“Dinləmələrin “Azərbaycan naminə“ olduğuna şübhə edirəm” Siyasət

“Dinləmələrin “Azərbaycan naminə“ olduğuna şübhə edirəm”

Elxan Şahinoğlu: "Onların əsl məqsədi insan haqları və demokratiya deyil"

Sahib Məmmədov: "Kramer və Kozlariç anti-Azərbaycan kampaniyasında məqsədlidirlər"

Azərbaycana qarşı şər kampaniyasına yenidən start verilib. Bir qayda olaraq ölkədə mühüm siyasi, mədəni kütləvi tədbirlər keçirilən ərəfədə Bakını hədəfə seçən erməni lobbisi və onların Qərbdəki havadarları indi də sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsinə kölgə salmaq, ona mane olmaq məqsədilə hərəkətə keçiblər. Yenə də prosesin hərəkətverici qüvvəsi erməni lobbisinin maraqlarına xidmət edən keçmiş amerikalı diplomatlardır. Belə ki, hər zaman Azərbaycan əleyhinə mənfi çıxışılarıyla fərqlənən keçmiş diplomatlar Devid Kramer və Riçard Kozlariç Azərbaycanda keçiriləcək referendum barədə mənfi rəy formalaşdırmağa çalışıblar. Onlar demokratlara yaxın qəzetlərdən birində yenə öz amplualarına uyğun cızmaqara dərc ediblər. Keçmiş diplomatlar iddia ediblər ki, sentyabrın 26-da keçiriləcək refendumun nəticəsi əvvəlcədən bəllidir. Keçmiş diplomatlar Devid Kramer və Riçard Kozlariçin irəli sürdüyü iddialar, Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqe cəmiyyətdə haqlı narazılığa səbəb olub.
Millət vəkili Sahib Alıyev qeyd edib ki, sentyabrın 26-da keçiriləcək referendumun nəticəsi doğrudan da əvvəlcədən bəllidir: "Ona görə bəllidir ki, heç bir xalq onun izniylə idarəetmənin daha da təkmilləşdirlməsinə, bir sıra dövlətlərdə baş verən xaosun bura da sıçradılmasının qarşısının alınmasına, insan haqlarının ön plana çıxarılmasına, şəffaflığın genişlənməsinə, dərin və sistemli islahatlara yönəlmiş dəyişikliklərə "yox" deməz. Bu iki zata Amerikanın aparıcı qəzetlərindən birində cızmaqara dərc etdirmək şansının niyə indi verildiyi və kimlərin verdirdiyi də bəllidir. Onlar burada mitinqə hazırlaşan xidmətçilərinə "imamlıq", yaxud da "akıl hocalığı" edir, dil verir, pas ötürürlər. Ancaq əminəm ki, xidmətçiləri belə konstitusiyaya ediləcək dəyişiklərin bu xalqın maraqlarına tam cavab verdiyini bilməmiş deyillər".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da deyir ki, insan haqları hansısa ölkənin daxili işi deyil: "Beynəlxalq təşkilatlar məhz onun üçündür ki, gərəkli anlarda ölkə hakimiyyətinə demokratiya və insan haqları siyasətini korrektə etmələri ilə bağlı tövsiyyələrini versinlər, məruzəçi təyin etsinlər, hesabat hazırlasınlar və s. Buna baxmayaraq, Birləşmiş Ştatlar Konrqesində Azərbaycanda insan haqları və demokratiyanın durumuyla bağlı dinləmələrin "Azərbaycan naminə" olduğuna şübhə edirəm. Əgər dinləməni təşkil edənlərin içərisində erməni lobbisinin təsiri altında olan şəxslər çoxluq təşkil edirsə, belələrinin dinləmələri Azərbaycanda insan haqları və demokratiya naminə həyata keçirdiklərinə inanmıram". Politoloqun qənaətincə, onların əsl məqsədi Azərbaycanda insan haqları və demokratiyanın bərqərarı deyil, Azərbaycanın tamamını - iqtidarlı və müxalifətli zəif durumda saxlamaq, ölkəmizin Ermənistan üzərindəki üstünlüyünü artırmasına, Dağlıq Qarabağı nəzarətə götürməsinə mane olmaqdır: "Əgər həmin konqresmenlər bu qədər ədalətlidirlərsə, onda Əbülfəz Elçibəyin prezidentliyi dövründə niyə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq edirdilər, Çünki həmin konqresmenləri Azərbaycanda insan haqları və demokratiya yox, Ermənistanın işğalçı siyasətini müdafiə etmək düşündürürdü. Bu müddətdə dəyişən bir şey yoxdur". Elxan Şahinoğlu deyib ki, amerikalı konqresmenlərin əksəriyyətinin Azərbaycanı tənqid etmələrində səmimiyyət azdır: "Azərbaycanda nə dəyişiklik baş verəcəksə, bu daxildəki qüvvələrin siyasi iradəsinin hesabına mümkün olacaq. Həmin dəyişikliklər - siyasi və iqtisadi islahatların sürətləndirilməsi bizə lazımdır, amerikalı konqresmenlərə yox. Rəsmi Vaşinqtonun Azərbaycanda inqilabda maraqlı olduğuna da inanmıram. Çünki Azərbaycanda inqilab bizi həm daxildən parçalayacaq, həm də qonşuluğumuzdakı qüvvələrin maraqlarına cavab verəcək. Həmin qüvvələr isə anti-Amerika mahiyyətlidir. Buna görə də Vaşinqton Azərbaycanı içəridən qarışdırmaqda niyə maraqlı olsun ki? Amerikalı bir qrup konqresmenin Dövlət Departamenti və Ağ Ev rəsmiləri kimi düşündüyünü zənn etmirəm. Onlar "Azərbaycan üçün nə qədər pisdirsə, bizim üçün (erməni lobbisi) və Ermənistan üçün bir o qədər yaxşıdır" prinsipindən çıxış edirlər".
Hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, bir neçə ilin müşahidələri göstərir ki, Kramer və Kozlariç Antiazərbaycan kampaniyasında məqsədlidirlər və qərəzlidirlər: "Kramer Freedom House-yə rəhbərlik edəndə xəritə tərtib etmişdi. Azərbaycan ən azad olmayan ölkələr içərisində idi. Türkəmstandan xeylı aşağıda. O ölkələrlə bir sırada ki, həmin ölkələrdə internet qadağandır, bir rəsmi tv və bir neçə rəsmi qəzet var. Məslən Şimali Koreya. Bu şəxslər ABŞ hakimiyyət dairələrinə nə qədər yaxın olsalar da, Birləşmiş Ştatlar siyasətinin müəyyən olunmasında ciddi fiqurlar sayılmırlar. Xüsusən təqaüdçü Riçard Kozlariç. Məncə buna baş qoşmamaq lazımdır. Ən azı ona görə ki, bu adamların bir məqsədi var. ABŞ-Azərbaycan münasibətlərini korlamaq. Qalan heç nəyi edə bilməzlər. Cənab Krameri yaxşı tanıyıram. Dəfələrlə görüşlərim olub. Ötən il də Varşavada daha bir neçə nəfər kolleqa ilə bir yerdə görüşmüşdük. O zaman Kramer ATƏT İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun illik İnsan hüquqları konfransında ABŞ nümayəndə heyətinin rəhbəri idi".