Yaddaqalan ADAM... Cəmiyyət

Yaddaqalan ADAM...

Seyfəddin Hüseynli- 50

Bəzən illərlə bir yerdə çalışdığın və hər gün ünsiyyətdə ollduğun bir adam haqqında nəsə yazmaq zəruriyyəti yaranır. Ha vurnuxsan, ha düşünsən də yazmağa söz tapa bilmirsən. Amma elə adam da var ki, onunla bir neçə saat birlikdə olmaq kifayət edir ki, oturub barəsində böyük bir yazı işləyəsən. Bizim- jurnalist, yazıçı, filoloq Seyfəddin Hüseynli kimi...
Deyir ki:- “Son illər bizdə ədəbiyyat, kitab, kitabçılıq işində ciddi hərəkətlənmə var. Yaxşı haldır ki, bu hərəkətlənmə daha çox praktikdir. Yəni daha nələrinsə vacibliyindən, zəruriliyindən danışılmaqdan çox, o yöndə konkret iş görülür. Nəşr sahəsindəki aktivlik kitabı cəmiyyətin bəlli bir çevrəsində önə çıxardır. Ancaq istənilən sahədə olduğu kimi ədəbiyyat sahəsindəki aktivlik də bir qədər işin ziyanına ola bilər. Yəni elə bir məqam gəlib çatar ki, bu dinamizm, fəallıq bir yandan da cəmiyyəti bezdirə bilər. Əks-effekt gözlənilən haldır, xüsusən də, işlər keyfiyyət yox, kəmiyyət hegemonluğu altında görülürsə, “sayı çox, sanbalı yox” düsturu özünü doğruldursa, çoxlu neqativ nəticələr qaçılmaz olur. Yəni indiki gedişlə günün birində ayılıb görərik ki, bütün uğur hesab etdiklərimiz hay-küydən başqa bir şey deyilmiş. Görünür, bu məsəldə yeri gələndə geri çəkilmək, özünü bir guşəyə vermək, səbirlə işləmək lazımdır. Elə bilirəm, biz özümüzə kənardan baxmağı da öyrənməliyik, ancaq ortada laqeyd, mövqesiz, hərəkətsiz dayanmaq da olmaz.”
Seyfəddin Hüseynli uzun illərdir ki, “525-ci qəzetin” redaktoru vəzifəsində çalışır. Mətbuatda peşəkar tərcümələr, esselər və tənqidi yazılarla çıxış edir...
“Bir dəfə tanınmış yazıçılardan biri demişdi ki, “525-ci qəzet” qapısını ədəbiyyatın üzünə aralamaqla düz elədi, ancaq taybatay açanda vəziyyət qəlizləşdi. Bu baxımdan uzun illərdir ki, çalışdığım “525-ci qəzet”də cəmiyyətimiz, ədəbi mühitimiz mətn seçimində bizi yaman sıxışdırır. Bu qəzeti uzun müddət ədəbiyyatla bağlı yeganə ünvan kimi tanıyıblar. Bir xeyli yazar, müəllif çap edilib. Bəzilərinin üzündən keçilməyib, bəzilərinin rəhbərliklə yaxşı münasibətləri olub, haqlı olaraq ərk edənlər tapılıb. Ancaq təsəllimiz bundan ibarət olub ki, hər nömrədə ən azı bir neçə yaxşı mətn çap edə bilmişik. Çox sayda yaxşı müəlliflər və mətnlərlə işləmişik ki, bunun da nəticəsində bu gün ədəbiyyatın hörmətli ünvanlarından biri “525-ci qəzet”dir. İmzasını təsdiq eləmiş onlarla yazar saya bilərəm ki, ilk dəfə “525-ci qəzet”də çap olunublar. Bizim üçün bədii mətnin əlahiddə seçim meyarları yoxdur, yaxşı bədii mətn, əsl ədəbiyyat nümunəsi deyilən nədirsə, biz onlara üstünlük verməyə çalışırıq.”- söyləyir.
Bizi Səlim Babullaoğlu tanış edib. İllər öncə Şabrana birlikdə səfər etmişdik. Elə o vaxtdan da aramızda salam əleykum yaranıb. Sadə, təvazökar, məntiqli və təmkinli adamdır. Heç vaxt lazımsız söz deməz, artıq-əskik danışmaz. Ədəbiyyata, ümumiyyətlə həyata yanaşma tərzi də çox fərqlidir...
Deyir ki:- “Bu gün təkcə ədəbiyyatımız yox, ümumən həyatımız, təfəkkürümüz də dünyadan geri qalır. Həyata ədəbiyyatçı, romançı gözüylə baxmayana qədər, təfəkkürümüz tam yenilənməyincə, nə haqqında yazmağınızdan aslı olmayaraq, arzulanan səviyyədə əsərlər meydana gəlməyəcək. Şeir daha çox intuitivdir, spontandır bəlkə, ancaq roman rasional məsələdir. Əslində, çoxdandır ki, dünya poeziyasında fərqli proses gedir, yəni qəlblə, duyğuyla yanaşı ağlın, məntiqin də iştirakı ilə yaranır poetik nümunələr. Biz bəzən şeirin konstruksiya tərəfini dünyadan götürüb mənimsəyirik, belə olanda da şeirin emosional tərəfi yaddan çıxır. Halbuki şeirimizin həm konstruktiv, həm də intuitiv qollarının uzlaşdığı vaxtlar olub. Eləcə də bizdə postmodernist mətnlər az-çox yaranıb artıq, ancaq bütövlükdə biz o düşüncədən doğan həyatı yaşamamışıq deyə, vəziyyət birtərəflidir. Deyəsən, heç yaşamağa meylimiz də yoxdur o düşüncəni və elə həyatı. Fərd olaraq, ayrı-ayrı imzalar olaraq irəliyə gedənlər, indi hardasa ədəbiyyatda mistikanın əhəmiyyətinə vurğu salanlarımız ola bilər, amma ümumən postmodern düşüncəni köhnəltmədən, tükətmədən yeni bir mərhələyə keçmək inkişafı axsadar, yarımçıqlıq duyğusu yaradar.”
Bu gün-avqustun 15-i Seyfəddin Hüseynlinin 50 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram...

Elman Eldaroğlu