FT: Hörmüz boğazında qaydalar gəmi sahiblərini çaşdırıb Dünya

FT: Hörmüz boğazında qaydalar gəmi sahiblərini çaşdırıb

Hörmüz boğazından gəmilərin hərəkəti bərpa olunsa da, İran, ABŞ və Qərb sığorta şirkətlərinin ziddiyyətli göstərişləri ucbatından gəmi sahibləri "dərin çaşqınlıq" içindədirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ​Financial Times qəzeti yazır.

​İran gəmiləri Tehranın əvvəlcədən icazəsini almayacaqları və İran sahillərinə yaxın keçən marşrutu seçməyəcəkləri təqdirdə cərimələrlə hədələyir.

​Üç gəmiçilik şirkətinin rəhbərinin verdiyi məlumata görə, ABŞ və bəzi Qərb sığorta şirkətləri isə öz növbəsində boğazın Oman tərəfindən, Amerika qüvvələrinin hava dəstəyi altında hərəkət etməyi təklif edirlər. Buna görə də gəmi sahibləri hansı yolu seçməli olduqlarından əmin deyillər.

​"Gəmi sahibləri və operatorlar çətin vəziyyətdə qalıblar. Əgər onlar sığortaçıların və ABŞ rəsmilərinin göstərişlərinə əməl edib Omana daha yaxın hərəkət etsələr, İran hakimiyyəti tərəfindən müdaxilə, saxlanılma və ya potensial düşmənçilik hərəkətləri ilə üzləşmək riski daşıyırlar", - deyə Amerikanın "Safesea Shipping" gəmiçilik şirkətinin rəhbəri doktor S.V. Ançan izah edib. Digər tərəfdən, əgər gəmilər iranlıların göstərişlərini rəhbər tutub İran sahili boyu hərəkət etsələr, sanksiyalarla bağlı potensial problemlərlə qarşılaşa bilərlər, - deyə o əlavə edib.

​Yük sığortası üzrə brokerlərdən biri bildirib: "İranlılar gəmilərin İran marşrutundan istifadə etməsini və rüsum ödəməsini tələb edirlər". Həmsöhbətin fikrincə, "ABŞ isə gəmilərə Oman marşrutu ilə getməyi tapşırır və onları aviasiya vasitəsilə müşayiət edir. Bütün bunlar pis koordinasiya olunub və sonu acınacaqlı bitəcək".

​Tanker sənayesinin nümayəndəsinin sözlərinə görə, Qərb gəmiçilik şirkətləri "görünür, Oman marşrutundan istifadə etməyə çalışırlar", baxmayaraq ki, "çoxları İran marşrutunu da bir variant kimi nəzərdən keçirir".

​"Görünür, tövsiyə olunan tranzit marşrutları ilə müxtəlif tərəflərdən gələn göstərişlər arasında müəyyən qeyri-müəyyənlik var", - deyə "DryDel Shipping" şirkətinin baş direktoru Kostas Delaportas qeyd edib və əlavə edib ki, sahiblər, operatorlar və sığortaçılar təhlükəsizlik ilə tələblərə əməl olunması arasında balans tapmağa çalışırlar.

Məryəm Quliyeva