
“Qloballaşmanın sürətləndiyi, informasiya axınlarının sərhəd tanımadığı və mədəniyyətlərarası əlaqələrin genişləndiyi müasir dövrdə Azərbaycançılıq ideologiyasının əsas məqsədi milli kimliyi qorumaqla yanaşı, onu yeni dövrün tələblərinə uyğun inkişaf etdirməkdir”.
Bu fikirləri Xalq Cəbhəsi.az-a açıqlamasında deputat Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycançılıq bu gün yalnız milli dəyərlərin qorunması konsepsiyası deyil, eyni zamanda gənc nəslin qlobal dünyaya inteqrasiyasını təmin edən strateji dəyər sistemidir:
“Azərbaycançılıq ideologiyasının əsas mahiyyəti milli-mənəvi dəyərlərə bağlılıqla müasir inkişaf arasında harmoniyanın yaradılmasıdır. Bu ideologiya zamanın tələblərinə uyğun olaraq yenilənir, lakin onun əsas prinsipləri – milli birlik, dövlətçilik ənənələri və vətəndaş həmrəyliyi dəyişməz olaraq qalır. Azərbaycançılıq ideologiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt mühüm rol oynayır. Ulu Öndər milli birliyin, dövlətçilik ənənələrinin və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi üçün Azərbaycançılığı Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi formalaşdırdı. Milli köklərinə bağlı, tarixini, dilini və mədəniyyətini dərindən bilən gənclər dövlətin gələcəyinin əsas təminatıdır”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycançılıq ideologiyası müasir mərhələdə yeni məzmun qazanıb:
“Gənclərin milli ruhda tərbiyəsi, onların müasir bilik və bacarıqlara yiyələnməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər də Azərbaycan gəncliyinin milli kimliyə və dövlətə bağlılığının bariz nümunəsi oldu. Müasir dövrdə Azərbaycançılıq ideologiyasının inkişafı təhsil, rəqəmsal mühit, mədəni diplomatiya və beynəlxalq platformalarda gənclərin fəal iştirakı istiqamətində özünü göstərməlidir.
Gənclər qlobal rəqabətə hazır, innovativ düşüncəli, xarici dilləri bilən və müasir texnologiyalara yiyələnmiş vətəndaşlar kimi formalaşmalıdırlar. Eyni zamanda onlar milli kimliklərini qoruyaraq Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə layiqincə təmsil etməlidirlər”.
M.Vəliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib:
“Azərbaycanın mədəni irsinin qorunması, tarixi abidələrin bərpası, milli musiqimizin, ədəbiyyatımızın və multikultural dəyərlərimizin dünyada tanıdılması istiqamətində görülən işlər gənclərin milli kimliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Azərbaycanın multikulturalizm və tolerantlıq modeli də Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir.
Ölkəmizdə müxtəlif etnik və dini qrupların qarşılıqlı hörmət və sülh şəraitində yaşaması Azərbaycanın mühüm üstünlüklərindən biridir. Bu dəyərlərin gənc nəslə aşılanması onların həm milli kimliyə bağlı, həm də dünyaya açıq və müasir düşüncəli vətəndaş kimi yetişməsinə xidmət edir. Qloballaşma dövründə Azərbaycançılığın transformasiyası mahiyyətin dəyişməsi deyil, yeni çağırışlara uyğun tətbiq mexanizmlərinin yenilənməsidir.
Milli-mənəvi dəyərlərə söykənən, Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu ideoloji xətt Azərbaycanın milli birliyinin, davamlı inkişafının və gələcəyinin əsas təminatlarından biri olaraq qalır”.
Günel Elxan