“Təcrübəsi olmayan Vigen Sərkisyan vəzifəsinin öhdəsindən gələ biləcəkmi?” Siyasət

“Təcrübəsi olmayan Vigen Sərkisyan vəzifəsinin öhdəsindən gələ biləcəkmi?”

Elxan Şahinoğlu: "Bunu yoxlamaq artıq Azərbaycan ordusunun vəzifəsidir"

"Ermənistan prezidenti Serj Sərkisyanın müdafiə naziri Seyran Ohanyanı istefaya göndərib, əvəzinə prezident administrasiyasının rəhbəri, mülki şəxs Vigen Sərkisyanı müdafiə naziri təyin etməsi, islahat görüntüsü yaratmaqdır. Əsas plan Seyran Ohanyanın gələn il formalaşacaq parlamentli respublikada prezident postuna gətirilməsidir. Yeni konstitusiyaya uyğun olaraq ölkəni prezident deyil, baş nazir idarə edəcək. Serj Sərkisyan baş nazir olaraq ölkəni idarə edəcək". Bu fikri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq deyib ki, bununla Sərkisyan bütün hakimiyyəti öz əlində cəmləşdirmək siyasətini formalaşdırır: "Serj Sərkisyan Qarabağ klanına arxalanaraq, onu öz ətrafında cəmləşdirməklə daxili siyasi təzyiqlərdən qorunur. Qarabağdan olan Ermənistan ordusunun Baş Qərargah rəisini Təhlükəsizlik Şurasının baş katibi təyin eməsi, həmçinin ölkənin yeni baş naziri postuna da qarabağlını gətirməsi bundan irəli gəlir. Serj Sərkisyan Seyran Ohanyanı prezident gətirməklə rəqibi Robert Koçaryanın mümkün siyasi təsirlərindən qorunacaq". Məhəmməd Əsədullazadənin sözlərinıə görə, Serj Sərkisyan Seyran Ohanyanı kənarlaşdırarsa, əks təqdirdə Ohanyan Koçaryanla siyasi ittifaqa gedə bilər: "Bu ittifaq Serj Sərkiyanın sonu ola bilər. Ermənistanda siyasi idarəçilikdə həyata keçirilən yerdyişmə birbaşa Kremllə razılaşdırlır". Politoloq onu da bildirib ki, gələn il formalaşacaq, yeni Ermənistan rəhbərliyi Qarabağ danışıqlarından maksimum yayınacaq: "Azərbaycan ordusu, artıq yeni təlimlərə strat verib. Regionda dəyişən hərbi-geosiyasi situasiya Qarabağda yeni münaqişənin alovlanmasını sürətləndirir. Ermənistanın yeni müdafiə naziri isə orduda istənilən islahatlara getmək bacarığında deyil".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistan prezidenti Serj Sərkisyanın hərbçi Seyran Ohanyanın əvəzinə 1975-ci il təvəllüdlü, İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alan Vigen Sərkiysanı müdafiə naziri təyin etməsi orduda islahatlar aparması istəyi ilə bağlıdır: "Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusunun əsgər və zabit heyəti tam komplekləşməyib, ərzaq və geyim təminatı aşağı səviyyədədir. Ordudakı pullar yeyilib, generallar bu pullarla İrəvanda özlərinə villalar tikiblər və s. Yəni Serj Sərkisyan ordudakı bu vəziyyəti dəyişmək üçün mdüafiə sistemini keçmiş administrasiya rəhbərinə etibar edib. Yəqin Sərkisyan düşünür ki, Qərb təhsili alan Vigen Sərkiysan ordunu mükəmməl menecment əsasında quracaq, maliyyə oğurlanmayacaq. Serj Sərkisyanın Ermənistan ordusunda oğurluğa son qoyulması istəyini anladım, bəs əgər müharibə başlayarsa akademik təhsil alan və Seyran Ohanyandan fərqli olaraq savaş təcrübəsi olmayan Vigen Sərkisyan vəzifəsinin öhdəsindən gələ biləcəkmi? Bunu yoxlamaq isə artıq Azərbaycan ordusunun vəzifəsidir".