“Dövlət başçısı ABŞ-dan təzyiqlə üzləşdiklərinə işarə vurdu” Siyasət

“Dövlət başçısı ABŞ-dan təzyiqlə üzləşdiklərinə işarə vurdu”

Elxan Şahinoğlu: "Ancaq Qarabağla bağlı çıxışının bir hissəsində ad çəkmədən Rusiyadan da narazı qaldığını bildirdi"

Zahid Oruc: "Qarabağın müstəqilliyi prosesi əslində bu gün erməniçiliyin qəbrini qazır"

Elman Məmmədov: "Problemin həll olunmasına həmsədr dövlətlər işğalçı dövlətdən daha çox mane olur"

Akif Nağı: "Azərbaycan axıradək bu mövqeyində qalacaq"

Prezident İlham Əliyev Hazirlər Kabinetinin son toplantısında Qarabağ probleminin həlli ilə bağlı gedən proseslərdən də danışıb. Dövlət başçısı bildirib ki, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: "Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir". Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin". Prezident bağlı qapılar arxasındakı söhbətləri açıqlamaq istəmədiyini də qeyd edib. Səbəbini isə diplomatiyanın öz qaydalarının olması ilə əsaslandırıb: "Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada "beşinci kolon"a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".
Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığına işarə idi: "Əksinə, təzyiq bizə var imiş". Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Bizə başqa alternativ qoymurlar. Diqqət etdinizsə, İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerrinin adını çəkmədən onun "hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir" fikrini tənqid etdi. Dövlət başçısı "bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin" deməklə ABŞ-dan təzyiqlə üzləşdiklərinə işarə vurdu. Ancaq İlham Əliyev Qarabağla bağlı çıxışının bir hissəsində ad çəkmədən Rusiyadan da narazı qaldığını bildirdi. Qeyd etdi ki, Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Bu cümlədən isə ən çox Rusiyaya "pay" düşür. Çünki Ermənistana silah və pul verən əsas ölkə məhz Rusiyadır".

Millət vəkili Zahid Oruc deyib ki, Azərbaycanın bu müddətdə keçdiyi yol, iqtisadi-siyasi imkanlarının artması, buna paralel hərbi imkanlarının artması Azərbaycana qarşı olan layihələrin icrasına imkan verməyib: "Amma Qarabağın müstəqilliyi ilə bağlı, xüsusilə də bağlı qapılar arxasında aparılan təzyiq siyasətini istər ulu öndər Heydər Əliyev, istərsə də cənab prezident İlham Əliyev həmişə öz üzərində hiss edib. Uzun illər ayrı-ayrı dairələrin iddialarının, ittihamlarının əsassız olduğunu prezidentin açıqlaması bir daha sübuta yetirdi. Prezidentin açıqlaması bir daha sübut elədi ki, o, heç bir beynəlxalq sövdə, hər hansı bir hakimiyyət istəyi, siyasi marağı naminə ərazi bütövlüyü məsələsində tərəddüdlü mövqe tutmayıb, təzyiq qarşısında geri çəkilməyib və geri çəkilməməkdə də qərarlıdır. Bu aprel savaşından əvvəl də, sonra da hər zaman Azərbaycanın qarşılaşdığı bir reallıqdır. Hesab edirəm ki, bu təzyiq Rusiyanın, ABŞ-ın, İranın, Qərb dairələrinin hansı mərhələlərdə hansı siyasətinə yarayıb, bunu təyin eləmək o qədər asan deyil. Amma nəticə birdir. Qarabağın müstəqilliyi prosesi əslində bu gün erməniçiliyin qəbrini qazır. Mən bu mövzuda ayrıca böyük bir müəllif yazısı ilə də çıxış edəcəyəm".
Millət vəkili Elman Məmmədov "Azərbaycan Prezidenti diplomatiya, dövlətlərarasında olan danışıqlar, qayda-qanunlar xatirinə, danışıqlarda müəyyən məsələlərin açıqlanmaması şərtlərinə ən yüksək səviyyədə həmişə əməl edirdi",- deyə vurğulayıb: "Amma artıq bu işğalçı dövlətin, onu havadarları olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin son dərəcə göstərdikləri həyazıslıq, qeyri-səmimilik, riyakarlıq, ədalətsizlik cənab Prezidenti məcbur etdi ki, o fikirləri səsləndirsin".
Deputatın sözlərinə görə, ölkə rəhbərinin söylədikləri həm Azərbaycan ictimaiyyəti üçün idi, həm də elə o həmsədr dövlətlər, beynəlxalq təşkilatlar, işğalçı dövlət üçün idi: "Bu həqiqətən belədir. Hətta deyərdim ki, problemin həll olunmasına həmsədr dövlətlər işğalçı dövlətdən daha çox mane olur. Çünki həmsədr dövlətlər işğalçıya havadarlıq etməsələr, işğalçının o gücü yoxdur ki, Azərbaycan qarşısında tab gətirsin. İşğalçı Azərbaycanın bugünkü iqtisadi, siyasi, diplomatik və ən başlıcası hərbi gücü qarşısında həddindən artıq zəif və acizdir. Əgər o özünün havadarlarına, onun dəstəkləyən bu riyakar, qeyri-səmimi həmsədr dövlətlərə arxayın olmasa, o danışıqlarda təbii ki, məcburən konsruktiv mövqedə olacaq və Azərbaycan torpaqlarından çıxıb gedəcək. Amma buna baxmayaraq bəziləri Ermənistana maliyyə, silah, siyasi yardım göstərilir və s. Yəni bu cırtdan, işğalçı, terrorçu dövlətin yaşamasının əsas səbəbkarları bu böyük ( xüsusən də 3 həmsədr) dövlətlərdir. Ona görə də nə qədər ki, bu həmsədrlik mandatı ABŞ, Rusiya və Fransaya tapşırılıb onlar heç zaman imkan verməyəcək ki, Dağlıq Qarabağ məsələsi ədalətli həllini tapsın".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə diqqətə çatdırıb ki, beynəlxalq qurumlar Azərbaycana qarşı təzyiq edir və ölkəmizi razı salmağa çalışırlar ki, Dağlıq Qarabağın müstəqilliyini tanısın: "Yəni onlar olmayan biri şeyi Azərbaycana diqtə etməyə çalışırlar". QAT sədrinin sözlərinə görə, ümumiyyətlə Dağlıq Qarabağ qurum deyil və onun müstəqilliyi yoxdur: "Dağlıq Qarabağ qondarma Ermənistanın yaratdığı işğalçı bir rejimdir. Məsələnin mahiyyəti bundan ibarətdir. Amma görün, beynəlxalq qurumlar, təşkilatlar nə qədər ədalətsiz dünyadadırlarsa, DQ-nın müstəqilliyini tanıyırlar. Onsuzda onlar bilir ki, bu, Rusiyanın köməkliyi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma bir qurumdur. Amma artıq məsələ o həddə çatıb ki, Azərbaycan Prezidenti də buna öz reaksiyasını verib. Digər tərəfdən hesab edirəm ki, Prezidentin mövqeyi tamamilə düzgün bir mövqedir. Azərbaycan axıradək bu mövqeyində qalacaq. Bu diplomatik və hərb yolu ilə də ola bilər. Hesab edirik ki, bu daha çox hərbi yolla mövcuddur".

Əli