Azərbaycan AB-nin Ukraynaya yardım kapmaniyasına qoşulur? Siyasət

Azərbaycan AB-nin Ukraynaya yardım kapmaniyasına qoşulur?

Əli İsgəndərov: "Ukraynaya bizim hələ ki, hər hansı dəstəyimizi şərtləndirən mühit yoxdur"
Azər Həsrət: "Azərbaycanı da Ukrayna məsələsində tərəf tutan bir ölkə kimi göstərmək cəhdləri var"
Arzu Nağıyev: "Ukrayna uğrunda mübarizə eyni zamanda Amerika və Avropa arasında da gedir"

Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul edib. Qətnamədə yer alan tələblər gözlənildiyindən də sərt olub.
Qurum Avropa Birliyi və ona üzv dövlətləri "Avromaydan"dakı sərt tədbirlərə və ölüm hallarına cavabdeh olan ukraynalı məmurlara, oliqarxlara və deputatlara qarşı sanksiyalara çağırıb. Söhbət, viza məhdudiyyətindən, aktivlər və mülklərlə bağlı sanksiyalardan gedir. Qətnamə müəllifləri tələb edir ki, Kiyevdəki hadisələr zamanı edilən hücumlara və etirazçıların öldürülməsinə görə məsuliyyət daşıyan məmurların Avropa ölkələrinə səfərlərinə qadağa qoyulsun, habelə onların bank aktivləri dondurulsun.
Avroparlament həmçinin Ukrayna prezidenti Viktor Yanukoviçi etirazçıların döyülməsi, oğurlanması və işgəncəyə məruz qoyulmasında aktiv iştirak edən "Berkut" xüsusi təyinatlılarından istifadəni dayandırmağa çağırıb: "Yanukoviç bu təcrübəyə son qoymalı, həmçinin qanunsuz saxlanılan bütün nümayişçiləri və Yuliya Timoşenko da daxil olmaqla bütün siyasi məhbusları azad etməlidir".
Avropalı deputatlar dinc nümayişçilərə, tələbələrə, vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı hücumlardan narahatlıqlarını da dilə gətiriblər. Deputatlar həm etirazçıları, həm də hakimiyyəti güc tətbiqindən uzaq durmağa çağırıblar: "Ukrayna hökuməti və müxalifəti münaqişənin həlli üçün ciddi dialoqa başlamalıdır".
Avropa Parlamenti Avropa Birliyini, ABŞ-ı, Beynəlxalq Valyuta Fondunu, Dünya Bankını və Avropa Sərmayə Bankını Ukrayna ilə bağlı uzunmüddətli maliyyə yardımı paketini formalaşdırmağa çağırıb. Bu maliyyə paketi Ukraynadakı yeni keçid hökumətinin ölkə iqtisadiyyatını gücləndirməyə yönəlik islahatlar aparması üçündür. Müəlliflər ABŞ və Avropa Birliyinin Ukraynadakı yeni hökumətə qısamüddətli maliyyə dəstəyi ayırmaq təşəbbüsünü də alqışlayıblar.
Qətnamədə o da qeyd olunur ki, Avropa Parlamentində Ukrayna ilə bağlı daimi missiya yaradılsın. Missiya da öz növbəsində Ukrayna hökuməti ilə müxalifəti arasında dialoqun yaradılmasına xidmət etsin.
Bəzi mətbuat orqanları yazır ki, Azərbaycan da Avropa Birliyinin Ukraynaya yardım kapmaniyasına qoşulmaq barədə qərar verib. Azərbaycan Avropa Birliyinin Ukraynaya yardım kampaniyasına qoşulması xəbərləri nə dərəcədə həqiqəti əks etdirir? Avropa Birliyinin Ukraynaya yardımı hansı sahələrə yönələcək və Azərbaycanın mövqeyi necə olmalıdır?
Analitik Əli İsgəndərov bildirib ki, bu xəbər radikal düşərgəyə aid mediada yayımlanıb: "Rəsmi dairələrin açıqlaması mövcud olmayınca xəbəri ciddiyə almaq olmaz. Bu cür məsələlər hər hansı siyasi partiya və təşkilatın qərargahında müzakirə edilmir. Ukrayna Azərbaycana dost ölkədir. İki respublika arasında qarşılıqlı dəstəyin, əməkdaşlıq məsələlərində bir-iki xırda detalı nəzərə almasaq heç bir problem müşahidə edilməyib. Ancaq, düşünürəm sual şəklində qoyulan məsələdə Ukraynaya bizim hələ ki, hər hansı dəstəyimizi şərtləndirən mühit yoxdur. Belə bir perspektiv yaranarsa onun detalları da dövlət rəsmi tərəfindən müəyyən ediləcək".
Siyasi şərhçi Azər Həsrətin fikrincə, hər şeydən öncə nəzərə almaq lazımdır ki, Azərbaycanın Ukraynayla əlaqələri yüksək səviyyədədir və biz həmin ölkədə baş verən daxili proseslərə qarışmırıq: "Digər tərəfdən də, əlbəttə, Azərbaycan istərdi ki, Ukrayna kimi bizə çox yaxın olan bir ölkəyə yardım kampaniyasında iştirak etsin. Amma bunu Avropa Birliyinin vasitəsilə, çağırışıyla edəcəyini ağlım kəsmir. Əgər ölkəmiz Ukraynaya yardım etmək istərsə, bunun üçün Avropa Birliyi kimi üçüncü qüvvəyə heç bir ehtiyacı yoxdur. Görünür, belə bir məlumatı dövriyyəyə buraxmaqla Azərbaycanı da Ukrayna məsələsində tərəf tutan bir ölkə kimi göstərmək cəhdləri var. Ancaq hər zaman özünün belə məsələlərdə yetərincə ölçülü davranışlarıyla seçilən Azərbaycan hakimiyyətinin bu cür provokasyon əmələ qol qoyacağı ağlabatan deyil. Qaldı ki, Avropa Birliyinin Ukraynaya yardımlarının hansı sahələrə yönəlməsinə, burada qaranlıq heç nə yoxdur. Çünki bu qurumun tək bir məqsədi Ukraynanı Rusiyanın əlindən alıb öz əlinə keçirməkdir. Ona görə də daha çox demokratiya, insan haqları, vətəndaş cəmiyyəti quruculuğu kimi məsələlərlə manipulyasiya imkanlarını genişləndirəcək yardımların ediləcəyi (zatən belə yardımlar edilir) daha ağlabatandır. Təbii ki, Azərbaycan hər zaman olduğu kimi həmin proseslərdə öz tərəfsizliyini davam etdirməlidir".
Siyasi ekspert Arzu Nağıyev diqqətə çatdırdı ki, Ukrayna uğrunda mübarizə - daha doğrusu bu ölkəyə təsir etmək üçün aparılan mübarizə tək Rusiya və Avropa Birliyi arasında getmir: "Eyni zamanda Amerika və Avropa arasındada gedir. Buna sübut kimi diplomatların yayılmlş telefon danışıqlarını da misal gətirmək olar. Göründüyü kimi burada hərənin öz marağı var. Amerika NATO genişlənməsi üçün. Avropa Rusiya sərhədlərinə daha yaxın olmaq üçün, hər iki ölkə və ölkələr Qara dənizi hərbi-strateji məqsəd üçün ələ keçirməyə çalışırlar. Yardımlar da iki cür ola bilər. Birincisi indiyə qədər edilən yardımların leqallaşması üçün, digər tərəfdən də Maydanda olan camaatı maddi cəhətdən saxlamaq üçün. Bir neçə gündür ki, Ukrayna qrivinin dollara qarşı məznnəsi kritik həddə doğru gedir, bu isə bahalaşmaya səbəb ola bilər, bahalaşma isə idarəolunmaz hərəkətlərə gətirib çıxara bilər. Azərbaycan Ukrayna münasibətlərinə gələndə isə, bu dövlət bizim ən mühüm strateji əhəmiyyətli partnyorumuzdur. Azərbaycan bir potnyor kimi Ukraynaya yardım edə bilər, burada istər siyasi, istərsə də iqtisadi baxımdan problemli bir şey yoxdur".

Əli