədbirin icra vəziyyətinin üç növ mənbədən alınan informasiya əsasında qiymətləndirilməsi üçün tərtib edilib. Birincisi, Milli Fəaliyyət Planında nəzərdə tutulan hər bir tədbirin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə açıq mənbələrin (xəbərlər, rəsmi hesabatlar və digər ictimaiyyətə açıq informasiyalar) analizi aparılıb. İkincisi, mümkün hallarda dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə sorğular göndərilib. Üçüncüsü, QHT-lərin cavablandırdığı sorğulardan əldə olunan məlumatlara görə də analoji qiymətləndirmə qaydası nəzərdə tutulub.
Z. İbrahimlinin sözlərinə görə, kompleks yanaşdıqda 2012-ci ildə qəbul olunan Milli Fəaliyyət Planı 2005-ci ildən başlayan və 2015-ci ilə kimi davam edən 10 illik dövr üçün yekun sayıla bilər. Bu 10 ildə antikorrupsiya qanunvericiliyinin işlənməsi prosesi demək olar ki, tamamlanıb: "Son 3 il isə daha çox praktik addımlar atılması ilə yadda qaldı. Bu praktik addımların əhəmiyyəti insanların gündəlik həyatında getdikcə daha çox hiss olunur".
Z. İbrahimli vurğulayıb ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən antikorrupsiya tədbirlərinin və təşəbbüslərinin icrası ilə əlaqədar koordinasiya fəaliyyətlərinin genişləndirilməsinə və nəzarətin daha da artırılmasına ehtiyac var.
Tədbirdə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasına dair tövsiyələr də açıqlanıb.