08:42
700
“Dünya bazarında baş verən proseslər bütün ölkələrin iqtisadiyyatına müəyyən təsir göstərir. O cümlədən neftin qiymətindəki dəyişikliklər Azərbaycanın iqtisadi göstəricilərinə də təsirsiz ötüşmür”.
Bunu Xalq Cəbhəsi.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib.
O qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycan üçün həm mənfi, həm də müəyyən müsbət təsirlər yarada bilər:
“Azərbaycan idxaldan asılı ölkədir. Neftin ucuzlaşması bir tərəfdən ölkənin valyuta gəlirlərinin azalmasına təsir edir. Digər tərəfdən isə idxal ölkəsi olduğumuza görə tranzit, yükdaşıma və logistika xərclərinin azalmasına səbəb ola bilər. Bu baxımdan ölkəyə gətirilən məhsulların maya dəyərində müəyyən ucuzlaşma baş verə bilər.
Dünya bazarındakı dəyişikliklər Azərbaycan iqtisadiyyatına müxtəlif istiqamətlərdən təsir göstərir. Yəni neft qiymətlərinin enməsi Azərbaycana ikitərəfli təsir edir. Bir tərəfdən gəlirlər azalır, digər tərəfdən isə idxal xərclərinin müəyyən qədər aşağı düşməsi mümkündür”.
Ekspert qızılın qiymətindəki dəyişikliklərin isə Azərbaycan iqtisadiyyatına birbaşa təsirinin olmadığını qeyd edib:
“Qızıl daha çox xüsusi investisiya aləti kimi və ya toy-nişan mərasimləri ilə bağlı bazarlarda əhəmiyyət daşıyır. Amma qızılın qiymətinin dəyişməsi Azərbaycan iqtisadiyyatının ümumi strukturuna, daxili iqtisadi proseslərə birbaşa təsir göstərən amil deyil”.
Günel Elxan