
“Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri ikitərəfli və çoxtərəfli münasibətlərimizin tarixində yeni səhifə açacaq. Buna heç bir şübhə yoxdur. İki dövlət arasında imzalanmış sənədlərin sayı 12-dir. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan-Türkmənistan əlaqələri dinamik inkişaf tempinə malikdir və ikitərəfli münasibətlərimizin inkişafının hüquqi normativ bazası daha da zənginləşib”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, 2017-ci ildən bəri münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir, fundamental məsələlərdə mövqeyimiz üst-üstə düşür və Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun keçirdiyi həm təkbətək görüş, həm geniş tərkibdə görüş, mətbuat üçün verdikləri bəyanatlar və imzalanmış sənədlər bir daha təsdiqləyir ki, elə bir məsələ yoxdur ki, onun həlli mümkünsüz olsun: “Xüsusilə də iki dövlət arasında əlaqələrin inkişafında enerji sektoru, nəqliyyat logistika sahələri xüsusi önəm kəsb edir. Nəzərə alsaq ki, Türkmənistan dünyanın qaz potensialı baxımından dördüncü dövlətidir. Doğrudan da nəhəng enerji potensialına malik dövlətdir. Azərbaycan da həm neft, həm qaz sahəsində dünyanın aparıcı dövlətlərindən biridir və bu sahədə əməkdaşlıq bu gün prioritet istiqamətlərdən biridir. İmzalanmış sənədlərdən biri də məhz bu sferanı əhatə edir”.
Deputat vurğulayıb ki, hər iki dövlət Şərq-Qərb Nəqliyyat Dəhlizinin üzərində yerləşir və Orta Dəhliz layihəsi çərçivəsində əlaqələrimizin inkişafı ilə bağlı yeni perspektivlər açılıb: “Təkcə ənənəvi deyil, həm də yaşıl enerji sahəsində əməkdaşlığımızın da ciddi əsasları formalaşmaqdadır. Çox sevindirici haldır ki, Türkmənistan Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində də dəstək verən dövlətlər sırasındadır və keçən il Füzulidə Türkmənistan dövləti tərəfindən məscidin tikintisinə başlanıldı və bu proses getməkdədir. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkmənistana neft daşıyan “Dostluq” tankerini hədiyyə etdi. Bu da bizim dostluğumuzun simvoluna, tərənnümünə çevrilib. Doğrudan da bu gün Azərbaycan-Türkmənistan münasibətləri çox sürətlə inkişaf edir və bu, təkcə ikitərəfli formatda deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də reallaşmaqdadır. Türkmənistan bu təşkilatın müşahidəçi statusunda üzvüdür və belə səfərlər, imzalanmış strateji əhəmiyyətli sənədlər nəticə etibarı ilə Türkmənistanın TDT-yə tam hüquqlu üzv olması üçün də mühüm baza formalaşdırıb. Sonda onu qeyd edim ki, bu gün rəsmi Bakı Aşqabad münasibətləri dinamik inkişaf edir”.
Röya İsrafilova