“Xorvatiya-Azərbaycan münasibətləri Avrasiyada sabitliyə xidmət edəcək” Siyasət

“Xorvatiya-Azərbaycan münasibətləri Avrasiyada sabitliyə xidmət edəcək”

Kolinda Qrabar-Kitaroviç: "Xorvatiya Aİ və NATO-da Azərbaycanın tərəfdaşı olaraq qalacaq"


"Azərbaycan prezidentinə, xanımına qonaqpərvərliyə görə təşəkkür edirəm. Mənim həyat yoldaşım və mən özümüzü evdə hiss edirik".
Bunu Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda söyləyib.
Xorvatiya prezidenti Azərbaycanla Xorvatiya arasında biznes əlaqələrinin yaradılması imkanlarına görə prezident İlham Əliyevə təşəkkür edib: "Burada söhbət təkcə enerji və nəqliyyat sahəsindən getmir. İqtisadiyyatın digər sahələrində də böyük imkanlar var və Xorvatiya şirkətləri bundan bəhrələnməlidir. Mən bir neçə dəfə qeyd etmişəm, dünən ADA Universitetində çıxışımda da qeyd etdim ki, təəssüflər olsun ki, işgüzar dairələrimiz gözəl siyasi əlaqələrimiz səviyyəsində fəaliyyət göstərə bilmir. Bunu eyni qaydada Azərbaycana da şamil etmək olar. Azərbaycanla Xorvatiya arasında çox gözəl siyasi əməkdaşlıq var, heç bir açıq məsələmiz yoxdur. Sizi əmin edirəm ki, Avropa İttifaqı və NATO-da da Xorvatiya Azərbaycanın dostu və tərəfdaşı olaraq qalacaq. Ümid edirəm ki, tezlikləAvropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sazişin müzakirəsi başa çatacaq və bizim Zaqrebdə imzaladığımız Strateji tərəfdaşlıq sənədi də buna bir təkan verəcək".
Kolinda Qrabar-Kitaroviç bildirib ki, onun tərəfindən "3 dəniz" təşəbbüsü irəli sürülüb: "Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi layihəsindən söhbət gedir. Təəssüf ki, bizim iqtisadi əməkdaşlığımızın neft qiymətindən və ya Azərbaycanın sifariş etdiyi bərə gəmilərinin sayından asılı olduğunu görürük. İqtisadi əməkdaşlığımız üçün daha güclü zəmin yaratmalıyıq. Mən şadam ki, bu gün bu forumda böyük sayda iş adamları iştirak edir. Azərbaycana rəsmi səfərimdə məni 50-dən artıq şirkət nümayəndəsi müşayiət edir. Xorvatiyada son 6 ildə müşayiət edilən tənəzzüldən sonra iqtisadiyyatımız inkişaf mərhələsinə qədəm qoyub, ümumdaxili məhsulun həcmi artır. Bu şirkətlər Xorvatiya iqtisadiyyatına həm Avropa, həm də qlobal bazarlarda öz töhfələrini veriblər. Bu gün bu şirkətlər Xorvatiyanın aparıcı şirkətləridir. Mənim məqsədim kiçik və orta şirkətlərin iqtisadiyyatın artım generatoru, aparıcı qüvvəsi olmasına nail olmaqdır. Bu şirkətlər də Azərbaycanla əlaqələrimizə mahiyyət verə bilsinlər".
Kolinda Qrabar-Kitaroviç deyib ki, Xorvatiyanın yeni hökuməti iş yerlərinin artırılması və ölkədə sərmayə qoyuluşu üçün daha yaxşı mühit yaradılması istiqamətində olduqca iddialıdır.
Xorvatiya prezidenti bildirib ki, iki ölkə arasındakı müştərək iqtisadi komissiyanın fəaliyyətinə də təkan verilməlidir: "Komissiyanın ilk iclasının keçirilməsi üçün lazımi işlər görülməlidir. Komissiya ölkələrimiz arasında biznes əlaqələrini genişləndirəcək. İnanıram ki, Xorvatiyanın Azərbaycandakı ticarət nümayəndəliyi də uğurlu səfirlik statusu əldə edəcək. Biz Xorvatiyanın Azərbaycandakı səfirliyinin daha fəal olmasına çalışacağıq. Siyasi məsələləri bu səhər də müzakirə etdik. Düşünürəm ki, bizim münasibətlər daha geniş regionda, Avrasiya məkanında sülh və sabitliyin bərqərar olmasına xidmət edəcək".
Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiya enerji sektorunda əməkdaşlığa sadiqdir: "Enerji təhlükəsizliyi tək bizim üçün deyil, bütün qonşularımız üçün olduqca vacibdir. Cənub-Şərqi Avropada irəli sürdüyüm "3 dəniz" təşəbbüsü də olduqca vacibdir. Cənub-Şərqi Avropada qaz qovşaqlarının yaradılması da ümumi sabitliyə öz töhfəsini verəcək, insanların yaşayış səviyyəsini artıracaq. Ümid edirəm ki, İon-Adriatik qaz kəmərinin inşası, Xorvatiyada maye qaz terminalının inşası perspektivli layihələrdir. Bunlar Azərbaycan şirkətlərinin Xorvatiya ilə əməkdaşlıq etməsi üçün gözəl imkanlardır. Mən bu səhər SOCAR prezidenti ilə faydalı görüş keçirdim. İnsanlar arasında əlaqələr baxımından da maraqlı layihələr var".
Xorvatiya prezidenti gəmiqayırma sahəsində əməkdaşlıq perspektivinə də toxunub: "Burada böyük bərə gəmilərdən söhbət getmir. Kiçik həcmli, mobil kater və gəmilərdən söhbət gedir. Bu gəmilər regional təhlükəsizlik baxımından da olduqca əhəmiyyətli ola bilər. Mühəndislik, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı, qida məhsullarının emalı sahəsində böyük təcrübəmiz var. Çox məmnunam ki, bu gün iş adamlarımız bu forumda birbaşa əlaqələr quracaqlar. Xorvatiya Ticarət Palatasına təşəkkür edirəm ki, məni və işgüzar dairələrimizi dəstəkləməkdə davam edir. AZPROMO-ya bu forumu təşkil etdiyi üçün təşəkkür edirəm. İnanıram ki, qarşılıqlı mübadilələr sayəsində işgüzar fəaliyyətin daha çox genişləndirilməsinin, eyni zamanda müxtəlif innovasiyaların və texnologiyaların mübadiləsinin şahidi olacağıq. Bizim müxtəlif sahələrdə təklif edəcəyimiz təcrübəmiz var. Minalardan təmizlənmə sahəsində böyük təcrübəmiz var. Biz bu sahədə aparıcı texnologiyaya malik ölkəyik. Təəssüf ki, Azərbaycanın bu sahədə müəyyən problemləri var. Biz bu sahədə də Azərbaycana yardım etməyə hazırıq. Əczaçılıq da sahəsində də geniş əməkdaşlıq imkanları var".